Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi
Dekabrın 17-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi. Rektor professor Elxan Hüseynov gündəlikdə olan məsələləri müzakirə etməzdən öncə universitetin kollektivi və tələbə kontingenti üçün önəmli olan sevindirici məlumatı diqqətə çatdırdı. Qeyd etdi ki, Təhsil naziri cənab Ceyhun Bayramovun əmri ilə SDU-nun tələbə yataqxanasının təmiri və yenidən qurulması məqsədi ilə vəsait ayrılıb. Rektor universitetimizin daxili imkanları hesabına əməkdaşların əməkhaqlarının qismən artırılması ilə əlaqədar öz fikirlərini şərh etdi, bildirdi ki, əməkhaqlarının artırılmasında proporsionallıq prinsipi gözlənilməlidir, yəni professorla dosent, dosentlə assistent və s. arasında müəyyən fərq olmalıdır.
2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti barədə bakalavriat səviyyəsində Tədris Metodiki Mərkəzin direktoru dosent İsabal Qurbanov, magistratura səviyyəsində isə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov məlumat verdilər. Bildirdilər ki, qarşıdan payız semestrinin imtahan sessiyası gəlir. Bu il də imtahan sessiyasına ciddi hazırlıq işləri aparılır. İmtahan sualları vaxtında hazırlanıb, tələbələrə çatdırlıb və biletlər tərtib olunub.
2018-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri barədə Elmi hissənin müdiri dosent Samir Orucovun hesabatı dinlənildi. Universitetdə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi istiqamətində aparılan işlərdən bəhs etdi. Qeyd etdi ki, hazırda universitetimizdə 194 nəfər fəlsəfə doktoru, 36 nəfər elmlər doktoru, 1 nəfər AMEA-nın müxbir üzvü və 375 nəfərdən ibarət tədris köməkçi heyət çalışır. 2018-ci ildə əməkdaşlarımız tərəfindən 365 məqalə (onlardan 271məqalə respublikamızda, 94 məqalə xaricdə), 37 məqalə isə impakt faktorlu jurnallarda dərc olunmuşdur. Həmçinin 583 məruzə tezisi (onlardan 498-i respublikamızda, 85-i isə xaricdə) dərc olunmuşdur. Cari ildə 9 elmi tədbir keçirilmişdir, onlardan 4-ü Beynəlxalq elmi konfrans, 4-ü respublika elmi konfransı və 1-i universitetdaxili elmi konfrans olmuşdur. Dosent Samir Orucov onu da qeyd etdi ki, universitetimiz bir çox xarici ölkələrin qabaqcıl universitetləri ilə ikitərəfli və çoxtərəfli formatda genişmiqyaslı əlaqələr qurmuş və bir çox beynəlxalq layihələrdə fəal iştirak edir. Respublikamızda olan universitetlərlə, eləcə də AMEA-nın institutları ilə elmi-pedaqoji istiqamətdə çox sıx əlaqələrimiz və əməkdaşlığımız davam etdirilir. 50-dən artıq universiteti birləşdirən Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasına Azərbaycan tərəfdən SDU-nun rektoru professor Elxan Hüseynovun həmsədrlik etməsi universitetimizin Rusiya universitetləri ilə əlaqələrinin ikitərəfli və çoxtərəfli formatda genişləndirilməsini şərtləndirmişdir. Hazırda SDU ilə Kazan Dövlət Energetika Universiteti arasdında tələbə mübadiləsi aparılır. Eyni zamanda Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının üzvü olan Atırau Dövlət Neft və Qaz Universiteti ilə SDU arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır.
SDU-ilə Kazan Dövlət Energetika Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən bakalavr və magistr hazırlığında tədris planlarının uyğunlaşdırılması və KDEU-da keçirilən elmi-praktik konfransda iştirak barədə dosent Turqay Hüseynov məlumat verdi. Bildirdi ki, dosent Şikar Məmmədovla birgə bölmə iclaslarında məruzə ilə çıxış ediblər. Kazan Dövlət Energetika Universitetində ikili diplom proqramının təşkili və tələbələrin bakalavr diplomları ilə bərabər, fəhlə-peşə dərəcəsinin alınması təcrübəsini öyrənmək məqsədi ilə Cihazqayırma və mexatronika kafedrasının müdiri dosent O.V.Kozelkov, Elektroenergetika və elektronika İnstitutunun direktoru professor İ.V. İvşin və Tədris-metodiki idarənin müdiri professor S.N.Zaripova və digər alimlərlə işçi görüşləri keçiriblər.
Elmi Şuranın qərarlarının yerinə yetirilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Bildirdi ki, Elmi Şuranın sentyabr, oktyabr, noyabr aylarında keçirilən iclaslarında ümumilikdə 69 qərar qəbul edilmişdir. Bu qərarlar fakültə dekanları, kafedra müdirləri və bütün struktur rəhbərləri tərəfindən məsuliyyətlə, ciddi formada və vaxtında yerinə yetirilir. Bir çox qərarlar SDU-nun perspektiv inkişafına hesablanmışdır, onların yerinə yetirilməsi uyğun struktur rəhbərləri tərəfindən diqqət mərkəzində saxlanılır, müəyyənləşdirilmiş tədbirlər davam etdirilir və vaxtaşırı müzakirə olunur. Qeyd edək ki, 2018-ci ildə 11 nəfər əməkdaşımız fəlsəfə doktoru, 1 nəfər elmlər doktoru elmi dərəcəsi, 6 nəfər isə dosent elmi adı almışdır. Hazırda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 19 nəfərin, elmlər doktoru elmi dərəcəsi almaq üçün 2 nəfərin, dosent elmi adı almaq üçün 7 nəfərin işinə AAK-da baxılmaq üzrədir.
Sonra cari məsələlər müzakirə edildi. Qeyd olundu ki, tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi ilə əlaqədar Elmi Şuraya beş tədris vəsaiti daxil olub, onlardan ikisi dərs vəsaiti, üçü isə fənn proqramıdır. Təqdim olunan tədris vəsaitləri müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul olundu.
Sonda rektor professor Elxan Hüseynov Elmi Şura üzvlərinin simasında SDU-nun bütün kollektivini 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdi, onlara cansağlığı və fəaliyyətlərində uğurlar arzuladı.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az