Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fizika və elektroenergetika fakültəsinə dekan seçildi
Fizika və elektroenergetika fakültəsinə dekan seçildi
Aprelin 24-də Fizika və elektroenergetika fakültəsinə dekan seçkisi keçirildi.
Seçki Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq, fakültə əməkdaşlarının ümumi yığıncağında keçirildi. Yığıncağa universitetin rektoru professor Elxan Hüseynov sədrlik etdi.
Fizika və elektroenergetika fakültəsinin dekanı vəzifəsini tutmaq üçün sabiq dekanı, dosent Tamella Əhmədovanın namizədliyi fakültənin mövcud kafedralarında müzakirə olunaraq irəli sürülmüşdür.
Seçki proqramını (platforma) təqdim etmək üçün söz dosent Tamella Əhmədovaya verildi. Dosent Tamella Əhmədova fakültəyə dekan seçkilərində iştirak etmək üçün platformasını təqdim etdi. Bildirdi ki, platformanın əsas istiqamətləri aşağıdakılardır: fakültənin professor-müəllim heyətinin gəncləşməsi və fakültədə xarici əlaqələrin inkişaf etdirilməsi; tələbə kontingentinin bilik səviyyəsinin artırılması; fakültənin maddi-texniki bazasının gücləndirilməsi; məzunların işlə təmin olunması və müəssisələrlə əlaqələrin genişləndirilməsi; fakültədə yeni hazırlanmış laboratoriya stendlərini daha da müasirləşdirmək; açıq səma altında energetika muzeyinin yaradılması və s.
Sonra dosent Tamella Əhmədova rəhbərlik etdiyi fakültənin son 5(beş) ildə xarici əlaqələrindən söhbət açdı. Bildirdi ki, fakültə beynəlxalq layihələrdə iştirak etmək üçün daima axtarışdadır. 2011-2015-ci illərdə Elektroenergetika mühəndisliyi ixtisasına Almaniyanın Təhsil Proqramları üzrə Akkreditasiya Agentliyi (ASİİN) və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şəbəkəsi (ENAEE) tərəfindən akkreditasiya şəhadətnaməsi verilmiş, Avropa standartlarına uyğun ixtisas olaraq akkreditasiya olunmuşdur.
Fizika və elektroenergetika fakültəsinin əməkdaşları dekan vəzifəsini tutmaq üçün namizədliyi irəli sürülən dosent Tamella Əhmədova haqqında fikirlərini bildirdilər. Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının müdiri, prof. M. Zərbəliyev, Elektrotexnika və energetika kafedrasının müdiri dos. N. Hacıbalayev, Elektromexanika kafedrasının müdiri dos. T. Hüseynov, Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasınını dosenti R. İsmayılov, Elektrotexnika və energetika kafedrasının dosenti R. Dadaşova, SDU-nun Elmi katibi professoru M. Səmədov çıxış etdilər. Qeyd etdilər ki, dosent Tamella Əhmədova ötən beş il müddətində fakültə dekanı vəzifəsini layiqincə yerinə yetirmiş, həmin dövrdə fakültədə həm elm, həm də tədris sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.
Əsasnaməyə uyğun olaraq fakültənin dekanı vəzifəsini tutmaq üçün dosent T.Əhmədovanın namizədliyi gizli səsvermə yolu ilə səsə qoyuldu.
Gizli səsverməni aparmaq üçün hesablayıcı komissiyanın üzvləri seçildi.
Gizli səsvermədən sonra hesablayıcı komissiyanın sədri prof. M. Zərbəliyev səsvermənin nəticələrini əks etdirən protokolu oxudu. Protokol ümumi açıq səsvermə yolu ilə təsdiq edildi. Səsvermənin nəticələrinə görə, dosent T.Əhmədova Fizika və elektroenergetika fakültəsinin dekanı vəzifəsinə seçildi.
İclasda çıxış edən rektor bildirdi ki, ölkəmizin kadr potensialının, elmi-mədəni elitasının formalaşmasında xidməti olan universitetimiz bu gün də kadr potensialının inkişafı üçün layihələr gerçəkləşdirir, mühüm uğurlara imza atır. Kadr potensialının, professor-müəllim heyətinin tərkibini zənginləşdirmək, müasirləşdirmək, gəncləşdirmək məqsədi daşıyır. Bu istiqamətdə fakültələrin üzərinə böyük məsuliyyət düşür. Ona görə də fakültələr bilik və bacarıqlarını artırmalı, inkişaf etdirməli, fəaliyyətlərini müasir tələblərə uyğun qurmalıdır.
Dosent Tamella Əhmədovanın rəhbərliyi ilə fakültədə görülən işlərdən, qazanılan uğurlardan, həyata keçirilən layihələr, konfranslar və beynəlxalq əlaqələrdən söhbət açan rektor fakültənin 5 illik fəaliyyətini qənaətbəxş hesab etdiyini bildirərək bununla kifayətlənməməyi və daha böyük hədəflərə doğru irəliləməyin əhəmiyyətini vurğuladı. Rektor professor Elxan Hüseynov dosent Tamella Əhmədovanı təbrik etdi, ona və fakültənin professor-müəllim heyətinə elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzuladı.
Dosent Tamella Əhmədova göstərilən etimada görə rektora və rəhbərlik etdiyi fakültənin kollektivinə təşəkkürünü bildirdi. Universitetin nüfuzunun artması və qarşıya qoyulan hədəflərə dəstək verilməsi üçün əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırdı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az