Əsas səhifə | Elmi şura
Elmi şura
Elmi Şuranın tərkibi Təhsil Nazirliyinin 10.11.1997-ci il tarixli, 792 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssiəsinin Elmi Şurası haqqında Əsasnamə”yə uyğun olaraq formalaşdırılmışdır.
Tutduğu vəzifəyə görə Elmi Şuranın tərkibinə rektor, prorektorlar, Tədris Metodiki Mərkəzin direktoru, Elmi katib, fakültə dekanları, Həmkarlar İttifaqı Komitəsinin sədri, uyğun şöbə müdirləri, Tələbə gənclər təşkilatlarının, Tələbə Elmi Cəmiyyətinin və Tələbə Həmkarlar Təşkilatının sədrləri daxildir. Elmi Şuranın digər üzvləri fakültə əməkdaşlarının ümumi yığıncağında gizli səsvermə yolu ilə seçilmişdir.
Elmi Şura universitetin perspektiv inkişafı üçün müvafiq prinsipial funksiyaları həyata keçirir, qanunverici bir orqan kimi müxtəlif sahələr üzrə universitetin fəaliyyətini tənzimləyir. Tanınmış elm və dövlət xadimlərinə SDU-nun fəxri adlarının verilməsi, dekan, kafedra müdiri, professor və s. vəzifələrinə seçkilərin keçirilməsi, adlı təqaüdlərin təsis edilməsi və digər funksiyalar yerinə yetirir. Elmi Şura fakültələrin, kafedraların, laboratoriyaların yaradılması, zəruri struktur dəyişikliklərinin həyata keçirilməsi, universitetin istedadlı və əlaçı tələbələrini hərtərəfli qayğı ilə əhatə etmək üçün müvafiq qərarlar qəbul edir.
Universitet əməkdaşlarına elmi adların (dosent, professor və s.) verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında Elmi Şura vəsatət qaldırır, zərurət yarandıqda SDU-nun Nizamnaməsinə əlavələr və dəyişikliklər edir.
Elmi Şura öz iclaslarında universitetin mühüm təhsil və elm siyasətini, beynəlxaq əlaqələrin prioritet istiqamətlərini, kadr və sosial məsələləri, SDU-nun infrastrukturunun inkişaf etdirilməsini və digər perspektiv planların yerinə yetirilməsini təmin edir.
Elmi Şuranın qərarı ilə SDU-da Heydər Əliyev Mərkəzi yaradılmışdır. Elmi Şura Universitetin Strateji İnkişaf Planını təsdiq edir, SDU əməkdaşlarının beynəlxalq layihələrdə iştirakına və sərbəst halda beynəlxalq layihələrin hazırlanmasına və həyata keçirilməsinə dair qərarlar qəbul edir. Elmi Şuranın qərarı ilə SDU-nun tarixində ilk dəfə olaraq 2017-ci ildən başlayaraq Elmlər doktoru proqramı üzrə mütəxəssis hazırlığı həyata keçirilir. SDU-nun tarixində ən böyük nailiyyətlərdən biri Elmi Şuranın vəsatəti əsasında Dissertasiya Şurasının yaradılmasıdır. Hazırda universitetdə 6 ixtisas üzrə 3 Dissertasiya Şurası fəaliyyət göstərir.
FD 2.24 Dissertasiya şurası (Filologiya elmləri üzrə) 
1. 5706.01- Azərbaycan dili (filologiya)
2. 5716.01 - Azərbaycan ədəbiyyatı (filologiya)
FD 2.25 Dissertasiya şurası (Texnika elmləri üzrə)
1. 3337.01 – İnformasiya ölçmə və idarəetmə sistemləri (sahələr üzrə) texnika;
2.3338.01- Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) texnika
FD 2.23 Dissertasiya şurası (Kimya elmləri üzrə)
1. 2314.01 – Neft kimyası (kimya)
2. 2306.01- Üzvi kimya (kimya)
Elmi Şuranın qərarı ilə SDU-da “Heydər Əliyev adına” və “Nizami Gəncəvi adına” adlı təqaüdlər təsis edilmişdir. 2016-cı ildən Multikulturalizmin nəzəri və praktik əsaslarının bakalavriat və magistratura səviyyəsində fənn kimi tədris edilməsi qərara alınmışdır.
SDU Azərbaycan-Rusiya Universitetləri Assosiasiyasının üzvüdür və Assosiasiyanın Azərbaycan tərəfdən həmsədri SDU-nun rektoru prof. E. B. Hüseynovdur. SDU Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının və Qafqaz Universitetləri Assosiasiyasının üzvüdür. Həmçinin, Avrasiya Universitetləri Assosiasiyası ilə əməkdaşlıq edir.
Elmi Şuranın qərarı ilə Almaniyanın Lüdviqshafen şəhərinin ober-burqomistri, Almaniya Şəhər Bələdiyyələri Assosiasiyasının sədri Dr.Yeva Lohseyə, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədri, Ufa Dövlət Neft Texniki Universitetinin rektoru B.N.Baxtizinə və Türkiyə Cümhuriyyəti Hacəttəpə Universitetinin “Lüğətçiliyin tədqiqi və tətbiqi mərkəzi” nin direktoru prof. Haluk Şükrü Akalına SDU-nun “Fəxri Doktoru” adı verilmişdir.
Elmi Şuranın iclasları tədris ili ərzində ayda bir dəfə keçirilir. Elmi Şura vaxtaşırı olaraq universitetin tədris və elmi-tədqiqat işlərinin planlarını təsdiq edir, fakültələrin, kafedraların və digər struktur bölmələrin hesabatlarını dinləyir. Elmi Şura tədris ili üçün nəzərdə tutulmuş və təsdiq olunmuş plan üzrə işləyir, bu planlar Elmi Şurada müzakirə edilərək qəbul olunur və rektor tərəfindən təsdiq edilir.
Hazırda Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 41 nəfər üzvü vardır. Elmi Şuranın sədri universitetin rektoru prof. E.B.Hüseynov, Elmi katib prof. M.M.Səmədovdur.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az