Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Xalqına həsr olunmuş ömür” mövzusunda elmi-praktik konfrans öz işinə başladı
“Xalqına həsr olunmuş ömür” mövzusunda elmi-praktik konfrans öz işinə başladı
Görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anım günü böyük izdihamla qeyd olunur. Dekabrın 10-da Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Xalqına həsr olunmuş ömür” mövzusunda elmi-praktik konfrans keçirildi.
Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin universitetin foyesində ucaldılan büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan, fəaliyyətindən və Vətənimiz qarşısında tarixi xidmətlərindən bəhs etdi. Bildirdi ki, müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 15 il keçir. Lakin qədirbilən xalqımız bu dahinin nurlu xatirəsini bir an belə unutmur, onun ideyalarına böyük sədaqət nümayiş etdirir. Elə Sumqayıt Dövlət Universitetində də Ulu Öndər Heydər Əliyevin ruhuna hörmət və ehtiram əlaməti olaraq silsilə tədbirlər keçirilir. İnşa yazı müsabiqəsi, dəyirmi masalar, elmi-praktik konfrans və həyata keçirilən digər anım tədbirləri kollektivimizin Ulu öndər Heydər Əliyevə bəslədiyi sonsuz məhəbbətin təcəssümüdür. Rektor onu da qeyd etdi ki, Vətənini və xalqını düşünən Heydər Əliyev Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirmiş, bu yolda heyrətamiz fədəkarlıqlar göstərmiş, xalqı bir çox müdhiş bəlalardan hifz edə bilmişdir. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu. Bizim hər birimiz fəxr etməli və qürur duymalıyıq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyevlə yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ləyaqətlə davam etdirir, öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə olurlar. Rektor onu da vurğuladı ki, bu gün Ulu Öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr Prezident cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Heydər Əliyev cismən aramızda olmasa da, onun ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır.
Konfransda Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov “Azərbaycan iqtisadiyyatının sürətli inkişafı Ulu öndər Heydər Əliyevin uğurlu siyasətidir”, Filologiya fakültəsinin II kurs tələbəsi Nəzrin Adıgözəlzadə “Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir” mövzularında məruzələrlə çıxış etdilər. Natiqlər Ümummilli Lider Heydər Əliyevin cəmiyyətin həyatına nüfuz edən müdrik, proqmatik siyasətindən, ümumdünya diplomatiyası qarşısındakı misilsiz xidmətlərindən danışdılar. Bildirdilər ki, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev müdrik siyasi və dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb. Müstəqil Azərbaycan dövləti bu zəngin irsdən faydalanaraq sürətlə inkişaf edir, dünya dövlətləri cərgəsində öz mövqelərini qətiyyətlə möhkəmləndirir.
Konfransın sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” adlı sənədli film nümayiş olundu.
 
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az