Ölkəmizdə Ümummili lider Heydər Əliyevin anadan  olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər sırasına “yaşıllaşdırma,  abadlaşdırma, quruculuq” işləri də daxildir.
Ulu öndər Heydər Əliyevin  Azərbaycana rəhbərlik etdiyi 1970-80-ci illərdə respublikamızda ekoloji məsələlərin  həllinə böyük diqqət göstərilirdi. Ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Heydər  Əliyev özünəməxsus tükənməz enerji ilə sənaye və kənd təsərrüfatının dirçəldilməsi,  elm və mədəniyyətin inkişaf etdirilməsi sahəsində böyük işlər görməklə yanaşı, ətraf  mühitin mühafizəsi, ekoloji problemlərin həll olunması, yaşayış məskənlərinin abadlaşdırılması  və yaşıllaşdırılması məsələlərinə də daim diqqətlə yanaşırdı. 
Ulu öndər Heydər Əliyevin təbiətə,  gözəlliyə vurğunluğu, ətraf mühitə sayğısız münasibət göstərilməsinə qarşı  barışmazlığı və qətiyyəti bu gün Prezident cənab İlham Əliyevin də fəaliyyətinin  başlıca prioritetlərindəndir. Yeni yaşıllıqların  salınmasını ekologiyanın qorunmasında ən mühüm amillərdən sayan dövlət  başçısının “Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər”  haqqında sərəncamında da paytaxtın yaşıllaşdırılması və ətraf landşaftın  estetik zövqlə tərtib edilməsi istiqamətində bir sıra tədbirlər nəzərdə  tutulmuşdur.
Eyni zamanda, bu ilin noyabr ayından başlayaraq ölkəmizdə  Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq  Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ağacəkmə  kompaniyasına start verilmişdir. Respublikamızın hər bir güşəsində çoxlu ağac və  gül kollarının əkilməsinə başlanılmışdır. “Yaşıllıq həm gözəllik, həm də sağlamlıqdır, ekologiyanın qorunmasında ən mühüm amildir” devizi  altında mayın 2-də Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim  və tələbə heyəti ali təhsil ocağının ətrafında səliqə-səhman yaradaraq 500 şam  ağacı, 300 həmişəyaşıl kol, 6 palma ağacı əkmiş, bəzi ərazilərə qazon qatı  döşəyərək gübrə vermiş, voleybol meydançasını istifadəyə yararlı hala gətirilmiş, yaxın vaxtlarda tennis kortunun  da təhvil veriləcəyi  nəzərdə tutulmuş, belə iməcliklərin bundan sonra da təşkil olunacağı iştirakçıların diqqətinə çatdırılmışdır.
Mətbuat xidməti