Əsas səhifə | Xəbərlər | Tələbə yay məktəbinin iştirakçıları universitetin ixtisaslaşdırılmış auditoriyaları ilə tanış oldular
Tələbə yay məktəbinin iştirakçıları universitetin ixtisaslaşdırılmış auditoriyaları ilə tanış oldular
Təhsil Nazirliyinin dəstəyi və Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində keçirilən “Odlar Yurdu Azərbaycana səyahət” Tələbə yay məktəbinin açılış mərasimindən sonra xarici tələbələr universitetlə tanış oldular. Onlar müxtəlif laboratoriya və ixtisaslaşdırılmış auditoriyalarda oldular.
Tarix və coğrafiya fakültəsinin dosenti Əmirxan İsayev iştirakçıları “Ümumi tarix” fənn kabineti ilə tanış etdi. Bildirdi ki, fənn kabineti 4 stend olmaqla, 4 tarixi dövrdən: qədim, orta əsrlər, yeni və ən yeni dövrdən ibarətdir. Fənn kabinetinin stendlərinin mövzuları Tarix ixtisasında tədris olunan fənlərin məzmununa uyğun müəyyənləşdirilmişdir. Fənn kabineti bütün tarixi dövrlərin ən vacib hadisələrini özündə əks etdirməklə yanaşı, elmi informasiya daşıyıcılığı baxımından zəngindir və müasir zövqlə tərtib edilmişdir.
Dosent Əmirxan İsayev xarici tələbələrə dünya tarixindən və ermənilərin nəinki Azərbaycan torpaqlarına, o cümlədən Rusiya torpaqlarına, əsasən Volqaboyu ərazilərin ermənilərə aid olduğu iddialarını qeyd etdi. Bildirdi ki, Ermənistan adında təcavüzkar qonşumuz hələ XIX əsrin əvvəllərindən "Böyük Ermənistan" yaratmaq xülyası ilə Azərbaycan torpaqlarına göz dikib. Onlar zaman-zaman bu plan üzərində işləməyə başladılar. Yüzlərlə terror hadisəsi törətdilər, insanları qətlə yetirdilər. Xarici tələbələr Azərbaycan tarixi ilə bağlı xeyli həqiqətləri öyrənib, ermənilərin necə vəhşiliklər törətdiklərindən məlumatlı oldular.
Sonra qonaqlar “Azərbaycan tarixi” fənn kabineti ilə tanış oldular. Dosent Elmar Xəlilov fənn kabineti haqqında məlumat verərək bildirdi ki, fənn kabinetində qədim dövrdən başlayaraq, müasir dövrə qədər mövcud olmuş Azərbaycan dövlətlərinin (o cümlədən xanlıqlar dövrünün) xəritələrinə və eləcə də həmin dövlətlərin yaradılmasında və fəaliyyətində mühüm rol oynamış dövlət və siyasi xadimlərin portretlərinə daha çox üstünlük verilmişdir. Azərbaycan dövlətlərinin ərazisində olan ən mühüm maddi mədəniyyət abidələrinin də şəkilləri öz əksini tapmışdır. Kabinetə daxil olarkən qısa müddət ərzində Azərbaycanda qədim dövrdən müasir dövrümüzə qədər mövcud olmuş dövlətlər və onların əraziləri haqqında kifayət qədər məlumatlar əldə etmək mümkün olur. Bununla yanaşı, kabinetdə Çar Rusiyasının hakimiyyəti dövrünə aid Azərbaycanın quberniya və şəhərlərinin gerbləri, Azərbaycan Xalq Cümhuriyyətinə aid olan xəritə və dövlətlər siyasi xadimlər, orden, medal və valyutalar haqqında məlumatlar verilmişdir.
Dosent Elmar Xəlilov Azərbaycan-Rusiya münasibətlərindən, qonşuluq, dostluq və iqtisadi əlaqələrdən danışdı. Tələbələrə Azərbaycanın dövlətçilik tarixindən və dövlətçilik tarixinin e.ə. III minillikdən başlanılmasından, Dağlıq Qarabağ problemindən və.s mövzulardan bəhs etdi.
Dosent Əmirxan İsayev Azərbaycanın beynəlxalq əlaqələrindən, sosial, mədəni, iqtisadi inkişafından, bu inkişafda Ulu öndər Heydər Əliyevin və ölkə başçısı cənab İlham Əliyevin daxili və xarici siyasətindən geniş söhbət açdı.
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az