Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Respublika Günü qeyd olundu
Respublika Günü qeyd olundu

Mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri universitetin rektoru, professor Elxan Hüseynov açdı və Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışdı. Qeyd etdi ki, AXC qısa müddət ərzində fəaliyyət göstərsə də, xalqın  şüurunda yaratdığı milli istiqlal ideyalarıilə əbədiyaşar oldu. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin  əməyi danılmazdır.Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. 
Rektor çıxışında Respublikamızın 18 oktyabr 1991-ci il tarixindən dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin apardığı müdrik və qətiyyətli siyasəti nəticəsində Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən danışaraq, bu siyasətin sonralar möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini qeyd etdi. Bildirdi ki, 1991-ci ildə  ölkəmiz ikinci dəfə müstəqilliyə nail  oldu, lakin  o vaxtki rəhbərliyin həmin tarixi şansdan istifadə edə bilməməsi nəticəsində Azərbaycan böhranlı vəziyyətə  düşdü. Həmin illərdə yaşanan daxili çəkişmələr, ermənilərin torpaqlarımızı  işğal etməsi və  vətəndaş müharibəsinin başlamasına səbəb oldu. 
Rektor Elxan Hüseynov vurğuladı ki, Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, “Demokratik təsisatlar məhz Ulu Öndərin təşəbbüsü ilə yaradıldı və möhkəmləndi, həmin illərdə siyasi sistem formalaşdı, konstitusiya qəbul edildi, dünyaya inteqrasiya dövrü başladı, bizə qarşı aparılan informasiya müharibəsi aradan qaldırıldı, iqtisadi islahatlar aparıldı, milli ideologiya yaradıldı, dövlətçiliyin əsasları qoyuldu, neft kontraktları imzalandı. Biz bu gün o illərdə müəyyən edilmiş strategiya çərçivəsində fəaliyyətimizi aparırıq, Azərbaycanı inkişaf etdiririk”. Əldə olunan nailiyyətlərdən danışan rektor   uğurların   təməlinin  1993-cü ildə qoyulduğunu diqqətə çatdırdı. Regionların inkiaşfı ilə bağlı proqramların uğurla icra edildiyini, beynəlxalq aləmdə ölkəmizin  nüfuzunun artdığını, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi  üzv seçildiyini, güclü enerji potensialının yaradıldığını, maliyyə vəziyyətimizin bütün ölkələr üçün örnək ola biləcəyini, güclü ordunun formalaşdığını  diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan xalqı sözün əsl mənasında müstəqil olması ilə  fəxr edir. Xalqımız  Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının xatirəsini həmişə böyük ehtiramla anır.
Azərbaycan tarix kaferasının müdiri, dosent Əmirxan İsayev Azərbaycanın dövlətçilik tarixinə qısa ekskursiya edərək Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın milli dövlətçilik ideologiyasının formalaşdırdığini bildirdi. Təəssüflər olsun ki, o zaman müstəqilliyimiz çox qısamüddətli oldu. İyirmi üç aydan sonra Azərbaycan Demokratik Respublikası süqut etdi. Ancaq bu müddət ərzində böyük işlər görüldü.Əgər 20-ci ildə müstəqillik əlimizdən alınmasaydı, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olacaqdı. 
Avropa və Amerika ölkələri tarixi kafedrasının müdiri, professor Şirxan Səlimovun “Azərbaycan Xalq Cumhuriyyətinin beynəlxalq münasibətlər sisitemində yeri”, Qədim və orta əsrlər tarixi kafedrasının baş müəllimi Nofəl  Abdullayevin “ Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasəti” və baş müəlim Samir Kərimovun  “Azərbaycan Xalq Cumhuriyyətinin dövlət atributları  və parlamenti” mövzularında çıxışları dinlənildi.
Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyəti haqqında sənədli film nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az