Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Makromolekullar kimyası, üzvi sintez və kompozit materiallar” mövzusunda respublika elmi konfransı keçirildi
“Makromolekullar kimyası, üzvi sintez və kompozit materiallar” mövzusunda respublika elmi konfransı keçirildi

Elxan Hüseynov: Yüksəkixtisaslı kadrların hazırlanmasında, elmi potensialın formalaşmasında AMEA-nın müstəsna rolu var.
Oktyabrın 20-də Polimer Materialları İnstitutunun yaradılmasının 50 illik yubileyinə həsr olunmuş “Makromolekullar kimyası, üzvi sintez və kompozit materiallar” mövzusunda respublika elmi konfransı keçirildi. Tədbirə ev sahibliyi edən SDU-nun rektoru, professor Elxan Hüseynov qonaqları salamlayaraq onları universitetimizdə görməkdən  məmnun olduğunu bildirdi və dəyirmi masa ətrafında  elmin, təhsilin inkişafına  dair  birgə fikir mübadiləsi aparıldı. Rektor professor Elxan Hüseynov  bildirdi ki, ali təhsil müəssisəsinin qarşısında duran hədəflərdən biri məhz savadlı və təcrübəli mütəxəssislər hazırlamaq və SDU və PMİ arasındakı sıx əməkdaşlıq və işgüzar əlaqələrinin möhkəmlənməsini təmin etməkdir. Polimer Materialları İnstitutunun direktor vəzifəsini icra edən AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov mütəxəssislərin hazırlanması və inkişaf etdirilməsi cəmiyyətin, o cümlədən bizim  qarşımızda duran əsas vəzifələrdən biri olduğunu qeyd etdi və göstərilən səmimi münasibətə, qonaqpərvərliyə görə  SDU-nun rektoruna təşəkkürünü bildirdi.
Böyük Akt zalında davam edən tədbirdə akademiklər, ölkəmizin görkəmli alimləri, universitetin professor-müəllim və tələbə heyəti iştirak etdilər. Öncə tədbir iştirakçıları foyedə Polimer Materialları İnstitutunun elmi nailiyyətlərini özündə əks etdirən sərgi ilə tanış oldular. Polimer Materialları İnstitutunun inkişafında əvəzsiz xidmətləri olan dünyasını dəyişmiş alimlərin ruhu bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə açan Kataliz və Qeyri –üzvi Kimya İnstitutunun direktoru, Kimya Elmləri Bölməsinin akademik - katibi Dilqəm Tağıyev  AMEA-nın Polimer Materialları İnstitutunun yaradılmasında və inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu qeyd etdi, hər zaman instituta xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdırdı. Bildirdi ki, institut 1966-cı ildə Sumqayıtda Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun filialı kimi yaradılıb və 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Xlor Üzvi-Sintez İnstitutuna çevrilib. 1991-ci ildən indiyədək AMEA Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir. Onu da qeyd etdi ki, respublikanın ali elmi qurumu olan Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutu 50 il ərzində uğurlu yol keçmiş, bu gün də alimlərimizin elmi araşdırmaları ölkəmizin inkişafına böyük töhfələr verir.
Polimer Materialları İnstitutunun direktor vəzifəsini icra edən AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov çıxış edərək, 50 il əvvəl azsaylı sadiq əməkdaşlarla qurulan institutun ötən müddət ərzində keçdiyi yola nəzər saldı, çətinliklərdən, uğurlardan və qarşıda duran vəzifələrdən danışdı.
Konfransda çıxış edən SDU-nun rektoru professor Elxan Hüseynov rəhbərlik etdiyi ali məktəbin heyəti adından institutun kollektivini, ölkənin elm adamlarını bu əlamətdar gün münasibəti ilə ürəkdən təbrik etdi, yüksəkixtisaslı kadrların hazırlanmasında və Azərbaycanda elmi cəmiyyətin inkişafında Akademiyanın müstəsna rolundan danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra onun ictimaiyyətlə ilk görüşü məhz alimlərlə, Milli Elmlər Akademiyasının binasında olmuşdu. O vaxtdan bu günə qədər Azərbaycan elminin inkişafına çox böyük diqqət göstərilir. Bu gün ölkə başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayır, ulu öndər Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi islahatların davamlılığını təmin edir.
Rektor Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamət və hədəflərindən, AMEA-nın Polimer Materialları İnstitutu (PMİ) ilə SDU arasında təhsil-elm-istehsalat çərçivəsində elmi-təcrübi əməkdaşlıq müqaviləsindən, PMİ-də universitetin baza kafedrasının yaradılmasından və bu əməkadaşlığın davamı olaraq SDU ilə PMİ-nin birgə Elm və Tədris Mərkəzinin açılışından bəhs edərək bildirdi ki, məqsəd SDU və PMİ arasındakı bu əlaqələrin daha da inkişafını təmin etmək, tələbələrimizin yüksək ixtisaslı peşəkar kadr kimi yetişməsinə şərait yaratmaqdır. Rektor Mərkəzin yaradılmasında  Azərbaycan Respublikası Təhsil Naziri cənab Mikayıl Cabbarova, AMEA-nın prezidenti akademik Akif Əlizadəyə dərin təşəkkürünü bildirdi. Sonra rektor rəhbərlik etdiyi elm ocağının təbrik ünvanını təqdim etdi.
Tədbirdə çıxış edən Neft- Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Elm və Təhsil İdarəsinin rəisi, texnika elmləri doktoru Əminağa Sadıqov AMEA-nın Polimer Materialları İnstitutunun çoxsahəli fəaliyyətlərindən, əldə etdikləri elmi nailiyyətlərindən söz açdılar. Təşkilati dəstəyə görə SDU-nun rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Yubiley münasibətilə institutun bir qrup əməkdaşına AMEA-nın  Fəxri Fərmanı təqdim olundu. 
Sonra PMİ-nin 50 illik yubileyinə həsr olunmuş film nümayiş olundu.
Qeyd edək ki, Polimer Materialları İnstitutunun 50 illik yubileyinə həsr olunan elmi konfrans dörd bölmə üzrə davam edir. Oktyabrın 21-dək davam edəcək elmi konfransa 130-dan çox məruzə təqdim olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az