Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Heydər Əliyevin Azərbaycan dövlət gənclər siyasəti ” mövzusunda növbəti məşğələ
“Heydər Əliyevin Azərbaycan dövlət gənclər siyasəti ” mövzusunda növbəti məşğələ
Yanvarın 30-da Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Heydər Əliyevin Azərbaycan dövlət gənclər siyasəti” mövzusunda növbəti məşğələ keçirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq ümummilli liderin ölkəmizə rəhbərliyinin hər iki dövründə gənclərə göstərdiyi diqqət və qayğıdan danışdı. Bildirdi ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Gənclərə qayğı ilə yanaşan Ulu öndərimiz onların problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması, intellektual səviyyələrinin, eləcə də ictimai-siyasi fəallıqlarının artırılması məsələlərinə xüsusi diqqət yetirib. Dahi şəxsiyyət hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə peşəkar kadrların hazırlanması və savadlı gənc nəslin yetişdirilməsi ilə bağlı uzaqgörənliklə mühüm tədbirlər həyata keçirib. Məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının qabaqcıl ali təhsil müəssisələrində oxumağa göndərilib. Onların ixtisaslı kadr kimi yetişdirilməsi ölkəmizin gələcək müstəqilliyinin möhkəmləndirilməsində və quruculuq prosesində əhəmiyyətli rol oynadı. Rektor müstəqillik illərində Azərbaycan gəncliyinin inkişaf mərhələləri, dövlətin gənclərə göstərdiyi qayğı və bu istiqamətdə qazanılmış uğurlardan geniş söhbət açaraq qeyd etdi ki, dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu istiqamətdə atılan ən böyük addımlardan biri 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması oldu. 1995-ci ildə isə O, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsinə göstəriş verdi və özü də bu tədbirdə şəxsən iştirak etdi. 1 fevral 1997-ci il tarixində forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu öndər “2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Rektor onu da vurğuladı ki, dövlət gənclər siyasəti dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək idi. Bu gün ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti uğurla davam etdirilir. Gənclərin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkili, fiziki sağlamlığının qorunması diqqətdə saxlanılır, zəruri infrastruktur yaradılır. Görülən işlərin nəticəsidir ki, yüksək intellektli, vətənpərvər, milli düşüncəyə malik gənclər formalaşır. Bu gün ölkəmizdə dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə yüksəlib. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq, ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edir. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldırlar.
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Gənclərlə iş üzrə sədr müavini, universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Elmar Xəlilov “Heydər Əliyevin Azərbaycan Dövlət Gənclər Siyasəti”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının müəllimi Günel Adıgözəlova “İlham Əliyev və Azərbaycanın gənclər siyasəti”, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Nemət İbayev “Könüllülük Vətənə təmənnasız sevgidir”, Tələbə Gənclər Təşkilatının sədri, Fizika və elektroenergetika fakültəsinin IV kurs tələbəsi Nicat Hüseynov “Heydər Əliyev ideyalarının təbliğində Tələbə Gənclər Təşkilatının rolu” Kimya və biologiya fakültəsinin IV kurs tələbəsi Günel Rəhimova “Dövlət gənclər siyasətinin yerinə yetirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti” mövzularında çıxış edərək Ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyəti barədə məlumat verdilər, vətənpərvər, bilikli, sağlam gənc nəslin formalaşmasında ümummilli liderin əvəzsiz xidmətlərindən bəhs etdilər. Qeyd etdilər ki,Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli dövlət proqramları qəbul olunur. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.Aparılan siyasətin, görülən işlərin nəticəsi kimi tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az