.jpg)
Məmmədova Elnarə Şəmsi qızı – Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistratura təhsilini tamamlamış, 2022-ci ildə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2005-ci ildən SDU-da fəaliyyət göstərir. “Beynəlxalq əlaqələr” şöbəsində metodist kimi işə başlamış, sonrakı illərdə “Mühasibat uçotu və audit”, “İqtisadi nəzəriyyə” və “İqtisadiyyat” kafedralarında müxtəlif vəzifələrdə çalışmış, baş müəllim kimi pedaqoji fəaliyyət göstərmişdir.
59 elmi əsərin (o cümlədən 14-ü xaricdə), 5 fənn proqramının müəllifidir. Məqalələri nüfuzlu beynəlxalq jurnallarda, o cümlədən Ukraynanın Q3 reytinqli “Academy Review” jurnalında dərc olunmuşdur.
Müxtəlif yerli və beynəlxalq təlimlərdə iştirak etmiş, “Human Resources Management Diploma” üzrə beynəlxalq sertifikat, həmçinin “Rəqəmsal inkişaf” üzrə ixtisaslaşmış təlim diplomu əldə etmişdir.
Elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş, 2022-ci ildə Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən isə Sərəncamla təltif olunmuşdur.
Mərkəzin əsas məqsəd və vəzifələri:
- dövlət təhsil standartlarına uyğun şəkildə tədris prosesinin təşkili və idarə olunmasına nəzarət;
- universitetin tədris planları, proqramları və tədris materiallarının hazırlanmasında metodiki dəstəyin göstərilməsi və tədris prosesinin normativ-hüquqi bazasının işlənməsində iştirak;
- tədris prosesinin keyfiyyətini yüksəltmək üçün metodiki tövsiyələrin hazırlanması və tətbiqi;
- universitetin tələbə qəbulu planının işlənib hazırlanmasında iştirak;
- kafedralar üzrə tədris yüklərinin həcminin hesablanmasına nəzarət və təsdiqi;
- universitetin tədris planlarının, proqramlarının və tədris materiallarının hazırlanmasında metodiki dəstəyin göstərilməsi;
- tədris prosesində müasir metodların tətbiqini təşviq etmək və bu istiqamətdə müəllimlərə metodik yardım göstərmək;
- yüksək keyfiyyətli təhsil, təlim və qiymətləndirilmənin müasir metodlarının təqdim olunması və təlim və tədris istiqaməti üzrə akkreditasiya üçün özünütəhlil göstəricilərinin hazırlanması;
- dövlət nümunəli sənədlərin (akademik arayış, diplom, diploma əlavə və s.) hazırlanması və təsdiqi;
- tələbə hərəkətinin (universitetə qəbul, xaric olunma, köçürülmə, akademik məzuniyyət, bərpa, mübadilə və s.) izlənilməsi, tədris prosesinə dair təqdim edilmiş sənədlərin əmrləşdirilməsi;
- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin elektron sistemlərində (ATİS, DTS, Tələbə-Məzun) universitetə aid məlumatların daim yenilənməsi və lazımi məlumatların təsdiqinin həyata keçirilməsi;
- Karyera və məzunlarla iş mərkəzi və fakültələrlə birgə təcrübələrin təşkili və keçirilməsinin təmin olunması;
- imtahan sessiyasının təşkili və keçirilməsinin təmin olunması;
- universitetin müəllim heyətinin metodiki səviyyəsinin yüksəldilməsi üçün müntəzəm təlim və seminarların təşkil edilməsi;
- imtahan sessiyasının təşkili və keçirilməsinin təmin olunması;
- Yekun Dövlət Attestasiyasının keçirilməsi üçün Dövlət Attestasiya Komissiyaları, Təcrübə hesabatlarının qəbulu və müdafiəsinin təşkili üçün Təcrübə komissiyalarının formalaşdırılması və hesabatlılığının təmin edilməsi;
- tədris prosesinin təşkilində yaranan problemlərin təhlili və onların aradan qaldırılması üçün təkliflər irəli sürmək.
Mərkəzin əsas funksiyaları:
- tədris proqramlarının və tədris materiallarının metodiki cəhətdən təkmilləşdirilməsi,
- universitetin müəllim heyətinin metodiki hazırlığının yüksəldilməsi məqsədilə tədris vəsaitləri və metodiki tövsiyələr hazırlanması,
- tədris prosesinin səmərəliliyini artırmaq üçün müasir təlim metodlarının və texnologiyalarının tətbiqi,
- universitetin tədris prosesində yaranan çətinlikləri aradan qaldırmaq üçün müəllimlərə fərdi məsləhətlərin verilməsi,
- müxtəlif fənlər üzrə metodiki seminarların və açıq dərslərin təşkili.
Mərkəzin hüquqları:
- akademik təqvimin gözlənilməsi və tədris prosesinin gedişinə bilavasitə nəzarət etmək;
- universitetin bütün struktur bölmələrindən tələb olunan məlumatları almaq və tədris prosesinin təşkilində iştirak etmək;
- təhsilalanlar, müəllim və struktur bölmələrdən tədris prosesi və onun təmin olunması üzrə normalara əməl etmələrini tələb etmək;
- tədris prosesinə nəzarət və analiz, metodiki işlər, kadr heyəti, həmçinin statistik hesabatların tərtibi üçün struktur bölmələrdən məlumat və materiallar tələb etmək;
- dekanlıqlar və kafedralarda tədris sənədlərinin işlənməsi və saxlanması işinə nəzarət, bununla bağlı müvafiq strukturlarda vaxtaşırı sahə baxışı həyata keçirmək;
- tədris prosesinin keyfiyyətini yüksəltmək üçün lazımi tədbirlərin görülməsi ilə bağlı rektorluğa təkliflər vermək;
- universitetin müxtəlif fakültələri və kafedraları ilə birgə metodiki işlər təşkil etmək və həyata keçirmək;
- xarici tədris metodik mərkəzləri ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;
- TMM işçilərinin yerdəyişməsi, təyinatı, onların mükafatlandırılması və ya cəzalandırılması üçün universitet rektoruna təqdimatlar vermək.
Mərkəzin işçi heyəti direktor, baş mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis və operatordan ibarətdir. Mərkəzin idarə edilməsi Mərkəz direktoru tərəfindən həyata keçirilir. Direktor Mərkəzin fəaliyyətini təşkil edir, planlaşdırır, nəzarət edir və əməkdaşların peşəkar inkişafına dəstək verir.