Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” mövzusunda konfrans keçirildi
SDU-da “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” mövzusunda konfrans keçirildi
Dekabrın 9-da Sumqayıt Dövlət Universitetində “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” mövzusunda IV Respublika elmi konfransı onlayn formatda keçirildi.
Konfransda SDU-nun professor-müəllim heyəti ilə yanaşı, respublikamızda fəaliyyət göstərən bir sıra ali məktəb və elmi tədqiqat institutlarının alimləri iştirak etdilər.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq konfrans iştirakçılarını salamladı, onları görməkdən məmnunluğunu bildirdi, konfransın əhəmiyyətindən bəhs edərək bu ilki konfransda elmi məqalələrin sayının və nüfuzunun daha da artdığını söylədi. Bildirdi ki, bu, “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” mövzusuna həsr olunmuş sayca dördüncü konfransdır. İnformasiya sistemləri və texnologiyalar istər nəzəri baxımdan, istərsə də praktiki baxımdan çox sürətlə inkişaf etdiyindən ötən konfransdan sonrakı dövr ərzində bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıdakı vəzifələr barədə alimlərin fikir mübadiləsinə ehtiyac vardır. Rektor onu da diqqətə çatdırdı ki, dünyanın qabaqcıl ölkələrinin təcrübəsi sübut edir ki, elm, təhsil və iqtisadiyyatı əhatə edən sistemli siyasət hər bir ölkənin davamlı və dayanıqlı inkişafının başlıca təminatçısıdır. Bu siyasətin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyaları (İKT) son illər sürətlə inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilmişdir. Rektor onu da bildirdi ki, İKT-nin ayrılmaz tərkib hissəsi sayılan rabitənin, elektron avadanlıqlar və informasiya texnologiyaları sektorunun ölkəmizdə inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafının təməlini hələ ötən əsrin 70-ci illərində qoyan Heydər Əliyev öz uzaqgörənliyi ilə dəqiq bilirdi ki, yeni əsr, yeni era İKT əsri, İKT erası olacaq. 1970‒80-ci illərdə Elmlər Akademiyasında, universitetlərdə və sahə institutlarında elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alimlər və təcrübəli mütəxəssislərin yetişdirilməsi, elektron avadanlıq istehsal edən zavodların tikilməsi, Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, "Neftqazavtomat" və digər elmi-tədqiqat müəssisələrinin yaradılması və s. məhz Heydər Əliyev tərəfindən gələcəyə hesablanmış uğurlu addımlar idi.
Qloballaşan, daim irəliyə, yeniliyə doğru can atan dünyamızı bu gün ən müasir informasiya və kommunikasiya texnologiyaları: internet, yüksək texnologiyalar və qlobal rabitə imkanları olmadan təsəvvür belə etmək mümkün deyil. Yeni minillikdə bəşər sivilizasiyasını düşündürən ən aktual və təxirəsalınmaz məsələ telekommunikasiya və informasiya texnologiyaları sahəsində "inqilabi" dəyişikliklər yolu ilə əlçatmaz zirvələri fəth etmək, dövlətlər və xalqlararası zaman və məkan fərqlərini aradan qaldırmaqdır. Rektor onu da vurğuladı ki, 44 günlük Vətən müharibəsinin başa çatmasına baxmayaraq, Ermənistanla ölkəmiz arasında informasiya müharibəsi ən gərgin müstəvidə hələ də davam etməkdədir. Xatırladaq ki, 44 günlük müharibə nəinki döyüş meydanında, həm də informasiya məkanında aparıldı. Azərbaycanın apardığı düzgün və ağıllı informasiya siyasəti Qarabağda baş verən həqiqətlərin dünyaya çatdırılmasına imkan verdi. Düşmən tərəfindən maliyyələşdirilən, erməni lobbisinin əlində oyuncağa çevrilən jurnalistlərin ən qərəzli suallarına belə cavab verməkdən yayınmayan Prezident cənab İlham Əliyev nə dərəcədə hazırlıqlı olduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın haqlı olduğunu, işğala məruz qaldığını, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut edə bildi.
Konfransda AMEA-nın müxbir üzvü, professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Tanıma, identifikasiya və optimal qərarqəbuletmə üsulları laboratoriyasının rəhbəri Kamil Aydazadə “Feedback Control of power and motion of lumped sources”, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü, professor Ramiz Alıquliyev “Big Data və onun analizi problemləri”, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Texniki obyektlərin və proseslərin modelləşdirilməsi laboratoriyasının rəhbəri texnika elmləri doktoru Fəhrad Paşayev “Siqnal analizinin müasir vəziyyəti və akademik Telman Əliyevin Küy analizi nəzəriyyəsi və texnologiyaları”, Sumqayıt Dövlət Universitetinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri professor Aqil Hüseynov “İntellektual avtomatlaşdırılmış layihələndirmə sisteminin qurulmasının metodoloji əsaslarının işlənməsi” mövzularında məruzə etdilər. Bildirdilər ki, Azərbaycanın inkişaf tarixinə nəzər salsaq, gələcəyə istiqamətlənmiş, dayanıqlı inkişafı təmin edən, elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın hər bir sektorunun davamlı inkişafına yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən müdrik siyasətin təzahürlərini görərik. Bu istiqamətdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi cənab İlham Əliyev prezidentlik fəaliyyəti dövründə daxili və xarici siyasətə yeni ab-hava, yeni çalarlar gətirdi. Bu siyasi kurs nəinki ölkəmizdə və regionda, eləcə də dünyada cərəyan edən geosiyasi və iqtisadi proseslər, bu sahədəki müsbət beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirildi. Təsadüfi deyil ki, qloballaşan dünyada sosial-iqtisadi inkişafın lokomotivi sayılan informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqi bu siyasi kursda prioritet məsələ elan olundu. Azərbaycanın İKT sahəsində regionun aparıcı ölkəsinə çevrilməsi üçün məqsədyönlü dövlət siyasəti uğurla həyata keçirilir.
Konfransın sonrakı işi haqqında Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev məlumat verdi. Bildirdi ki, konfransa respublikanın 26 dövlət və özəl universitetindən, AMEA-nın institutlarından və digər müəssisələrindən 254 müəllifdən 158 sayda tezis daxil olmuşdur.
Qeyd edək ki, konfrans öz işini 3 bölmə üzrə iki gün davam etdirəcəkdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az