Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “ALCO” müəyyən ixtisaslar üzrə işçiləri SDU tələbələri arasından seçəcək
“ALCO” müəyyən ixtisaslar üzrə işçiləri SDU tələbələri arasından seçəcək
“ALCO” MMC-ni təmsil edən rəhbər işçilərin bir qrupu Sumqayıt Dövlət Universitetinin sonuncu kursunda oxuyan tələbələrilə görüşüb.
Universitetin Böyük Akt Zalında keçirilən görüşü SDU tədris bölməsinin müdiri Sabir Behbudov açaraq qonaqları salamladı.
Sabir Behbudov tədbirin keçirilmə məqsədini tələbələrə çatdırdı və Sumqayıt şəhərində fəaliyyət göstərən "ALCO" MMC-nin fəaliyyəti barədə məlumat verdi.
Bir-neçə gün əvvəl şirkətin dəvəti ilə universitetin rektoru, k.ü.f.d. Rüfət Əzizov və ali təhsil müəssisəsinin rəhbərliyi “ALCO” MMC-də olmuş, idarəetmə personalı, həmçinin baş direktor Dunay Xasaylı ilə istehsal prosesini izləmiş, işçilərlə söhbət etmişdir.
Rektor Rüfət Əzizova və qonaqlara 2017-ci ildə, Prezident İlham Əliyevin SKSP-yə səfəri ilə istehsalata başlayan zavodun illik istehsal gücü 36 min ton olduğu, məhsulları Avropanın “Lubrizol”, “Afton Chemical”, “Chevron”, “Eni”, “Evonik”, “İnfineum”, “BASF”, “BRB” kimi tanınmış istehsalçılardan alınan xüsusi baza yağı və qatqıların köməyilə istehsal olunan yağların çox növlülüyü ilə fərqləndiyi barədə məlumat verilib.
Müəssisədə, əsasən, mühərrik, sənaye, hidravlik, kompressor, turbin, transmissiya və gəmi yağları, xüsusilə aviasiya yağının istehsal olunduğu, hazırda “ALCO”nun Avropa, MDB və Asiya ölkələri olmaqla, 50-dən artıq xarici ölkəyə mal ixrac etdiyi bildirilib. Şirkətdə kadr seçiminə həssaslıqla yanaşıldığını, devizlərinin “Yüksək ixtisaslı kadrlarla, ən müasir texnologiyalarda yüksək performanslı qatqı və baza yağından istifadə etməklə keyfiyyətli məhsul istehsal etmək”- olduğu bildirilib.
SDU-nun rektoru Rüfət Əzizov universitetdə xüsusilə mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin elmi potensialının artırılması, onların yüksək keyfiyyətli mütəxəssislər kimi hazırlanması yönündə aparılan işlərdən danışmış, “ALCO” kimi ciddi istehalçı şirkətdə SDU tələbələrinin yer ala biləcəklərinə inandığını qeyd edib.
SDU-da tələbələrlə görüşdə bu barədə danışan “ALCO” MMC-nin baş direktor müavini Səidə Zeynalova görüş üçün yaradılan şəraitə görə təşəkkür edərək SDU ilə yeni keyfiyyətdə başlayan əməkdaşlığın məhsuldar olacağına inamını bildirdi: “Bu əməkdaşlıq haqqında qərar Universitetin rektoru Rüfət Əzizovun bizim müəssisədə olmasından, rəhbər heyətlə görüşüb, istehsalat sahəsi ilə geniş tanışlıqdan sonra daha da sürətləndi”.
Səidə Zeynalova daha sonra müəssisə üçün lazım olan mühəndis, operator, loqostika və digər ixtisaslar üzrə kadrları universitetin tələbə və məzunları arasından seçə biləcəklərinə inadığını və öz potensialına güvənən tələbələrin müraciətini gözlədiklərini bildirdi.
Daha sonra şirkət barədə videoçarx nümayiş olundu.
“ALCO” MMC-nin ARGE və Layihələndirmə üzrə mühəndisi Aytən Əliyeva bir vaxtlar özünün də zaldakı tələbələr kimi, müraciət edərək müsahibədən keçdikdən sonra işə başladığını diqqətə çatdırdı. Təmsil etdiyi müəssisənin istehsal etdiyi sürtkü yağlarının “Made in Azerbaijan” adı altında 50-yə yaxın ölkəyə ixrac edildiyini bildirən layihələndirmə üzrə mühəndis görüşdə mühəndislik, iqtisad və kimya fakültələrinin iştirak etdiyini yada saldı: “Tələb olunan iş yerləri bu ixtisaslarla bağlıdır və ümid edirəm ki, gələn ilin fevralında müəssisəmizdə seçimlə bağlı müsahibələrdə SDU-nun tələbələri uğurla iştirak edəcəklər”.
Təqdim olan iş yerləri arasında çilingər, fəhlə, dolum və istehsal üzrə operator ştatlarının da olduğunu qeyd edən Aytən Əliyeva seçim zamanı bilik və savaddan əlavə, müraciət edənlər arasında intizamlı, dürüst, habelə yaradıcı keyfiyyətlərə üstünlük verildiyini diqqətə çatdırdı.
Daha sonra müəssisədən olan nümayəndələr tələbələri maraqlandıran məsələlər ətrafındakı suallara cavab verdilər, fikir mübadiləsi apardılar.
 
Mətbuat xidməti
 

 

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az