Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Etnik deportasiyalar: tarixi və müasir dövrü” mövzusunda videokonfrans formatında Beynəlxalq Elmi Konfransın bağlanış mərasimi keçirildi
SDU-da “Etnik deportasiyalar: tarixi və müasir dövrü” mövzusunda videokonfrans formatında Beynəlxalq Elmi Konfransın bağlanış mərasimi keçirildi
Dekabrın 17-də Sumqayıt Dövlət Universitetində “Etnik deportasiyalar: tarixi və müasir dövrü” mövzusunda Beynəlxalq Elmi Konfrans onlayn formatında keçirildi. Universitetin rektoru Elxan Hüseynovun moderatorluğu ilə keçirilən elmi konfransda AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı və Türkiyənin, Ukraynanın, Almaniyanın, Rusiyanın, Polşanın və respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tarixçi alimləri iştirak etdilər.
Konfransın bağlanış mərasimində Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov tədbir iştirakçılarına rektor professor Elxan Hüseynovun salamını çatdırdı və konfransın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, birinci bölməsinin “Dünya xalqlarının etnik deportasiyaları tarixindən” adlı mövzusu, deportasiyaların tarixi keçmişi, bu günü bütün aspektləri ilə tədqiqatçılar üçün hər zaman aktualdır. Konfransa daxil olan müxtəlif məzmunlu və maraqlı elmi məqalələr də bunun sübutudur.
Konfransın məsul katibi Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov bildirdi ki, konfransa Türkiyə, Rusiya, Ukrayna, Almaniya, İsrail, Polşa kimi ölkələrdən etnik deportasiyaların geostrateji, geopolitik, siyasi, hüquqi, iqtisadi aspektlərinə, bunun xalqlara maddi-mənəvi təsirlərinə dair, həmçinin müxtəlif xalqların deportasiya tarixinin keçmişini özündə əks etdirən elmi məqalələr daxil olmuşdur.
Konfransda “Dünya xalqlarının etnik deportasiyaları tarixindən” bölməsinin işində Axhısqa türklərinin, Kırım türklərinin, çeçenlərin, inquşların, qaraçayların, çərkəzlərin, kabardinlərin, balkarların, keçmiş SSRİ-nin müxtəlif regionlarında yaşayan almanların, hinduların, Amerikada yaponların, yəhudilərin, polyakların, Bolqarıstan türklərinin, meksikalıların, ukraynalıların tarixi deportasiyalarının səbəbləri və acı nəticələri barədə çox maraqlı məruzələr dinlənildi. Professor qeyd etdi ki, deportasiyaların xalqların tarixi taleyinə acı təsirlərini məruzə edən çıxışçıların, xüsusilə Türkiyə Cumhuriyyəti Qaziantep Universitetinin müəllimi Fadime Tosik Dinçin “Stalin dövründən bu günə sovet coğrafyasının ən sahibsiz sürgünləri: axhısqalı türklər”, həmçinin Sumqayıt Dövlət Universitetinin Fəlsəfə, sosiologiya və politologiya kafedrasının əməkdaşı Nərgiz Nəsirovanın “XX əsrin 40-cı illərində Cənubi Qafqazda yaşayan etnik türklərin deportasiyası” mövzularında çıxışları böyük marağa səbəb oldu.
Professor Şirxan Səlimov onu da vurğuladı ki, “Azərbaycan xalqına qarşı deportasiyalar: tarixi və müasir dövrü” adlanan ikinci bölmədə tarixən Azərbaycan xalqına qarşı törədilmiş deportasiyalardan bəhs edildi. Bölmə iclası iki gün (17–18 dekabr) davam etdi. İclasda 16 təhsil müəssisəsindən 34 nəfər (o cümlədən Azərbaycan tarix elmində kifayət qədər tanınan 7 nəfər tarix elmləri doktoru, professor) iştirak etdi. Tarixi baxımdan son dərəcə aktual olan mövzuların təqdimatı zamanı əsasən XVIII əsrdən başlayaraq Azərbaycan xalqına qarşı deportasiya siyasətinin həyata keçirilməsi, XIX əsrin birinci yarısından Çar Rusiyası tərəfindən ermənilərin Azərbaycanın tarixi torpaqlarına köçürülməsi ilə paralel olaraq, Azərbaycan xalqının öz tarixi torpaqlarından deportasiyasının kütləvi xarakter alması, sovet rejimində, xüsusilə də 1948-1953-ci illərdə ermənilərin hiyləsi ilə Mərkəzi Hökumət və 1988-ci ildə isə Mərkəzi Hökumətə arxalanan ermənilər tərəfindən daha qəddarlıqla həyata keçirilməsi, bu deportasiyaların nəticəsi olaraq Ermənistanda bir nəfər də olsa, Azərbaycan türkünün qalmaması və 44 gün davam edən Vətən müharibəsində qələbəmizdən bəhs edildi.
“Deportasiyalar multikulturalizmə təhdid kimi” adlı üçüncü bölmə iclasında 13 məruzə nəzərdə tutulmuşdu. İclas zamanı Ermənistanın vandalizm siyasəti və Azərbaycanda multikulturalizmin təntənəsi, Azərbaycana tətbiq edilən köçürmə siyasətlərinin multikultural mühitə təsiri, azərbaycanlıların deportasiyası tarixi və onlara qarşı edilən multikultural təhdidlər, ermənilərin azərbaycanlılara qarşı amansız siyasəti, deportasiyaların və dini radikalizmin multikulturalizmə təhdidi, SSRİ-də kütləvi siyasi repressiyalar şəraitində Şimali Qafqazda partiya nomenklaturasının sosial statusu kimi məsələlər məruzələrdə öz əksini tapdı. Məruzələr müzakirə şəklində davam etdirildi.
Beynəlxalq elmi konfransın “Deportasiya və məskunlaşma: iqtisadi, sosial və coğrafi mühit amilləri” adlanan IV bölməsində 9 mövzu dinlənildi. Məruzəçilər çıxışlarında Azərbaycan türklərinin tarixi-etnik torpaqlarından didərgin salınmasının onlara ağır sosial-iqtisadi təsir göstərməsi, məskunlaşdıqları ərazilərin coğrafi mühitinə uyğunlaşa bilmədiklərindən müxtəlif xəstəliklər tapması, kütləvi ölümlə nəticələnən halların müşahidə edilməsi və ekocoğrafi problemlərin meydana çıxmasından bəhs etdilər. Bölmənin iclası yüksək səviyyədə yekunlaşdı. Konfransın bölmə iclasında maraqlı məruzələrin, yeni tarixi faktların dinlənilməsi ilə yanaşı, ciddi elmi diskussiyalar aparıldı. İştirakçılar belə bir mövzuda konfransın təşkili üçün Sumqayıt Dövlət Universitetinin rektoruna, təşkilat komitəsinə dərin təşəkkürlərini bildirdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az