Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirildi
SDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirildi
Mayın 24-də Sumqayıt Dövlət Universitetində professor-müəllim heyətinin, bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov açaraq ölkəmizdə aparılan gənclər siyasətindən bəhs etdi. Bildirdi ki, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şərait yaradır. Dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmaqdır. Elə Sumqayıt Dövlət Universitetinin tələbələri də bu istiqamətdə fəallıq göstərərək, beynəlxalq olimpiada, bilik yarışları, müxtəlif müsabiqələrdə iştirak edərək yeni-yeni qələbələrlə universitetimizin şərəfini ucaldırlar. Prorektor belə tədbirlərin keçirilməsinin tələbələrin gələcək karyeralarına bir stimul olacağını diqqətə çatdırdı.
Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Tural Əlizadə “Azərbaycanda dövlət qulluğuna qəbul sistemi: cari vəziyyət, çağırışlar və hədəflər” mövzusunda çıxış edərək ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi üzrə milli kadr potensialının formalaşdırılması sahəsində hələ ötən əsrin 70-80-ci illərində gördüyü işlərdən, eləcə də müstəqil Azərbaycanda müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı, bu sahədə hüquqi bazanın yaradılmasında mühüm tarixi xidmətlərindən söz açdı. Bildirdi ki, dövlət qulluğu sisteminin inkişafı və kadrların yetişməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən kadr siyasəti dövlətçiliyimizin bütün sahələrində yeni düşüncəli, savadlı, işgüzar, bacarıqlı, saf mənəviyyatlı, yüksək təşkilatçılıq və informasiyadan istifadə etmək qabiliyyətinə malik olan kadrların hazırlanmasına, onların cəsarətlə seçilib irəli çəkilməsinə böyük zəmin yaradır. Tural Əlizadə Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında söz açdı. Bildirdi ki, dövlət qulluğu sahəsində dövlət siyasəti artıq mərkəz tərəfindən həyata keçirilir. Mərkəzin üzərinə düşən əsas fəaliyyətlərdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir. Ölkə başçısı cənab İlham Əliyevin ölkədə dövlət qulluğu sisteminin təkmilləşməsinə, dövlət qulluqçularının sosial müdafiəsinə göstərdiyi diqqət və qayğı sayəsində dövlət qulluğu cəmiyyətin idarə edilməsində həmişə mühüm rol oynamış və bundan sonra da mühüm rol oynayacaqdır.
DİM Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə “DİM saytı vasitəsilə dövlət qulluğu ilə təqdim edilən elektron xidmətlər” mövzusunda təqdimatla çıxış etdi. O,Azərbaycanda dövlət qulluğuna qəbulun karyeraya əsaslanan sistemə uyğun qurulduğu, dövlət qulluğuna qəbul mexanizmləri, yeni qaydalar, sertifikasiya sistemi və dövlət qulluğu siyasəti ilə bağlı mərkəzin funksiyaları barədə məlumat verdi. Mərkəz tərəfindən dövlət qulluğu və digər kadr siyasəti məsələlərində daha mükəmməl və şaffaf modelə nail olmaq məqsədilə həyata keçirilən tədbirlər və mərkəzin bu istiqamətdəki fəaliyyətindən də bəhs etdi.
Sonra mövzu ətrafında müzakirələr aparıldı, DİM-in fəaliyyəti və dövlət qulluğu sahəsində həyata keçirilən islahatlarla bağlı suallar cavablandırıldı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az