Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tariximiz
Tariximiz
Təhsil hər bir dövlətin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf ede bilməz.” – deyən Ulu Öndərin təhsilin prioritet vəzifələrini ifadə edən bu sözləri böyük uzaqgörənliklə Azərbaycanın bu günündən parlaq gələcəyinə ünvanlanmışdır. Bu gələcəyi təmin etmək, Azərbaycan təhsilinin milli və bəşəri ənənələr üzərində inkişafının əsas perspektivlərini müəyyənləşdirib həyata keçirmək istiqamətində ali təhsil müəssisələrinin üzərinə çox şərəfli və məsuliyyətli vəzifələr düşür.Bu vəzifələrin həyata keçirilməsində respublikamızın bütün ali təhsil ocaqları kimi, Sumqayıt Dövlət Universitetinin də özünəməxsus yeri və rolu vardır. Bu gün təməli 1962-ci ildə qoyulmuş Sumqayıt Dövlət Universiteti qabaqcıl beynəlxalq təcrübədən, milli təhsil sisteminin uğurlarından və özünün 60 illik zəngin ənənələrindən bəhrələnməklə uğurlu addımlar atır.
Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradıldı. Həmin gündən etibarən Sumqayıtın sosial-mədəni həyatında yeni bir inkişaf mərhələsinin əsası qoyuldu. Məhz bu tarixi fərmandan sonra şəhərin elm və təhsil ocaqlarında böyük bir canlanma yarandı, yeni-yeni istiqamətlərdə inkişaf dinamikasının perspektivləri müəyyənləşdirildi, Sumqayıtda fəaliyyət göstərən Elmi-tədqiqat institutları ilə, həmçinin orta ixtisas təhsili müəssisələri – kolleclərlə, incəsənət və musiqi məktəbləri ilə geniş əlaqələrin qurulması şəhərdə elm və təhsilin, mədəniyyətin inkişafına yeni təkan verdi.
Universitetlər öz siması ilə tanınır. SDU-da aparılan yenidənqurma və abadlıq işləri onun görkəmini tamamilə dəyişmişdir. İndi Sumqayıt Dövlət Universiteti yalnız elm və təhsil müəssisəsi kimi deyil, həm də şəhərin zəka ocağı və mədəni mərkəzi kimi öz fəaliyyətini bütün sahələrdə davam və inkişaf etdirir. Yaradılan tədris və elmi-tədqiqat laboratoriyaları, bir çox struktur dəyişiklikləri, auditoriyalarda yeni quraşdırılmış “ağıllı lövhələr”, universitetin bütünlüklə internet şəbəkəsinə qoşulması, “Heydər Əliyev mərkəzi”nin yaradılması, beynəlxalq əlaqələrin ildən-ilə genişlənməsi və sair bütünlüklə universitetin yeniliklərlə dolu zəngin mənzərəsini əks etdirir. SDU 2014-cü ildən Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının və 2015-ci ildən isə Azərbaycan-Rusiya Universitetləri Assosiasiyasının üzvüdür. Assosiasiyanın Azərbaycan tərəfindən həmsədri Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovdur. İnnovativ təlim metodları və texnologiyalarından səmərəli istifadə, təhsilin məzmununun yeniləşməsində və keyfiyyətinin yüksəlməsində beynəlxalq təhsil məkanına inteqrasiya universitetin təhsil sisteminin modernləşdirilməsi istiqamətində ən mühüm şərtlərdəndir. Bu baxımdan SDU təcrübə mübadiləsinə böyük maraq göstərir və onu həyata keçirir. Avropa ölkələrinin əksəriyyətinin qoşulduğu Boloniya təhsil prosesinin müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsində Sumqayıt Dövlət Universiteti bu təhsil sisteminə daxil olduğu gündən inamlı addımlar atmışdır. Universitet 2007-2008-ci tədris ilindən kreditli təhsil sisteminə keçmişdir. Hazırda təhsilin hər iki səviyyəsində tədris kredit sistemi ilə həyata keçirilir. Bu sistem qiyabi şöbədə də uğurla tətbiq olunur. Əldə olunan uğurların özülündə dövlətimizin məqsədyönlü və ardıcıl siyasəti dayanır. Respublika Prezidenti möhtərəm İlham Əliyevin elm və təhsilin inkişafına böyük önəm verməsi, “neft kapitalını insan kapitalına çevirmək” istiqamətində müəyyənləşdirdiyi kurs ölkəmizin ucqar guşələrində belə öz nəticələrini göstərməkdədir. Ölkə başçısı
tərəfindən mühüm sərəncam və fərmanlar imzalanmışdır. Bunların sırasında Respublika Prezidenti İ.H.Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (2013) və bu “Strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət Planı”nın (2015) təsdiq olunması çox mühüm əhəmiyyət daşıyır. Bu strategiyada beynəlxalq standartlara uyğun qabaqcıl Azərbaycan təhsilini yaratmağın geniş miqyaslı strateji istiqamətləri müəyyənləşdirilmişdir. Təhsil strukturunun yenilənməsi, distant təhsilin inkişaf etdirilməsi, daha səmərəli idarəetmə mexanizminin qurulması, insan resurslarının müasir tələblərə uyğunlaşdırılması və sair başlıca strateji hədəflər kimi respublikamızda fəaliyyət göstərən bütün dövlət və özəl ali təhsil müəssisələri qarşısında vəzifə kimi qoyulmuşdur.
2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun bəzi filialları ləğv ediləndən sonra Sumqayıt və Salyan filiallarının tələbələri SDU-nun tələbələri sırasına daxil edilmiş, filialların müəllim və texniki heyəti müsabiqə yolu ilə universitetdə işlə təmin olunmuşdur.
Sumqayıt Dövlət Texniki Kollecinin universitetin nəzdinə verilməsi “Fəaliyyət Planı”nın tərkib hissələrindən biridir.
Sumqayıt Dövlət Universitetinin tarixi və onun inkişaf mərhələlərini, bu günü və gələcək perspektivlərini özünəməxsus keyfiyyətlərlə səciyyələndirmək mümkündür Hazırda Sumqayıt Dövlət Universitetində 7 fakültə(Riyaziyyat, Fizika və elektroenergetika, Mühəndislik, Kimya və biologiya, Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Filologiya), 29 kafedra, 6 Elmi-tədqiqat laboratoriyası, Tədris Metodiki Mərkəz, Doktorantura və magistratura şöbəsi, Elmi hissə, Əcnəbi tələbələr şöbəsi və digər qurumlar fəaliyyət göstərir. Universitetdə fəlsəfə və elmlər doktoru proqramları üzrə mütəxəssis hazırlığı aparılır.
Universitetdə 3337.01 - İnformasiya ölçmə və idarəetmə sistemləri (sahələr üzrə) və 3303.01 - Kimya texnologiyası və mühəndisliyi ixtisasları üzrə Dissertasiya şurasının yaradılması fəlsəfə doktorluğu dissertasiyalarının müdafiə olunması istiqamətində gənc doktorantlara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Fəxrlə deyə bilərik ki, bu gün respublikamızda təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur. Bundan səmərəli istifadə isə ölkə rəhbərinin müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biridir. Universitetin çoxminli professor-müəllim və tələbə heyəti azərbaycançılığa, Azərbaycan dövlətinə, doğma xalqına yüksək sədaqət hissi ilə vətənimizin çiçəklənməsi naminə elm və təhsilin hüdudsuz üfüqlərində bu əbədiliyi qoruyub saxlayır. Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasət nəticəsində milli kadr hazrlayan universitetimiz nüfuzlu ali məktəblərdən birinə çevrilmişdir.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az