Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız TEMPUS layihəsi ilə əlaqədar xaricdə ezamiyyətdə oldular
Əməkdaşlarımız TEMPUS layihəsi ilə əlaqədar xaricdə ezamiyyətdə oldular

Azərbaycan Təhsil sistemində  özünə məxsus yeri ilə seçilən SDU  beynəlxalq əməkdaşlıq sahəsində artıq kifayət qədər təcrübəyə malikdir. Belə ki, universitetimiz Avropa İttifaqının 4 TEMPUS layihəsinin iştirakçısıdır.  Bunlardan biri  “Əlilliliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” adlı  TEMPUS layihəsidir.
Sumqayıt Dövlət Universitetinin iki əməkdaşı-Humanitar məsələlər üzrə prorektoru dosent Nizami Namazov və Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri dosent Turqay Hüseynov layihə çərçivəsində Avstriyanın Qraz və Yunanıstanın Makedoniya universitetlərində işgüzar səfərdə olmuşlar.
3 gün davam edən görüşdə layihə çərçivəsində korluğu olan tələbələr, bələdçilik mövzuları müzakirə olunmuş, əlil tələbələr üçün texnologiyanın təqdimatı, görmə əlilliyi olan tələbələr üçün kitabxana xidmətləri, əlillərin ehtiyaclarının müəyyənləşdirilməsi və təhlili mövzuları ətrafında fikir mübadiləsi və müzakirələr aparılmışdır.
Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasını  sürətləndirmək və bu sahədə Avropa təcrübəsini universitetlərdə tətbiq etməkdir.
Layihənin Avropa təşkilatları aşağıdakılardır.
- Qraz universiteti (Avstriya)
- Makedoniya Universiteti (Yunanıstan)
- Lodz Universiteti (Polşa)
- European Human Consultancy təşkilatı (Hollandiya)
Azərbaycan tərəfdən layihənin tərəfdaş təşkilatları Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Univesiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universitetləri və Azərbaycan Əlil Təşkilatları İttifaqıdır.
Qeyd edək ki, layihə çərçivəsində görüləcək işlər bunlardır;
- əlillərin cəlb edilməsi üçün qaydalar və siyasətin hazırlanması
- əlil insanlarla işləmək ücün kadr hazırlığının aparılması
- hər bir yerli tərəfdaş universitetdə əlillər üçün mərkəzlərin yaradılması
- Azərbaycanın ali məktəblərində əlilliyi olan şəxslər üçün fiziki mühitin inkişaf etdirilməsi
- İctimai məlumatlılığın artırılması
Onu da qeyd edək ki, SDU-da artıq əlil tələbələrin təhsil almaları üçün  hər cür şəraiti olan otaq ayrılmışdır.
Layihə üzrə nəzərdə tutulan işlər davam etdirilir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az