Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | QAZAXISTAN PREZİDENTİNİN AZƏRBAYCANA SƏFƏRİ QARDAŞ XALQLARIN GƏLƏCƏYİNƏ HESABLANMIŞ SƏFƏRDİR
QAZAXISTAN PREZİDENTİNİN AZƏRBAYCANA SƏFƏRİ QARDAŞ XALQLARIN GƏLƏCƏYİNƏ HESABLANMIŞ SƏFƏRDİR
Azərbaycan xalqının Mərkəzi Asiya xalqları, o cümlədən Qazax xalqı ilə ortaq mədəni, dini birliyi ölkələrimizi daima yaxınlaşdırmış, qardaşlıq münasibətləri yaratmışdır. Bu tarixi mədəni ortaqlıq hətta xalqlarımızın Çar Rusiyası və SSRİ dövründə eyni taleyi yaşamalarına səbəb olmuşdur. Belə ki, hər iki xalq işğala, repressiyalara, maddi sərvətlərinin talanına, milli və dini mədəniyyətlərinin unutdurulmasına, deportasiyalara məruz qalmışdır. Ölkəmizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi – Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Heç təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
SSRİ dağıldıqdan sonra 1992-ci il avqustun 30-da Azərbaycan və Qazaxıstan arasında müstəqil dövlətlər kimi diplomatik münasibətlər quruldu. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başladı. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açıldı. İki ölkə arasında münasibətlərin bütün sahələrini əhatə edən geniş hüquqi-sənədlər bazası formalaşdırıldı. İndiyə kimi Azərbaycanla Qazaxıstan arasında 150-dən artıq hüquqi sənəd imzalanıbdır. Bu sənədlər arasında 1 mart 2004-cü ildə Astanada imzalanan “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, 24 may 2005-ci ildə Bakıda imzalanan “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”, 24 avqust 2022-ci ildə Bakıda imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyətə malikdir.
Heç kimə sirr deyil ki, ölkələr arasında münasibətlərdə şəxsiyyətlərin rolu danılmazdır. Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin inkişafın yeni mərhələsinə qədəm qoymasında dövlət başçılarımızın sıx münasibətləri başlıca rol oynayır. Qarşılıqlı səfərlərin dinamikası Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin inkişaf səviyyəsini aydın göstərir. Belə ki, son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur. Bütün bu səfərlər ölkəmizin başçısı Cənab İlham Əliyevin vurğuladığı kimi Qazaxıstanın Azərbaycan üçün qardaş ölkə və strateji tərəfdaş olduğunu sübut edir.
Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlər bütün sahələr üzrə qardaşlıq və strateji tərəfdaşlıq əsasında durmadan inkişaf edir. 11 mart 2024-cü ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri tarixi hadisədir. Bu səfər gələcəyə hesablanmış bir çox cəhətləri və nəticələri ilə tarixi əhəmiyyət daşıyır.
Səfərin vacib nəticələrindən biri iki ölkə arasında Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsidir. Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Şurasının yaradılması haqda demişdir: “Şuranın yaradılması qərarı özlüyündə tarixidir. Bu, münasibətlərimizin yüksək səviyyəsini və hər iki tərəfin qarşılıqlı əməkdaşlıq potensialının möhkəmləndirilməsi istəyini bir daha sübut edir. Hesab edirik ki, səfərin nəticələri və Dövlətlərarası Şuranın iclası bir çox hallarda münasibətlərimizin gələcək gündəliyini müəyyən edəcək”.
Bu səfər zamanı iki ölkə prezidenti regional problemləri ətraflı müzakirə ediblər. Prezident Cənab İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesi haqqında məlumat verərək bildirmişdi ki, ümidvaram bu proses sülh sazişinin imzalanması, tariximizin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacaq.
Bu tarixi səfər zamanı Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib istifadəyə verildi. Bu dost və qardaş Qazax xalqının və Qazaxıstan dövlətinin Azərbaycanın suverenliyinin bərpası məsələsində həmrəyliyinin, həmçinin Qarabağın bərpasında göstərilən qardaş köməyinin simvoludur.
Bu səfər Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın inkişafına xüsusi töhfə verəcəkdir. Hələ Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın prioritet olduğunu qeyd edib. Azərbaycan dövlətinin başçısı xüsusilə vurğulayıb ki, bizim ailəmiz Türk dünyasıdır və biz Türk Dövlətləri Təşkilatının qlobal arenada mühüm aktora və güc mərkəzinə çevrilməsi üçün birlikdə çalışmalıyıq. Bu mənada Türkdilli xalqların iqtisadi potensialına görə aparıcı iki ölkəsi olan Azərbaycanla Qazaxıstan arasında münasibətlərin inkişafı Türk Dövlətləri Təşkilatının inkişaf perspektivində xüsusi əhəmiyyət daşıyır. Türk Dövlətləri Təşkilatının gələcək inkişafında nəqliyyat-logistika, energetika, rəqəmsallaşma, humanitar əməkdaşlıq sahələrində məsələlərin səfər çərçivəsində müzakirəsi bunu bir daha sübut edir.
 
Sona Məhərrəmova
Sumqayıt Dövlət Universitetinin
Tarix və onun tədrisi metodikası
kafedrasının müdiri, dosent
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az