Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan

 Polimer Materialları İnstitutu

Əsası 1966-cı ildə qoyulan Polimer materialları institutu 1966-1978-ci illər ərzində Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun filialı kimi fəaliyyət göstərmiş və 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Xlor Üzvi Sintez İnstitutuna çevrilmişdir. 1991-ci ildən 2022-ci ilə qədər AMEA-nın nəzdində, 2022-ci ildən etibarən isə Elm və Təhsil Nazirliyinin nəzdində Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir.
İnstituta 1966-1973-cü illərdə k.e.d., professor S.İ.Sadıqzadə, 1973-1986-cı illərdə AMEA-nın müxbir üzvü, k.e.d., professor M.M.Hüseynov, 1987-2007-ci illərdə AMEA-nın həqiqi üzvü, k.e.d., professor Ayaz Əfəndiyev, 2007-2014-cü illərdə AMEA-nın müxbir üzvü, k.e.d., professor Abasqulu Quliyev, 2014-2016-cı illərdə AMEA-nın akademiki Akif Əzizov rəhbərlik etmişdir. 2016-cı ildən etibarən isə institutun direktoru AMEA-nın müxbir üzvü, k.e.d., professor Bəxtiyar Məmmədovdur.
Bu gün İnstitutda Elmi Şura, elmi tədqiqat laboratoriyaları, “İnformasiya telekommunikasiya və nəşriyyat işləri”, “Patent tədqiqatları və innovasiya”, “Beynəlxalq / ictimaiyyətlə əlaqələr və qrant layihələri”, “Texniki-iqtisadi hesablamalar və layihələşdirmə”, “Polimer materiallarının fiziki-mexaniki tədqiqatları” şöbələri və elmi texniki yardımçı bölmələr fəaliyyət göstərir. İnstitutda 259 əməkdaş, o cümlədən AMEA-nın 3 müxbir üzvü, 10 elmlər doktoru və 37 fəlsəfə doktoru çalışır.

2 noyabr 2023-cü il tarixində Sumqayıt Dövlət Universiteti ilə Polimer Materialları İnstitutu arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsi üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Tədbirdə PMİ-nin direktoru, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru professor Bəxtiyar Məmmədov və SDU-nun rektoru Rüfət Əzizov başda olmaqla hər iki müəssisənin nümayəndə heyəti, Elm və Təhsil Nazirliyi yanında Elm və ali təhsil üzrə dövlət agentliyinin şöbə müdiri Samir Həmidov  iştirak edirdilər.
Universitetin rektoru Rüfət Əzizov qonaqları qəbul edərək onları  universitetdə görməkdən məmnunluğunu bildirdi və rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, buradakı təhsil, tədris prosesi, kadr hazırlığı istiqamətləri və mövcud ixtisaslar barədə məlumat verərək, tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi və universitet idarəçiliyində innovativ metodların tətbiq edilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verdi. İmzalanan memorandumun təhsil sisteminin prioritet məsələlərindən olan elm və ali təhsilin inteqrasiyası prosesinə təkan verəcəyini xüsusi ilə vurğuladı.
Polimer Materialları İnstitutunun direktoru, professor Bəxtiyar Məmmədov çıxış edərək səmimi qəbula görə SDU-nun rektoru Rüfət Əzizova təşəkkürünü bildirdi, universitetin təhsil modelini yüksək qiymətləndirərək müasir texnologiyaların tətbiqini tədrisin keyfiyyətinin yüksəldilməsində önəmli amil olduğunu bildirdi.
Rəhbərlik etdiyi institutun ali məktəblərlə, o cümlədən SDU ilə əməkdaşlığının möhkəmləndirilməsinin əhəmiyyətindən danışdı, institutda tələbələrin universitetdə əldə etdikləri biliklərini elmi tədqiqatlarla əlaqələndirmələri üçün hər cür şəraitin olduğunu bildirdi. Universitet əməkdaşlarının da öz növbələrində PMİ ilə birgə elmi-tədqiqat işləri və informasiya mübadiləsinin aparılması, tələbələrin elmi işə cəlb olunmaları və onlarda praktiki vərdişlərin formalaşdırılması istiqamətində gələcək perspektivlərdən söz açdı.
Qeyd etdi ki, SDU-nun PMİ-də “Polimer materiallarının texnologiyası” tədris mərkəzi yaradılmışdır. Tədris mərkəzi respublikanın, xarici kimya müəssisələrinin və şirkətlərinin tələblərini tam təmin edən mütəxəssislərin hazırlanması, ali təhsilli mütəxəssis hazırlanmasının əsas şərtləri olan elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, magistr və doktorluq dissertasiyalarının yerinə yetirilməsi məqsədlərini daşıyır. Bu istiqamətdə imzalanan memorandum iki müəssisə arasında aparılacaq elmi-tədqiqat işlərinin yeni perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyətə malikdir.
Elm və ali təhsil üzrə dövlət agentliyinin şöbə müdiri Samir Həmidov çıxış edərək universitetlə müəssisə arasında əlaqələri daha da inkişaf etdirmək üçün bu görüşün əhəmiyyətini və geniş spektrda əməkdaşlığın mümkünlüyünü bildirdi.
Məlumat üçün bildirək ki, Müqavilə tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, qarşılıqlı anlaşma, yüksəkixtisaslı kadrların hazırlanması, elmi araşdırma və təhsil sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.
Sonda memorandumun detalları, gələcək planlar barədə fikir mübadiləsi aparıldı.
(amea-pmi.az)
 
 

  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az