Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Beynəlxalq elmi konfrans keçirildi
SDU-da Beynəlxalq elmi konfrans keçirildi
Mayın 26-da Sumqayıt Dövlət Universiteti və Yıldız Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlığının strateji istiqamətləri” mövzusunda  onlayn formatda Beynəlxalq elmi konfrans keçirildi. 
Konfransda Milli Məclisin üzvləri: Əli Məsimli, Vüqar Bayramov, Siegen Universiteti (Almaniya) və SRH-NRW Tətbiqi Elmlər Universitetinin professoru Müslüm İbrahimov, respublikamızın elmi-tədqiqat institutlarından, ali məktəblərindən və dünyanın bir çox ölkələrindən: Türkiyə, Rusiya, Qazaxıstan və Çin Xalq Respublikasından bir qrup iqtisadçı-alimlər iştirak etdilər.
Konfransı SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq, iştirakçılara rektor professor Elxan Hüseynovun salamını çatdırdı və konfransın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, ticari- iqtisadi, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir, Azərbaycan və Türkiyə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz örnəkdir. Prorektor onu da bildirdi ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Müasir dövrün tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksəkixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin prioritet istiqamətləri kimi müəyyənləşdirilib.
Prorektor Beynəlxalq elmi konfransın ölkələr arasında elm və təhsil sahələrinə öz töhfəsini verəcəyini bildirərək konfransın işinə uğurlar arzuladı.
Türkiyənin Yıldız Texniki Universitetinin rektor köməkçisi professor  Uğur Doğan konfrans iştirakçılarını salamladı. SDU ilə əməkdaşlıqdan və birgə təşkil edilən beynəlxalq elmi konfransa görə məmnunluğunu ifadə etdi, təmsil etdiyi universitet, ixtisaslar və fakültələr barədə geniş məlumat verdi, beynəlxalq əlaqələrindən danışdı.  Bildirdi ki, SDU ilə YTU arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
Milli Məclisin üzvləri Əli Məsimli “Türk dövlətlərinin regional iqtisadi əməkdaşlığının əsas istiqamətləri”, Emin Hacıyev  “Azərbaycan və Türkiyə arasında strateji iqtisadi əməkdaşlığın müasir aspektləri”, YTU-nun İqtisadiyyat fakültəsinin professoru Cemal Zehir “Türkiye ve Azerbaycan arasındaki ekonomik işbirliginin stratejik yönelimleri”, Siegen Universiteti (Almaniya) və SRH-NRW Tətbiqi Elmlər Universitetinin professoru Müslüm İbrahimov “Azərbaycan və Türkiyənin birgə Aqroekosisteminin yaradılması imkanları və əsas istiqamətləri”, SDU-nun Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru, iqtisad elmləri doktoru Şəfa Əliyev “Azərbaycanla Türkiyə arasında universitet-sənaye əməkdaşlığının gücləndirilməsində texnoparkların strateji əhəmiyyəti” mövzularında məruzə etdilər, beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini  bildirdilər. Qeyd etdilər ki, belə konfransların keçirilməsinin olduqca faydası var. Çünki burada elm adamları, iqtisadçılar öz mülahizələrini ortaya qoyur, təcrübələrini bölüşür və bütün bunlar ortaq maraqlara xidmət etdiyindən effektiv nəticələr verir.
Konfransın sonrakı işi haqqında məsul katib SDU-nun Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov məlumat verdi. Qeyd etdi ki, konfransın Təşkilat komitəsinə 4 xarici ölkənin (Rusiya, Türkiyə, Qazaxıstan, Çin Xalq Respublikası) 9 universitetindən  və respublikamızın 25 elm və ali təhsil müəssisəsindən 128 məruzə və tezis daxil olmuşdur. Onlardan 120 məruzə və tezis Proqram komitəsi tərəfindən seçilərək antiplagiat proqramı ilə yoxlanılmış və konfransın gündəliyinə daxil edilmişdir.
Konfrans öz işini 8 bölmə üzrə iki gün ərzində davam etdirəcəkdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az