Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Böyük Qayıdışın Qurtuluş dastanı
Böyük Qayıdışın Qurtuluş dastanı
Genişmiqyaslı fəaliyyəti ilə tarix yaradan, qayıdışı ilə Qurtuluşun dastanını yazan Ulu öndər Heydər Əliyev adı milli dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunan Şah İsmayıl Xətayi, Mustafa Kamal Paşa Atatürk kimi tarixi şəxsiyyətlərdəndir.
Milli dövlətçilik tariximizin 60-cı illərinin sonundan başlayan bir dövrdə içərisində olduğumuz ən yeni Azərbaycanın memarı, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin möhtəşəm quruculuq işləri, qüdrətli daxili və xarici siyasəti ilə davam edən mərhələsi də bilavasitə Ulu öndər – Varis prinsiplərinə bağlıdır. O böyük şəxsiyyət canından artıq sevdiyi vətəninə, xalqına üz tutaraq qürurla, vüqarla söyləmişdir: “Mən İlham Əliyevə özüm qədər inanıram!”. Tarixlə müasirlik arasında körpüyə çevrilən, sonsuz Vətən sevgisi ilə ən çətin anlarda, dar məqamlarda belə Millət, Dövlət, Məmləkət naminə qərarlar alan, düşməni tərk-silah etmək üçün onun üzərinə yeriməkdən, səngərinə getməkdən belə çəkinməyən Ulu öndər Heydər Əliyev milli istiqlal, azadlıq mücahidi olaraq Ona inanan, Ona güvənən, taleyini Ona etibar edən xalqın haqq səsinə səs verdi. Böyük Qayıdışı ilə milli genefondu tükənmək üzrə olan, vətəndaş müharibəsi, qardaş qırğını ilə baş-başa qalan, səngərlərində qanı su yerinə axan xalqa arxa çıxdı. Xalq ona, o da xalqa arxalandı. Böyük qayıdışı ilə Gəncə qiyamını yatıran, qardaş qırğınına son qoyan, vətəndaş həmrəyliyinə nail olan Ulu öndər, “Əsrin müqaviləsi”ni imzalamaqla, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dayandırmaqla, “Atəşkəsə” imza atmaqla ölkənin kompleks inkişafına, sosial-iqtisadi, mədəni dirçəlişinə nail oldu ki, bu da nəticə etibarilə 44 günlük tarixi savaşın qələbə ilə bitməsinə rəvac verdi.
Məhz bu qüdrətli dövlət xadimi – yer üzünə səpələnən 50 milyondan çox azərbaycanlının, MDB məkanını, Baltikyanı dövlətləri çevrələyən soydaşlarımızın haqq səsi olan Ulu öndər öz düşünülmüş, uzaqgörən siyasəti ilə milli dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoydu. Müdriklik nümunəsi olan bu böyük şəxsiyyət əldə olunan bütün nailiyyətlərin təməllərini hələ ötən əsrin 69-cu illərində atmışdır.
Heydər Əliyev tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı və 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət, millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Liderdir!
Heydər Əliyev böyük şəxsiyyət idi. Hüseyn Cavidin nəşini uzaq Sibir çöllərindən Vətənə gətirməklə, Naxçıvandakı ata yurdunda məqbərə kompleksini ucaltmaqla, Şuşa qalasında, Qarabağ xanlığının sarayını təkcə poeziyası ilə deyil, analitik təfəkkürü ilə zinətləndirən, Ağa Məhəmməd şah Qacarın, Çar Rusiyasının qabağında dimdik duruşu ilə tarix yaradan dövlət xadimi Molla Pənah Vaqifin haqqını özünə qaytarmaqla, möhtəşəm məqbərəsinin məşəlini yandırmaqla, “Vaqif poeziya günləri”ni Xurşud Banu Natəvanın “Məclisi –üns”ünün davamına çevirməklə, Üzeyir bəyin, Natəvanın, Bülbülün, Nizaminin, Nəsiminin, Füzulinin, Sabirin, Mirzə Fətəli
Axundzadənin və adlarını sadalamadığımız onlarla tarixi şəxsiyyətin abidələrini ucaltmaqla, xatirə muzeylərini açmaqla, yubileylərini keçirməklə, bu böyük Vətəndaşların haqqına sahib çıxmaqla özünün də böyük Vətəndaş olduğunu sübut etdi. Bunlar həm də: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” – deyən Liderin özünə ucaltdığı abidələrdir.
Böyük Qayıdışı ilə ölkənin kompleks inkişafına nail olan, gənclər siyasəti ilə iqtisadi potensialımızı intellekt kapitalına çevirən Ulu öndər “Kitabi-Dədə Qorqud” dastanının, Məhəmməd Füzulinin, Nəsirəddin Tusinin yubileylərini YUNESKO səviyyəsində qeyd etdirməklə, Azərbaycanın sivilizasiyaların və mədəniyyətlərin dialoquna verdiyi töhfələrin, humanist prinsiplərin ünvanını göstərdi. Böyük Qayıdışı ilə Qurtuluşun, Əbədi İstiqlalının tarixini yazan Ulu öndər “Şuşasız Qarabağ, Qarabağsız, ümumiyyətlə, Azərbaycan yoxdur” nidası ilə mənsub olduğu milləti böyük Zəfərə, Tarixi Qələbəyə inandırdı!
Heydər Əliyevdən bizə bir ömürlük xatirə, sonsuz hüdudları məlum olmayan Vətən sevgisi, Əbədi İstiqlala, tarixi Zəfərə inam hissi qaldı. O, böyük şəxsiyyət, milyonlarla Azərbaycan vətəndaşını bir kəlməsi, cüməsi ilə səfərbər edən əvəzolunmaz Lider idi!
İradəsinin gücü, xarakterinin əyilməzliyi ilə xalqı ilə birgə yol gəldi. Ona doğru, düz olan yolu göstərdi. Zəfərdən zəfərə apardı. Milli dövlətçilik tariximiz üçün, bəlkə də, 30 il o qədər də, böyük zaman kəsiyi deyildir, amma keşməkeşlərlə dolu olan bu illərdə biz 20 Yanvar, Xocalı dəhşətlərini, Qarabağ intizarını, Şuşa nisgilini yaşamışıq. Amma əbədi İstiqlaldan, böyük Qayıdışdan, Qurtuluşdan, Dirçəlişə uzanan yolda Birlikdən, Bütövlükdən böyük sərvətin, Vətən sevgisindən qiymətli nemətin, əbədi İstiqlaldan dadlı şərbətin olmadığına inanmışıq. Ululardan qalan vəsiyyətə, nəsihətə əməl etmişik. Vətənin özgürlüyünün bəlgəsi olan, indi Murovun zirvəsində, Xudafərin körpüsündə, Şuşa qalasında dalğalanan hilallı, ulduzlu, üçrəngli bayrağımızı sevmişik, onun yolunda Şəhidlər vermişik!
Müzəffər Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin, Qüdrətli Azərbaycan Ordusunun iradəsi, Şəhidlərin al qanı ilə ən yeni Azərbaycanın Qurtuluş, Dirçəliş dastanını Şuşa qalasında yazmışıq. Bütün bunlara görə hər bir Azərbaycan vətəndaşı tarixin Böyük Qayıdış dastanını Ulu öndərin Naxçıvandan Bakıya Dönüşünə minnətdardır.
Böyük Şəxsiyyətlərin qüdrətli Liderlərin Vətən, torpaq, millət, məmləkət sevgisini özündə ehtiva edən müqəddəs rəqəmlər, unudulmaz günlər olur. 15 İyun Azərbaycan xalqı üçün belə müqəddəs, unudulmaz tarixi günlərdəndir.
 
 
 Natiq Talıbov
Tədrisin təşkili və təlim texnologiyaları üzrə  prorektor, dosent
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az