Əsas səhifə | Xəbərlər | SDU-da III Respublika innovasiya müsabiqəsi barədə maarifləndirici tədbir keçirildi
SDU-da III Respublika innovasiya müsabiqəsi barədə maarifləndirici tədbir keçirildi
Sentyabrın 23-də Sumqayıt Dövlət Universitetində Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə III Respublika innovasiya müsabiqəsinin təşviqi məqsədilə maarifləndirici tədbir keçirildi.
Qeyd edək ki, müsabiqə İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycandakı filialı və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi ilə birgə elan olunub. Müsabiqənin keçirilməsində məqsəd BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının və milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icrasına dəstək verməkdir.
Tədbiri giriş sözü ilə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov açaraq, qonaqları salamladı, ölkədə innovasiyaların geniş yayılmasından, tələbələrin potensial bilik və bacarıqlarının reallaşdırılması sahəsində görülən işlərdən , beynəlxalq, respublika və şəhər səviyyəsində keçirilən müsabiqələrdə əldə olunan uğurlardan danışdı. Qeyd etdi ki, tələblərimiz respublika və beynəlxalq əhəmiyyətli layihə və müsabiqələrdə Azərbaycan elmini layiqincə təmsil edirlər.
İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov çıxış edərək, ölkəmizdə iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin və ixrac potensialının artırılması, həmçinin ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından innovasiyaların vacibliyini vurğuladı, müsabiqə qaydalarını gənc tədqiqatçıların diqqətinə çatdırdı və gəncləri layihədə fəal iştiraka çağırdı.
BMT–nin Kənd Təsərrüfatı Agentliyinin nümayəndəsi Namiq Məmmədov çıxış edərək gənclərin innovasiya sahələrinə marağının yaradılması və peşəkarlığının artırılması baxımından belə müsabiqələrin keçirilməsinin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, son illər Azərbaycanın innovasiya proseslərinə inteqrasiyası, innovasiya iqtisadiyyatına keçidi təmin edən tədbirlərin reallaşdırılması və təşviqi mühüm strateji proqram və sənədlərdə, o cümlədən “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və müxtəlif sektorları əhatə edən Strateji Yol Xəritələrində öz əksini tapıb.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov çıxış edərək, innovasiyaların əhəmiyyəti barədə danışdı, belə müsabiqələrin gələcəkdə innovativ sahələrə investisiya qoyuluşlarının təşviq edilməsinə, elmi nailiyyətlərin və innovasiyaların müxtəlif sahələrdə tətbiqinə, habelə milli innovasiya sisteminin təkmilləşdirilməsinə töhfə verəcəyini diqqətə çatdırdı və tələbələri fəal olmağa səslədi.
Sosial innovasiya laboratoriyasının nümayəndəsi Aytac Əsgərova III Respublika innovasiya müsabiqəsinin mərhələləri ilə bağlı təqdimatla çıxış etdi.
Daha sonra layihə ilə bağlı videoçarx nümayiş olundu, iştirakçıların sualları cavablandırıldı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az