Əsas səhifə | Xəbərlər | Tarixçilərimiz şagirdlərlə görüşdülər
Tarixçilərimiz şagirdlərlə görüşdülər
Sumqayıt Dövlət Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasının əməkdaşları universitetə savadlı gənclərin cəlb edilməsi məqsədilə dekabrın 7-də Sumqayıt şəhər orta məktəblərinə səfər edərək yuxarı sinif şagirdləri ilə görüşlər keçirdilər. Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyində, 5, 36 və 39 saylı tam orta məktəblərdə gələcəyin tələbələri ilə görüş keçirən kafedra əməkdaşları son dövrlərdə təhsildə baş verən yeniliklər və Sumqayıt Dövlət Universitetində həyata keçirilən yenidənqurma işləri haqqında ətraflı məlumat verdilər.
Kafedra müdiri dosent Sona Məhərrəmova çıxış edərək bildirdi ki, son zamanlar Sumqayıt Dövlət Universiteti həm forma, həm də məzmunca dəyişmiş, elm və tədrisin keyfiyyəti yüksəlmişdir. Həyata keçirilən uğurlu tədbirlər nəticəsində universitetimizin siması gündən-günə dəyişir. Bu gün Sumqayıt Dövlət Universiteti yüksək zövqlə təmir olunmuş tədris binaları, laboratoriyaları, fənn kabinetləri, eləcə də ixtisaslaşmış elmi kadr potensialı ilə tələbələrə davamlı təhsil verməkdədir.Hər bir abituriyent Sumqayıt Dövlət Universitetinin bakalavr pilləsinə daxil olub, magistratura və doktorantura pilləsində də təhsilini davam etdirə bilər. Universitetimizin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hörmətli rektorumuz professor Elxan Hüseynovun Rusiya - Azərbaycan Universitetləri Assosiasiyasına Azərbaycan tərəfindən sədr olması SDU-da təhsil alan tələbələrin inkişafına əlavə imkanlar yaratmışdır. Belə ki, Sumqayıt Dövlət Universitetinə daxil olan tələbə Tələbə Elmi Cəmiyyətinin üzvü olmaqla, əsl tədqiqatçı kimi formalaşaraq Rusiya ali təhsil məktəbləri ilə elmi əməkdaşlığa cəlb olunurlar.
Dosent Sona Məhərrəmova onu da qeyd etdi ki, Sumqayıt Dövlət Universitetinə daxil olan tələbə “Mövlanə” tələbə mübadilə proqramı vasitəsilə müəyyən müddətə Türkiyənin ali məktəblərində öz təhsillərini davam etdirə bilərlər. Bir sözlə, tələbələrin hərtərəfli yetişməsi üçün Sumqayıt Dövlət Universitetində münbit şərait yaradılmışdır.
Görüşdə məktəb direktorları Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun həmişə şəhər təhsilinə dəstək və qayğısını hiss etdiklərini bildirdilər. Qeyd etdilər ki, “Sabahın alimləri” layihəsində universitetin kafedraları ilə əməkdaşlıq üçün yaratdığı şəraitə, eləcə də ayrı-ayrı fənn olimpiadalarının təşkilinə görə rektor professor Elxan Hüseynova öz dərin təşəkkürlərini bildirdilər.
Görüşdə şagirdlərə Sumqayıt Dövlət Universiteti, Tarix və coğrafiya fakültəsi haqqında bukletlər paylanıldı, universitetin tanıtım videoçarxı nümayiş etdirildi.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az