Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın 2023-cü ildə sonuncu iclası keçirildi
Elmi Şuranın 2023-cü ildə sonuncu iclası keçirildi
Dekabrın 27-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 2023-cü il üzrə son iclası keçirildi.
Universitetin rektoru Rüfət Əzizov iclası açıq elan edərək şura üzvlərini salamladı və iclası açıq elan etdi.
Cari tədris ilində universitet həyatında baş verən önəmli hadisələrdən, qarşıda duran vəzifələrdən bəhs etdi və 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə SDU-nun bütün kollektivinə xoş arzularını bildirdi.
Gündəlikdə olan məsələlərin müzakirəsinə başlamazdan öncə rektor  Elm və təhsil naziri Emin Əmrullayevin 22.12.2023-cü il tarixli, 3-29/3-1-1529K/2023 saylı əmrinə əsasən Sumqayıt Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin olunan dosent Elşad Abdullayevi təbrik etdi, fəaliyyətində uğurlar arzuladı.
Dosent Elşad Abdullayev ona göstərilən etimada görə təşəkkür edərək, üzərinə düşən məsuliyyətli vəzifəni layiqincə icra edəcəyinə söz verdi.
Sonra Ümumi işlər üzrə prorektor Əsəd Məmmədovun universitetin inkişafı istiqamətində səmərəli fəaliyyəti qeyd olundu və Fəxri fərmanla təltif edildi.
Rüfət Əzizov universitetin elmi-pedaqoji və ictimai həyatında fəal iştirakına görə dosent Mahal Muradova və dosent Sevinc Həmzəyevaya Təşəkkürnamə təqdim etdi, onlara sonrakı fəaliyyətlərində yeni yaradıcılıq uğurları arzuladı.
Sonra Elmi katib professor Muxtar Səmədov şura üzvlərini iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumatlandırdı, gündəlik təsdiq olundu.
Gündəliyə uyğun olaraq Akkreditasiya Komissiyasının yekun hesabatında göstərilən tövsiyələr əsasında hazırlanmış Fəaliyyət Planının müzakirəsi və təsdiqi barədə Rektor müşaviri dosent Könül Abaslı çıxış etdi. O, Fəaliyyət Planında göstərilən icra müddətlərinə uyğun olaraq, nəzərdə tutulan bütün məsələlərin vaxtında yerinə yetirilməsinin fakültə dekanlarına, kafedra müdirlərinə və digər struktur rəhbərlərinə tapşırıldığını bildirdi.
2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti barədə Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev çıxış etdi.  
İmtahan sessiyası dövründə imtahan qiyməti ilə razılaşmayan tələbələrin narazılığının fənn müəllimi və kafedra müdirinin iştirakı ilə universitetin Apellyasiya Komissiyasında obyektiv, dəqiq və operativ araşdırılması Komissiyanın sədri dosent Könül Abaslıya, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ali təhsil müəssisələrində 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı əmrindən irəli gələn tapşırıq və tövsiyələrin yerinə yetirilməsinə nəzarət Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbova, tələbələrin şikayət, rəy və təkliflərinin vaxtında, operativ şəkildə araşdırılması və müvafiq tədbirlərin görülməsi İmtahan qərargahının sədri dosent Elşad Abdullayevə tapşırıldı.
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar SDU-da keçirilmiş tədbirlərə dair yekun hesabatla Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov çıxış etdi. Qeyd etdi ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar SDU-da planlaşdırılan bütün tədbirlər yüsək səviyyədə keçirilmiş və SDU-nun rəsmi internet portalında, sosial şəbəkələrdə işıqlandırılmışdır.
Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyətinin əmək haqlarının artırılması barədə İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev çıxış etdi və professor-müəllim heyətinin əmək haqlarının qismən artırılması məqsədəuyğun hesab edildi. 
Müxtəlif məsələlərin müzakirəsində SDU-nun Karyera və məzunlarla iş mərkəzinin Əsasnaməsinin və ştat cədvəlinin yeni redaksiyada təsdiqi, Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olmuş dosent Samir Orucovun dissertasiya işinin mövzusunun və elmi məsləhətçinin təsdiqi, tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi, seçkilərin keçirilməsi və elmi adların verilməsi barədə Elmi katib professor Muxtar Səmədov çıxış etdi.
Müzakirə olunan məsələlərlə bağlı qərarlar qəbul edildi, struktur rəhbərlərinə müvafiq tapşırıqlar verildi və Elmi Şuranın növbəti iclası başa çatdı.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az