Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fakültələrdə Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirildi
Fakültələrdə Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirildi
Fevralın 22-də Sumqayıt Dövlət Universitetində Fizika və elektroenergetika, Mühəndislik, Tarix və coğrafiya fakültələrində əsrin faciəsi adlanan Xocalı qətliamının 27 illiyi münasibətilə silsilə tədbirlər keçirildi.
Öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Çıxışçılar Xocalı soyqırımının səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması üçün görülən işlər barədə danışdılar. Bildirdilər ki, Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etmişlər. Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Hər il bu müdhiş faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürək ağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Heydər Əliyevin yürütdüyü siyasət bu gün Prezident cənab ilham Əliyev tərəfindən layiqincə davam etdirilir, həmçinin Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə hər il beynəlxalq miqyasda “Xocalıya ədalət!” kampaniyası təşkil edilir. Məhz bu siyasətin məntiqi nəticəsi kimi bu gün dünya ictimaiyyəti artıq Xocalı soyqırımının əsl səbəblərini bilir və erməni terrorçularının törətdikləri vəhşilikləri pisləyir.
Tələbələr də çıxışlarında diqqətə çatdırdılar ki, bu faciənin unudulmaması və tarixi həqiqətlərin çatdırılmasında biz gənc nəsil olaraq üzərimizə düşən missiyanı layiqincə yerinə yetirməli, qisas almaq üçün elmimizi, biliyimizi, intellektual səviyyəmizi artırmalı, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev ətrafında sıx birləşərək, düşmən tapdağı altında olan əbədi torpaqlarımızı azad edib Şəhidlərimizin ruhunu şad etməliyik. Biz buna çox inanırıq. Çünki Azərbaycanın çox qüdrətli, güclü ordusu var! Azərbaycanın uğurlu xarici siyasəti, uzaqgörən diplomatiyası, ən nəhayət, xalqımız tərəfindən yekdilliklə, birmənalı şəkildə dəstəklənən Ali Baş Komandanı, Prezidenti var!
Sonra tələbələr vətənpərvər ruhda şeirlər səsləndirdilər, Xocalı faciəsi ilə bağlı sənədli film nümayiş etdirildi.
 
Mətbuat xidməti
  
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az