Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi
İyunun 14-də Elmi Şuranın növbəti iclası keçirildi. Universitetin rektoru professor Elxan Hüseynov şura üzvlərini salamladı,15 iyun - Milli Qurtuluş Günü münasibətilə kollektivi təbrik etdi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışının xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olduğunu diqqətə çatdırdı. Rektor gündəlikdə duran məsələlər barədə məlumat verdi. Sonra gündəlikdə olan məsələlər müzakirə olundu.
SDU-da tədris olunan fənlərin fənn proqramları və sillabuslarla təminatının vəziyyəti və onların dövlət standartlarına uyğunluğu barədə universitet üzrə yaradılmış işçı qrupun rəhbəri dosent İlqar Səfərli məlumat verdi. Qeyd etdi ki, universitetin bütün kafedralarında fənn proqramları və sillabusların hazırlanması kifayət qədər sistemli və dövlət standartlarına uyğun formada keçirilir.
SDU-nun növbəti akkreditasiyasına hazırlıq işlərinin təşkili və hazırlıq işlərinin davam etdirilməsi məqsədilə özünütəhlil komissiyasının yaradılması barədə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov məlumat verdi və 29 nəfərdən ibarət özünütəhlil komissiyasının tərkibi təsdiq edildi.
Azərbaycan Universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişafı ERASMUS+ EQAC layihəsinin icrasının vəziyyəti və SDU nümayəndə heyətinin layihə çərçivəsində İspaniya Krallığının Alikante Universitetinə ezamiyyətinin nəticələri haqqında Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d Samirə Məmmədova məlumat verdi.
Sumqayıt şəhər orta məktəb şagirdləri arasında SDU-da keçirilən fənn olimpiadalarının yekunları haqqında fakültə dekanları ətraflı çıxış etdilər.Qeyd etdilər ki, Sumqayıt şəhərinin orta məktəb şagirdləri arasından kifayət qədər istedadlı şagirdlər aşkar edilmiş və onlar Sumqayıt Dövlət Universitetinin rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır.
Aprel-may aylarında SDU-da keçirilən elmi konfransların nəticələri barədə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov məlumat verdi. Bildirdi ki, SDU-da keçirilən bütün konfranslar yüksək təşkilatçılıqla, İKT sistemindən maksimum və səmərəli istifadə etməklə, xarici ölkələrin ali təhsil müəssisələrindən nüfuzlu alimlərin iştirakı və konfrans materiallarının konfransdan əvvəl nəfis tərtibatda nəşr olunması ilə həyata keçirildi.
Cari məsələlər üzrə Elmi Şuraya təqdim olunan tədris planlarının və tədris vəsaitlərinin müzakirəsi aparıldı.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov qeyd etdi ki, Mühəndislik fakültəsi üzrə Nəqliyyatda daşımaların və idarə edilməsinin təşkili mühəndisliyi ixtisası praqnoz planda nəzərdə tutulub, fakültənin mütəxəssisləri tərəfindən baxılıb və razılaşdırılıb. Aparılan müzakirələrdən sonra tədris planı təsdiq olundu.
Sonra Elmi katib professor Muxtar Səmədov Elmi Şuraya daxil olan 15 tədris vəsaiti haqqında məlumat verdi. Hər bir tədris vəsaiti müzakirə olundu və nəşr olunmasına icazə verildi. Bununla da Elmi Şuranın iclası başa çatdı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az