Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycan tələbələrinin II qurultayı başa çatdı
Azərbaycan tələbələrinin II qurultayı başa çatdı
Dekabrın 21-də Təhsil, Gənclər və İdman Nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirildi.
Qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş Nazirin müavini Əli Əhmədov, Təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, millət vəkilləri, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak etdilər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxudu. Baş Nazirin müavini Əli Əhmədov çıxışında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini dedi. Ə.Əhmədov gənclərin və tələbələrin Azərbaycan əhalisinin əhəmiyyətli qismini təşkil etdiyini, onların ölkənin siyasi, iqtisadi, sosial həyatında mühüm rol oynadıqlarını qeyd etdi və qurultayın işinə uğurlar arzuladı. Sonra Təhsil naziri cənab Ceyhun Bayramov çıxış edərək ölkədə həyata keçirilən təhsil və gənclər siyasəti barədə ətraflı məlumat verdi və tələbə-gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu bildirdi. Nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində ali təhsil sisteminin təkmilləşdirildiyini, universitetlərin kadr potensialı və maddi-texniki bazasının gücləndirildiyini, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atıldığını qeyd etdi. Bildirildi ki, hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 662, magistratura səviyyəsində 13 442, orta ixtisas təhsili müəssisələrində 51 819 tələbə təhsil alır.Ötən dövr ərzində Azərbaycan Avropa Ali Təhsil Məkanının bərabərhüquqlu üzvünə çevrilib, ali təhsil müəssisələrinin fəaliyyəti Bolonya prosesinin tələblərinə uğunlaşdırılıb.
Qurultayda çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov tələbə-gənclərlə bağlı həyata keçirilən layihələr, görülən işlər barədə ətraflı məlumat verdi.
Daha sonra Azərbaycan tələbələri haqqında hazırlanmış film nümayiş olundu.
Tədbir tələbələrin çıxışları ilə davam etdi və sonda qurultayın qətnaməsi qəbul olundu.
Qeyd edək ki, qurultayda Sumqayıt Dövlət Universitetinin bir qrup tələbəsi iştirak etdi.
 
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az