Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Dahi şairimiz Nizami Gəncəvinin iqtisadi baxışları” adlı onlayn formatda tədbir keçirildi
SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Dahi şairimiz Nizami Gəncəvinin iqtisadi baxışları” adlı onlayn formatda tədbir keçirildi
Mayın 21-də Sumqayıt Dövlət Universitetinin Dünya iqtisadiyyatı və marketinq kafedrasının təşkilatçılığı ilə “Dahi şairimiz Nizami Gəncəvinin iqtisadi baxışları” adlı onlayn formatda tədbir keçirildi.
Tədbirdə fakültənin professor-müəllim və tələbə heyəti ilə yanaşı, AMEA-nın İqtisadiyyat İnstitutunun İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi şöbəsinin müdiri professor Gülşən Yüzbaşıyeva və həmin şöbənin böyük elmi işçisi i.e.n., dosent Asif Mustafayev iştirak etdilər.
Görüşdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək rektor professor Elxan Hüseynovun salamlarını tədbir iştirakçılarına çatdırdı və görüşün keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Dekan “Nizami İli”nin əhəmiyyətindən və dahi şairin bənzərsiz irsindən bəhs etdi. Bildirdi ki, Azərbaycan xalqının mədəniyyəti və ictimai fikrinin parlaq siması olan Nizami Gəncəvi yaradıcılığında ədəbiyyat, fəlsəfə, astronomiya, təbiət, tarix və iqtisadiyyat elmləri tədqiq olunub. N.Gəncəvi özünün fəlsəfi, sosial-iqtisadi fikirlərini əsasən məşhur beş əsərinin birləşdiyi “Xəmsə”sində əks etdirmişdir. O, təbiət və cəmiyyətin inkişaf qanunauyğunluqları, ilkin iqtisadi münasibətləri və onların dərk edilməsinin əhəmiyyəti haqqında nəzəri fikirləri poetik ifadə edib. Onun əsərlərində feodal mülkiyyəti, ondan irəli gələn ziddiyyətlər, vergi sistemi, torpaq mülkiyyəti, əmək məhsuldarlığı, pul anlayışı, sosial ədalət və bərabərlilik ideyaları xüsusi yer tutur. Dahi mütəfəkkir elmi bilik və təhsili cəmiyyətin ən mühüm sərvəti hesab edirdi.
Dünya iqtisadiyyatı və marketinq kafedrasının baş müəllimi Gülbəs Rüstəmova tədbirin məqsədi və əhəmiyyəti haqqında iştirakçılara məlumat verdi. Prezident cənab İlham Əliyevin bu Sərəncamının dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ərəfəsində bəşəri əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. Vurğuladı ki, Heydər Əliyevlə başlanan ənənələr Prezident cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. 2021-ci ilin “Nizami Gəncəvi İli”elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.
Qonaq qismində tədbirdə iştirak edən AMEA-nın İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi şöbəsinin müdiri prof. Gülşən Yüzbaşıyeva dahi mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığında yer alan iqtisadi baxışlarla bağlı çıxış etdi. Qeyd etdi ki, dahi mütəffəkirimiz Nizami Gəncəvinin sosial ədalətli cəmiyyət, elm və əməyin yaratdığı iqtisadi inkişaf ideyaları bugünkü sosial-iqtisadi strategiyalarımızın da əsas ideya mənbəyidir.
İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbələri: Tacir Əlizadə “Nizami dövrünün iqtisadi və sosial cəhətdən səciyyəsi”, Turan Cəfərova “Nizaminin istehsal prosesi, istehsal amilləri haqqında iqtisadi baxışları” Coşqun Abdullayev “Nizaminin istehlak prosesi, onun sosial-iqtisadi mahiyyəti haqqında fikirləri”, Nuriyyə Hüseynova “Nizaminin mübadilə, ticarət haqqında iqtisadi fikir və ideyaları”, Aytac Sahibzadə “Nizaminin pul haqqında iqtisadi fikirləri”, magistrant Fərid Məmmədov “Nizaminin cəmiyyətin sosial-iqtisadi həyatı haqqında fikirləri”, Könül Behbudova “Nizaminin əmək, əmək bölgüsü və sərvət haqqında iqtisadi baxışları” mövzularında məruzə ilə çıxış etdilər. Məruzəçilər “Nizami ili”nin əhəmiyyətindən və dahi şairin bənzərsiz irsindən bəhs etdilər.
Tələbələrdən Ülviyyə Hüseynzadə Nizami Gəncəvinin “Atanın oğluna nəsihəti”, Hənifə Zamanova “Hikmət xəzinəsi” və “Öylə bir ixtiyar olsaydı məndə” şeirlərini səsləndirdilər.
Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru Şəfa Əliyev çıxış edərək bildirdi ki, dahi şairimiz Nizami Gəncəvi elmə böyük qiymət verməklə, oxucularını, cəmiyyəti elmə yönləndirmiş, elmin iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi olması fikirini ortaya qoymuşdur. Onun insanları əməyə, daim oxumağa çağırışları bu günün də əsas tələbləridir. Bu istiqamətdə dahi mütəfəkkirimizin iqtisadi fikir tarixində xüsusi yeri vardır.
Görüşdə İqtisadiyyat və idarəetmə fakültəsinin Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri dosent Məlahət Pənahəliyeva də çıxış edərək bildirdi ki, əməyi, insan azadlığını hər şeydən üstün tutan böyük mütəfəkkir bu gün də nəinki Azərbaycanda, eyni zamanda dünya ədəbiyyatında bütün bəşəriyyətə, insanlığa xidmət edən mütərəqqi ideyaları ilə yaşamaqdadır.
Tədbirin sonunda fakültənin istedadlı tələbələrinin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr etdikləri rəsm əsərləri videoçarx şəklində iştirakçılara təqdim olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az