Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsinə dekan seçildi
Kimya və biologiya fakültəsinə dekan seçildi
Aprelin 23-də Kimya və biologiya fakültəsində dekan seçkisi keçirildi.
Seçki Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq, fakültə əməkdaşlarının ümumi yığıncağında keçirildi. Yığıncağa universitetin rektoru prof. Elxan Hüseynov sədrlik etdi.
Kimya və biologiya fakültəsinin dekanı vəzifəsini tutmaq üçün fakültənin sabiq dekanı dosent Mahal Muradovun namizədliyi fakültənin mövcud kafedralarında müzakirə olunaraq irəli sürülmüşdür.
Seçki proqramını (platforma) təqdim etmək üçün söz dosent Mahal Muradova verildi. Dosent Mahal Muradov Kimya və biologiya fakültəsinə dekan seçkilərində iştirak etmək üçün platformasını təqdim etdi. Bildirdi ki, platformanın əsas istiqamətləri aşağıdakılardır: Tədris laboratoriyalarının avadanlıqlarının mümkün qədər yeniləşdirilməsi və çoxaldılması; fakültədə tədris olunan bütün fənlərin ədəbiyyatlarının universitet kitabxanasında olması və onların nüsxələrinin sayının artırılması; fakültənin xarici universitetlərlə yeni beynəlxalq əlaqələr yaratması və inkişaf etdirməsi; fakültənin nəzdində olan kafedraların sənaye müəssisələrində filiallarının yaradılması; fakültə tələbələrinin mütəmadi olaraq müxtəlif sənaye müəssisələrinə aparılması; fakültədə beynəlxalq konfransların keçirilməsi; müəllimlərin xaricə ixtisasartırmaya göndərilməsi; xoşagəlməz halların aradan qaldırılması; məzunların işlə təmin olunması; universitetin tanınmasının təmin edilməsi və digər məsələlər öz əksini tapmışdır.
Kimya və biologiya fakültəsinin dekanı vəzifəsini tutmaq üçün namizədliyi irəli sürülən dosent Mahal Muradov haqqında fakültə əməkdaşlarının fikirləri dinlənildi. Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri prof. Ə.Ağayev, Kimya və onun tədrisi metodikası kafedrasının müdiri dos. M.Mustafayev, Neft kimyası və kimya mühəndisliyi kafedrasının professoru Q.Ramazanov, Biologiya və onun tədrisi metodikası kafedrasınını müdiri dos. A.Baxşalıyev, Kimya və onun tədrisi metodikası kafedrasının professoru M.Səmədov, Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının müdiri baş müəllim T.Xəlilov, Ekologiya kafedrasının müdiri dos. R.Əhmədova çıxış edərək bildirdilər ki, dosent Mahal Muradov ötən beş il müddətində fakültə dekanı vəzifəsini layiqincə yerinə yetirmiş, həmin dövrdə fakültədə həm elmi, həm də tədris sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Mahal Muradovu işgüzar, təcrübəli və savadlı bir təşkilatçı kimi yüksək qiymətləndirir və onun növbəti beş il müddətinə fakültə dekanı vəzifəsinə seçilməsini dəstəkləyirik.
Fakültənin dekanı vəzifəsini tutmaq üçün dosent Mahal Muradovun namizədliyi gizli səsvermə yolu ilə həyata keçrildi.
Daha sonra, gizli səsverməni aparmaq üçün hesablayıcı komissiyanın üzvləri seçildi. Komissiya üzvlüyünə prof. Ə.Ağayev, dos. M.Mustafayev, baş müəllim T.Xəlilov, dosentlər: İ.Qarayeva və L.Bünyatova təklif edildi. Hesablayıcı komissiyanın sədri prof. Ə.Ağayev seçildi.
Gizli səsvermədən sonra hesablayıcı komissiyanın sədri prof. Ə.Ağayev səsvermənin nəticələrini səsləndirdi və protokol ümumi iclasda açıq səsvermə ilə təsdiq edildi. Səsvermənin nəticələri aşağıdakı kimidir: İclasda 104 nəfər iştirak etmişdir. İclas iştirakçılarına 104 bülleten paylanılmışdır. Səsvermənin nəticələrinə görə fakültənin sabiq dekanı dosent Mahal Muradov Kimya və biologiya fakültəsinin dekanı vəzifəsinə seçildi.O, ikinci dəfə ardıcıl olaraq növbəti 5 il müddətinə dekan vəzifəsini icra edəcək.
Rektor professor Elxan Hüseynov dosent Mahal Muradovu təbrik etdi, ona və fakültənin professor-müəllim heyətinə elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzuladı. Bildirdi ki, ölkənin kadr potensialının formalaşmasında mühüm xidməti olan Sumqayıt Dövlət Universiteti peşəkar mütəxəsisslərin hazırlanmasında əldə etdiyi nailiyyətlərlə adını nüfuzlu ali məktəblərin sırasına yazmış və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xidmətləri sayəsində ölkənin və regionun nüfuzlu elmi-tədris mərkəzinə çevrilmişdir. Ölkəmizin əldə etdiyi uğurların bir təminatı da insan kapitalı, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Prezident İlham Əliyevin gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər də bu qayğının parlaq ifadəsidir. Xalqımızın sosial rifah halının durmadan yaxşılaşdırılması Azərbaycan Prezidentinin həyata keçirtdiyi siyasi kursun ana xəttidir. Belə ki, minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması və digər ödənişlər Prezident İlham Əliyev tərəfindən təqdim edilən böyük sosial paketin tərkib hissəsidir. Həyata keçirilən islahatlar sosialyönümlülük və humanizm prinsiplərinə əsaslanır. "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncama əsasən ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16 000 vahid artırıldı. Bu da öz növbəsində ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısını artıracaq və müvəffəqiyyət göstəriciləri nümayiş etdirmiş tələbələrə təqaüd almaları üçün əlavə imkanlar yaradacaq. 2016-cı ildə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən təqaüdlərin ödənilməsi yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələrə deyil, eyni zamanda ümumi orta müvəffəqiyyət göstəricisi və fənlər üzrə akademik nailiyyətləri nəzərə alınmaqla ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil edildi. Bu sərəncam tələbələrimizin təhsilinin inkişafına ciddi təkan verəcək, onlar arasında rəqabət mühiti formalaşdıracaq. Çünki daha təkcə ödənişsiz təhsil alanlar deyil, eyni zamanda ödənişli təhsil alanlar da təqaüd alacaq. Amma onların akademik göstəriciləri də yaxşı olmalıdır. Deməli, bundan sonra tələbə çalışacaq ki, semestr və imtahan ərzində nəticələri yüksək olsun. Hətta təqaüdlərin məbləği imkan verəcək ki, onlar öz ödənişlərini özlərinin aldıqları təqaüdlə ödəsinlər. Düşünürəm ki, Prezidentin imzaladığı bu sərəncam ölkəmizdə təhsilin beynəlxalq rəqabətliliyinin artmasına imkan verəcək. Geniş profilli Sumqayıt Dövlət Universiteti dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq standartlara cavab verən təhsil şəraitini yaratmaqla, tələbələri müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət kimi yetişdirmək, eləcə də onlara vətənpərvərlik və azərbaycançılıq ideyalarını aşılamaq üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirir.
Sonra rektor dosent Mahal Muradovun rəhbərliyi ilə fakültədə ötən 5 (beş) il ərzində qazanılan uğurlardan, həyata keçirilən layihələrdən, konfranslardan, beynəlxalq əlaqələrdən və s. söhbət açaraq onun ötən beş ildə dekan kimi fəaliyyətini müsbət qiymətləndirdi, xırda nöqsanları da qeyd etdi. Belə ki, fakültənin xarici əməkdaşlıqlarının daha miqyaslı olmasını, eyni zamanda fakültə əməkdaşlarının xarici dil öyrənilməsi məqsədi ilə universitetdə fəaliyyət göstərən Linqvistik Mərkəz ilə geniş əlaqələrinin yaradılmasını tövsiyə etdi.
Dosent Mahal Muradov göstərilən etimada görə rektor professor Elxan Hüseynova və rəhbərlik etdiyi fakültənin kollektivinə təşəkkürünü bildirdi. Fakültənin kollektivi bundan sonra da universitetin rektoru professor Elxan Hüseynovun göstərdiyi diqqət və qayğıya cavab olaraq təhsildə və elmi yaradıcılıqlarında daha yüksək nəticələr əldə etməyə səy göstərəcəklərini vurğuladı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az