Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı müəllimləri və onların tədris etdiyi fənnlər
İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı müəllimləri və onların tədris etdiyi fənnlər
8 noyabr 1881-ci ildə İrəvan Müəllimlər Seminariyasının fəaliyyətə başlaması şəhərdə yeni tipli ictimai-pedaqoji mühitin formalaşmasına müsbət təsir göstərdi. Burada müxtəlif millətlərin nümayəndələri ilə yanaşı, azərbaycanlılar da təhsil alırdı. İrəvan Müəllimlər Seminariyası və gimnaziyasının təşkil edilməsi Cənubi Qafqazda maarifçiliyin daha geniş vüsət almasına ciddi təsir göstərdi. Seminariyanın məzunları nəinki İrəvanın, eləcə də Tiflis də daxil olmaqla bütün Qafqazda yeni maarifçilik hərəkatının yayılmasında, ictimai-humanitar düşüncənin formalaşmasında mühüm xidmətlər göstərmişdir. İrəvan Müəllimlər Seminariyasında dərs deyən ilk azərbaycanlı müəllim dövrünün görkəmli alimi Məmmədbağır Qazızadə olmuşdur. O, seminariya açılan gündən 1897-ci ilə qədər burada ilahiyyat və tatar (Azərbaycan dili) fənnini, 1897-ci ildən 1917-ci ilədək isə yalnız ilahiyyat fənnini tədris etmişdir. Mirzə Rəhim Xəlilov 1892-ci ildən başlayaraq seminariyada tatar (Azərbaycan dili) dərsini tədris etmişdir. M.R.Xəlilov bu vəzifəyə müəllimi Axund Məmmədbağır Qazızadənin təqdimatı ilə götürülmüşdü. Seminariyada Azərbaycan məktəbləri üçün müəllimlərin hazırlanmasında Axund Məmmədbağır Qazızadənin xüsusi rolu olmuşdu. Axund Məmmədbağır Kazımzadə, Mirzə Məmmədvəli Qəmərli, Rəşid bəy Şahtaxtinski, Həmid bəy Şahtaxtinski, Cəfər bəy Cəfərbəyov, Məmməd Axundov, Axund Məmmədbağır Tağızadə, Mirzə Cabbar Məhəmmədzadə ayrı-ayrı vaxtlarda seminariyada şəriət və ya tatar (Azərbaycan dili) fənnini tədris etmişdilər.  
İrəvan Müəllimlər Seminariyasında 1904-cü ildə Rəşid bəy Şaxtaxtinski, 1907-ci ildə isə Həmid bəy Şahtaxtinski tatar (Azərbaycan dili) fənnini tədris etmişlər.  Həmid bəy 23 oktyabr 1907-ci ildə İrəvan Müəllimlər Seminariyasından azad edildikdən sonra onun yerinə Mirzə Cabbar Məmmədzadə tatar (Azərbaycan dili) fənnini tədris etmişdir. Mirzə Cabbar Məmmədzadə 19 yanvar 1913-cü ilə qədər İrəvan Müəllimlər Seminariyasında tatar (Azərbaycan dili) müəllimi işləmişdir. İrəvan Müəllimlər Seminariyası 1915-ci ildə Sərdarabada (indiki Armavirə) köçürüldü və 1918-ci ilə kimi orada fəaliyyət göstərdi. Həmin dövrdə seminariyaya V.Dobrıni rəhbərlik edirdi. Seminariyada 9 fənn müəllimi, 3 ilahiyyat müəllimi və 1 həkim fəaliyyət göstərirdi. Seminariyada şəriət fənnini Axund Məmmədbağır Qazızadə tədris edirdi. 
İrəvan müəllimlər seminariyasının 1895-ci ildəki vəziyyətinə aid hesabatda göstərilir ki, 1884-cü ildəki ilk buraxılışından 1895-ci il buraxılışı arasında olan müddətdə seminariyanı 123 nəfər bitirmişdir. Onlardan 25 nəfərini azərbaycanlılar, qalanlarını digər dövlətlərin nümayəndələri təşkil edirdilər. İrəvan müəllimlər seminariyasının direktoru V.Dobrıninin 1918-ci ildə yazdığı hesabatdan aydın olur ki, 1915-1916-cı tədris ilində seminariyanı 19 nəfər, 1916-1917-ci tədris ilində 22 nəfər, sonuncu-1917-1918-ci tədris ilində isə 23 nəfər azərbaycanlı bitirmişdir. Ümumiyyətlə 3 il müddətində seminariyanı 316 nəfər bitirmişdi ki, onlardan da 64 nəfərini azərbaycanlılar, 2 nəfərini isə türklər təşkil etmişdir.
1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə  seminariyanın fəaliyyətini dayandırmasına səbəb oldu. Müəllimlərin və tələbələrin bir qismi amansızcasına qətlə yetirildi, sağ qalanlar isə doğma yurdlarını tərk edərək Türkiyə və Azərbaycana qaçaraq pənah gətirdilər. Bəli, ermənilər havadarlarının köməyi ilə bizləri tarixi torpaqlarımızdan didərgin salsalar da, Qərbi Azərbaycanda fiziki varlığımıza son qoysalar da, tarixin səhifələrindən silə bilmirlər. Çünki tarixin hər səhifəsində izimiz və irsimiz var. İrsimizə bütünlüklə sahib çıxmaq vaxtıdır.
 
Sumqayıt Dövlət Universitetinin  Azərbaycan və Şərqi Avropa xalqları 
tarixi kafedrasının baş müəllimi Samir Məhərrəmov
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az