Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Magistrantların XXII Respublika elmi konfransı öz işinə başladı
SDU-da Magistrantların XXII Respublika elmi konfransı öz işinə başladı
Mayın 12-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş onlayn formatda Magistrantların XXII Respublika elmi konfransı keçirildi.
Konfransda respublikamızın qabaqcıl ali təhsil müəssisələrinin struktur rəhbərləri və professor-müəllim heyəti iştirak etdilər.
Konfransa sədrlik edən rektor professor Elxan Hüseynov tədbir iştirakçılarını salamladı, Magistrantların XXII Respublika elmi konfransının əlamətdar bir günə – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunduğunu bildirərək, onun Azərbaycan xalqı qarşısında xidmətlərindən, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz rolundan danışdı. Bildirdi ki, ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin təşəkkülü və inkişafı bilavasitə ümummillli lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Onun genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.
Sonra rektor  konfransın əhəmiyyətindən bəhs edərək bildirdi ki, artıq 22-ci ildir ki, Magistrantların Respublika elmi konfransı Sumqayıt Dövlət Universitetində keçirilir. Ali təhsil müəssisələrində elmi tədqiqatın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayan rektor tələbə və magistrantların təhsil aldıqları dövrdə elmi araşdırmalara fəal cəlb olunmalarının vacibliyi, elmi konfranslarda iştirakının əhəmiyyəti, universitetin təhsil və elm sahəsindəki nailiyyətləri barədə məlumat verdi. Qeyd etdi ki, konfransda iştirak edənlərin sayının artması konfransın nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir. Belə ki, 2021-ci ildə XXI Respublika elmi konfransında 19 elm və təhsil müəssisəsindən 1200 nəfərdən çox magistrant iştirak etmişdisə, bu il keçirilən konfransa respublikamızın 22 elm və təhsil müəssisəsindən 1300-ə yaxın məruzə materialları  daxil olmuşdur. Məruzə materiallarının ilkin ekspertizasından  sonra 1166 tezis  konfransın gündəliyinə daxil edilmiş və konfrans materialları toplu şəklində çap olunmuşdur.
Bu, ilk növbədə, magistrantların elmi konfranslara maraqlarının artmasının nəticəsidirsə, digər tərəfdən konfransı təşkil edən təşkilat komitəsinin apardığı ardıcıl və səmərəli işin göstəricisidir.
Konfransın təşkilində əməyi olan əməkdaşlara və magistrantların elmi rəhbərlərinə təşəkkür edən rektor məruzə ilə çıxış edəcək magistrantlara və konfransın işinə uğurlar arzuladı.
Daha sonra plenar iclasda çıxış üçün söz müxtəlif universitetləri təmsil edən magistrantlara verildi. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun magistrantı Fuad Əhmədov “Kiberinsidentlərin aşkarlanması üzrə sistem və vasitələrin analizi”, Sumqayıt Dövlət Universitetinin magistrantı Günay Ağayeva “Toponimikanın yaranma mənbələri”, Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı Nərmin Məmmədova “Qarabağ bölgəsinin fermentasiya olunmuş buğda dəni ilə zənginləşdirilmiş məhsulların texnologiyasının işlənməsi”, Bakı Slavyan Universitetinin  magistrantı Sevda İbrahimova “İnteqrasiya olunmuş təlimin tarixi aspekti”, Sumqayıt Dövlət Universitetinin magistrantı Ceyhun Hüseynzadə “Müəssisələrdə kadrların idarə edilməsi mexanizminin təkmilləşdirilməsi” mövzularında məruzə ilə çıxış etdilər, ənənəvi olaraq hər il SDU-da keçirilən konfransı müsbət dəyərləndirdilər və konfransın yüksək səviyyədə təşkilinə görə təşkilat komitəsinə minnətdarlıqlarını ifadə etdilər.
Sumqayıt Dövlət Universitetinin Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov çıxış edərək diqqətə çatdırdı ki, Magistrantların XXII Respublika elmi konfransı öz işini 18 bölmədə davam etdirəcək. Sabir Xəlilov konfransda ən mütəşəkkil iştirak edən universitetlərdən Sumqayıt Dövlət Universiteti (287), Azərbaycan Dövlət İqtisad Universiteti (258), Bakı Slavyan Universiteti (199), Azərbaycan Dövlət Aqrar Universiteti (159), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (117), Naxçıvan Dövlət Universiteti (32) və digər elm və təhsil müəssisələrinin adlarını açıqladı və bölmə iclaslarının işi barədə məlumat verdi.
Qeyd edək ki, konfrans işini bölmələr üzrə iki gün onlayn formatda davam etdirəcəkdir.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az