Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun 60 illiyi münasibətilə bir qrup əməkdaş mükafatlandırıldı
SDU-nun 60 illiyi münasibətilə bir qrup əməkdaş mükafatlandırıldı
Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi  münasibətilə universitetin çoxsaylı professor-müəllim heyəti  və əməkdaşları müxtəlif ali mükafatlara layiq görülmüşlər. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azad Həmkarlar İttifaqı Respublika Komitəsi daim Sumqayıt Dövlət Universitetinin kollektivinin əməyini yüksək qiymətləndirərək, müxtəlif mükafat və Fəxri fərman ilə mükafatlandırmışlar.
Dekabrın 5-də SDU-nun 60 illiyi münasibətilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 14 noyabr 2022-ci il tarixli 712 nömrəli sərəncamı və AHİK-nın 11 noyabr 2022-ci il 22 b.5 Qərarı ilə bir qrup əməkdaş təltif edildi.
Tədbirdə universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək qonaqları və iştirakçıları salamladı, son illərdə universitetdə aparılan islahatlardan, həyata keçirilən layihələrdən danışdı və təltif olunan əməkdaşlara işlərində uğurlar arzuladı.
Professor Elxan Hüseynov bildirdi ki, 60 illik təcrübəsi olan bu ali təhsil ocağı müasir qlobal çağırışlara uyğun yüksək peşəkarlığa və səriştəliliyə malik, rəqabətədavamlı mütəxəssislərin hazırlanmasına və insan kapitalının davamlı inkişafına, elmi-intellektual mühitin formalaşmasına bundan sonra da öz layiqli töhfəsini verəcəkdir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov çıxış edərək Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə doğma universitetin professor- müəllim heyətini, tələbələrini səmimi qəlbdən təbrik etdi və onlara möhkəm cansağlığı, böyük uğurlar, müvəffəqiyyətlər arzuladı. Qeyd etdi ki, bu illər ərzində Sumqayıt Dövlət Universiteti böyük inkişaf yolu keçmiş, hazırda ölkəmizin ən qabaqcıl ali təhsil ocaqlarından birinə, fundamental tədqiqatların aparıldığı elmi mərkəzə çevrilmişdir. Bu gün Sumqayıt Dövlət Universiteti ölkəmizin ali təhsil məktəbləri arasında öz yeri, öz dəst-xəti olan qabaqcıl təhsil müəssisələrindəndir. Universitetin məzunları ölkəmizin inkişafı naminə bütün sahələrdə öz bilik və qabiliyyətləri ilə fərqlənirlər. Şəhərimizin müxtəlif müəssisələrində çalışan məzunların da daim xoş sədaları eşidilir.
Daha sonra cənab Zakir Fərəcov Fəxri fərmanları öz sahiblərinə təqdim etdi.
ATİAHİ Respublika Komitəsinin sədr müaviniMirzə Cəfərzadə çıxış edərək təltif olunan əməkdaşları təbrik etdi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilin inkişafına diqqətlə yanaşıldığını qeyd etdi. Natiq əldə edilmiş nailiyyətlərin məhz bu diqqət və qayğının nəticəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Bildirdi ki, zəngin ənənələri, şərəfli tarixi olan Sumqayıt Dövlət Universiteti indiyədək ölkəmiz üçün minlərlə yüksəkixtisaslı kadrlar yetişdirmişdir. Bu gözəl ənənə bu gün də uğurla davam edir. Bu istiqamətdə universitetin professor-müəllim heyətinin də xidmətləri danılmazdır.
Əməkdaşları təltif edən sədr müavini onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.
Təltif olunan əməkdaşlar da iş fəaliyyətlərinin qiymətləndirilməsində göstərilən etimada görə universitet rəhbərliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin təşəkkürlərini ifadə etdilər.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az