Əsas səhifə | Xəbərlər | Azərbaycan tarixinə dair fənn kabineti yaradılıb
Azərbaycan tarixinə dair fənn kabineti yaradılıb
Elmin, təhsilin tərəqqisi üçün inteqrasiya baxımından ən son texnologiyaların mənimsənilməsi və tətbiqi Sumqayıt Dövlət Universitetində uğurla həyata keçirilir. Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq işlər görülür. Auditoriyalar, laboratoriyalar və fənn kabinetləri yaradılır. Son zamanlar Tarix və coğrafiya fakültəsində tələbələrin dərs prosesində əyani vəsaitlə təmin edilməsi istiqamətində xüsusi kabinetlər yaradılmışdır. Bu günlərdə Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının təşkilatçılığı ilə 238-ci auditoriyada Azərbaycan tarixinə dair fənn kabineti yaradılmışdır. Fənn kabinetində daha çox üstünlük qədim dövrdən başlayaraq müasir dövrə qədər mövcud olmuş Azərbaycan dövlətlərinin (o cümlədən xanlıqlar dövrünün) xəritələrinə və eləcə də həmin dövlətlərin yaradılmasında və fəaliyyətində mühüm rol oynamış dövlət və siyasi xadimlərin portretlərinə verilmişdir. Azərbaycan dövlətlərinin ərazisində olan ən mühüm maddi mədəniyyət abidələrinin də şəkilləri öz əksini tapmışdır. Kabinetə daxil olarkən qısa müddət ərzində Azərbaycanda qədim dövrdən müasir dövrümüzə qədər mövcud olmuş dövlətlər və onların əraziləri haqqında kifayət qədər məlumatlar əldə etmək mümkün olur.
Bununla yanaşı, kabinetdə Çar Rusiyasının hakimiyyəti dövrünə aid Azərbaycanın quberniya və şəhərlərinin gerbləri, Azərbaycan Xalq Cümhuriyyətinə aid olan xəritə, dövlət və siyasi xadimləri, orden, medal və valyutaları haqqında məlumatlar verilmişdir.
Müasir dövrlə əlaqədar ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portretləri, eləcə də müstəqillik dövrü ilə bağlı olan Azərbaycan Bayrağı, Gerbi, orden-medal və milli valyutaların şəkilləri öz əksini tapmışdır.
Hesab edirik ki, yüksək zövqlə hazırlanmış fənn kabineti tələbələrin Vətən tarixinə olan sevgi və maraqlarının daha da artmasına müsbət təsir edəcəkdir.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az