Əsas səhifə | Xəbərlər | SDU-nun tələbələri Quba Soyqırımı Memorial Kompleksində oldular
SDU-nun tələbələri Quba Soyqırımı Memorial Kompleksində oldular

Ümummilli liderimiz  Heydər Əliyevin  1998-ci il martın 26-da “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı  verdiyi xüsusi  Fərmanına uyğun olaraq  hər il mart ayından başlayaraq ölkəmizin hər yerində, eyni zamanda xarici ölkələrdə də soyqırımı qurbanlarının xatirəsi dərin kədər hissi ilə anılır, silsilə tədbirlər keçirilir. Bu baxımdan da  SDU-da təhsil alan hər bir tələbə üçün milli mənəvi dəyərlərimizi, tarixi abidələrimizi, soykökümüzü anmaq məqsədilə aprelin 4-də  univeritetimizin bir qrup tələbəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin Təşkilatçılığı ilə Quba şəhərinin şimalında yerləşən Quba kütləvi məzarlığını ziyarət edib, məzarları önünə tər qərənfillər düzdü.
Burada  tələbələrimizə Quba Soyqırmı haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bu soyqırımı Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında törədilmişdir. 2007-ci ildə  qazıntı işləri aparılarkən kütləvi məzarlıq aşkarlanmışdır. Ondan sonra buraya alimlər, tədqiqatçılar, ekspertlər ezam edilmiş və böyük tədqiqat işləri başlanmışdır. Tədqiqat işlərinin aparılması nəticəsində aşkar edilmişdir ki, burada minlərlə soydaşımız erməni quldur dəstələri tərəfindən amansızlıqla, qəddarlıqla öldürülmüşdür. 2009-cu ilin sonunda ölkə başçısı cənab İlham Əliyev tərəfindən Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına dair  Sərəncam imzalandı və Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks yaradıldı. Kompleksdə tələbələr  XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti, quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolarla tanış oldular.
Ümid edirik ki, tələbələrimizin belə yerlərə ziyarəti onların milli - mənəvi ruhda tərbiyəsində böyük rol oynayacaq, xalqımızın başına gətirilən bu müsibətləri unutmayacaq.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az