Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONUNUN STRATEJİ ASPEKTLƏRİ
ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONUNUN STRATEJİ ASPEKTLƏRİ
Azərbaycan xalqı hazırda tarixi ədalətin bərqərar olduğu və xalqımızın qürur mənbəyinin gücləndiyi, xalqla iqtidar, lider arasında qırılmaz tellərin bağlandığı, millətin və dövlətin bir yumruq kimi birləşdiyi şəraitdə, həm də rəşadətli və müzəffər ordumuzun torpaqlarımızı göz bəbəyi kimi qorumağa, ona göz dikən düşmənlərin dərhal başını əzməyə qadir olduğu şərəfli bir dövrdə yaşayır.
2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Böyük Qarabağ Zəfərindən sonra ölkəmizin iqtisadi inkişaf modelinin yeni və obyektiv reallıqlara uyğun olaraq təkmilləşdirlməsi, idarəetmə formalarının daha çevik və səmərəli olaraq tənzimlənməsi bir obyektiv zərurət kimi ortaya çıxmışdır. Torpaqlarımızın işğaldan azad olunmasına və faşist erməni işğalçı ordusunun darmadağın edilməsinə, Ermənistan rəhbərliyinin təslimçi sazişə imza atmasına baxmayaraq, revanşist qüvvələr və onların müxtəlif aparıcı dünya ölkələrində kök salan ikiüzlü havadarları, ikili standartları dövlət siyasətinə yeridən və özlərini guya sülh, əmin-amanlıq “mələyi” kimi aparan siyasətçilər, beynəlxalq təşkilatlar hələ də torpaqlarımızın işğaldan azad olunması ilə barışmaq istəmirlər və təxribatlara əl atmaqda davam edirlər. Belə bir şəraitdə regionun idarəetmə strukturunun təkmilləşdirilməsi və tarixi ədalətə, faktlara söykənmiş qərarların verilməsi, işğaldan azad olunmuş ərazilərin sürətlə dirçəldilməsi, infrastrukturun yaradılması və böyük qayıdışın tezləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi bu kimi qüvvələrə və revanşistlərə ən tutarlı cavabdır.
Dövlət başçısı İlham Əliyev bu cür mürəkkəb bir şəraitdə çox mühüm bir fərman imzalayaraq iqtisadi rayonların yeni bölgüsünü təsdiq etmiş və ölkə iqtisadiyyatının idarə edilməsinin strateji mexanizmlərinin yenilənməsinə start vermişdir. Belə ki, ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü təsdiq olunmuşdur. Bu fərmanda qeyd edilir ki, işğaldan azad olunmuş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Dağ silsiləsi ilə əhatə olunmuş Zəngəzur qəzası isə 1861-ci ildə yaradılmışdır və bu bölgədə hazırda Zəngəzur mahalının Azərbaycan ərazisində yerləşən, eyni zamanda Qarabağa bitişik olan rayonlar: Kəlbəcər, Qubadlı, Cəbrayıl, Laçın və Zəngilan yer alır. Bu tarixi faktlar və amillər kontekstindən yanaşmaqla, regionda iqtisadi rayonlaşma prinsiplərinin müasir reallıqlara uyğunlaşdırılması və tənzimlənməsi vacib idi. Buna görə də dövlət başçısının fərmanı bu məsələləri tənzimləməklə, iqtisadi rayonların yeni bölgüsünü yaratmaqla ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasına, işğaldan azad olunmuş ərazilərin milli iqtisadiyyatımıza reinteqrasiyasının sürətləndirilməsinə, planlaşdırma və proqnozlaşdırma tədbirlərinin daha yüksək səviyyədə təşkilinə imkan verəcəkdir. Bundan əlavə, xarici investisiyaların daha intensiv cəlb olunmasında, daxili investisiyaların məqsədli və səmərəli şəkildə yönəldilməsində, yeni maliyyə mənbələrinin yaradılmasında, əlavə dəyərin strukturunun diversifikasiyalaşdırılmasında yeni iqtisadi rayonların rolu və əhəmiyyəti artacaqdır.
Qeyd edək ki, yeni iqtisadi rayonlaşma prinsipi bütövlükdə ölkənin bütün ərazisi boyunca iqtisadi fəallığın artırılmasına və dövlət investisiyalarının səmərəliliyinin yüksəldilməsinə, ölkə regionlarında sahibkarlığın və biznesin inkişafına, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, əhalinin gəlirlərinin diversifikasiyalaşdırılmasına və yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına əlavə imkanlar formalaşdıracaqdır.
İndiki şəraitdə - Şərqi Zəngəzur iqtisadi rayonunun yeni bölgü əsasında müəyyənləşdirilən ərazisində müxtəlif iqtisadiyyat sahələrinin, o cümlədən sənaye, turizm, kənd təsərrüfatı və aqrar sektorun, ilk növbədə, bitkiçilik və heyvandarlığın inkişaf etdirilməsi üçün böyük təbii və iqtisadi resurslar, həm də potensial vardır. Düzdür, erməni vandalları və barbarları, xarici havadarlarının dəstəyi və qeyri-qanuni investisiyaları, fəaliyyətləri hesabına Zəngəzurun təbii sərvətlərini talan etməyə nail olmuşlar, amma əminik ki, tezliklə onlar bu cinayətlərinin bədəlini ödəməyə məcbur olacaqlar. Zəngəzur mahalında nəhəng biznes quran Ermənistanın ən böyük sənaye qurumu olan Zəngəzur mis-molibden kombinatı 2020-ci ildə 63 milyon vergi ödəyib və Ermənistan üzrə üçünçü ən böyük vergi ödəyicisidir. Bu kombinatın fəaliyyəti həm də bölgədə ekoloji fəlakət ocağıdır, belə ki, istehsal tullantıları və zəhərli birləşmələr təmizlənmədən Oxçuçaya axıdılır və atılır. Son dövrlərdə ölkəmizin görkəmli ictimaiyyət nümayəndələri, mütəxəssislər bu ekoloji fəlakət barəsində beynəlxalq təşkilatlara ardıcıl olaraq müraciətlər və çağırışlar etməkdədirlər. Məqsəd ermənilərin çirkin və cinayətkar əməllərinin qarşısının alınmasından və regionda ekoloji tarazlığın bərpa edilməsindən ibarətdir.
Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması dünya səviyyəsində Azərbaycanın strateji rolunu birə-beş artırır, belə ki, yeni iqtisadi rayonun dirçəldilməsində strateji hədəflərin olması, Zəngəzur dəhlizi vasitəsilə türkdilli dövlətlərin inteqrasiyasının sürətləndirilməsi, Qərblə Şərq, Şimalla Cənub arasındakı yükdaşımaların intensivliyinin artırılması, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsi, nəqliyyat və logistika sektorunun əhəmiyyətli səviyyədə inkişaf etdirilməsi sayəsində ölkəmizin rəqabət qabiliyyətinin, həm də siyasi və iqtisadi qüdrətinin dəfələrlə artmasına real potensial formalaşacaqdır.
 
Şəfa Əliyev
Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru, iqtisad elmləri doktoru
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az