Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Novruz bayramı təntənə ilə qeyd edildi
Novruz bayramı təntənə ilə qeyd edildi
Novruz bayramının gəlişi əsl ümumxalq və dövlət bayramı səviyyəsində ölkəmizin bütün bölgələrində böyük izdihamla, ruh yüksəkliyi ilə qeyd edilir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz Bayramı Sumqayıt Dövlət Universitetində böyük təntənə ilə qeyd edildi.
Rektor professor Elxan Hüseynov Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışaraq bildirdi ki, əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd etmiş, milli adət-ənənələri öz qəlbində yaşatmışdır. Minilliklər içərisindən keçib gələn bu qədim el bayramı tarix boyu qadağalara və təqiblərə məruz qalsa da, öz gözəlliyini indi də saxlayır. Novruz bayramı sovetlər birliyi dövründə rəsmən yasaq edilsə də, ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi əhəmiyyəti önə çəkilmişdir. Odlar yurdu Azərbaycanımızda Novruz ənənələrinin yaşanması xalqımızın milli-mənəvi dəyərlərə verdiyi ən yüksək qiymətin bariz nümunəsidir. Bu gün Ulu öndərimizin milli dəyərlərimizin yaşadılması ilə bağlı siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil Azərbaycan və onunla birlikdə milli dəyərlərimiz də beynəlxalq aləmdə tanınır və qəbul edilir. UNESCO-nun Novruz bayramını dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil etməsi, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin isə Novruz bayramını - martın 21-ni Beynəlxalq Novruz Günü elan etməsi milli dəyərlərimizin dünya miqyasında təsdiqinin ən gözəl nümunəsidir. Bu işlərdə isə mədəni irsimizin ən böyük qayğıkeşi, Azərbaycanın Birinci–vitse Prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzedilməzdir.
Novruz bayramı münasibətilə öz təbriklərini bir daha çatdıran rektor hər bir ailəyə ruzi-bərəkət, sevinc arzuladı.
Bayram tədbirində el ağsaqqalı Dədə Qorqud Novruzun gəlişi münasibətilə xeyir-dua verdi. Bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı zarafatları ilə şənliyə xüsusi zövq qatdılar. Eyni zamanda milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələri nümayiş olundu. Universitetin “Səma” rəqs qrupunun rəngarəng rəqsləri, respublikamızın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifası tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az