Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirildi
SDU-da “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirildi
Oktyabrın 25-də Sumqayıt Dövlət Universitetində “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə açan universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov “Bir” Tələbə-Könüllü Proqramının məqsədi, əhəmiyyəti və gənclər üçün yaratdığı imkanlardan danışdı, tələbələri ölkədə həyata keçirilən könüllülük fəaliyyətində aktiv olmağa, ölkəmizin inkişafı üçün səylə çalışmağa və layihədə fəal iştirak etməyə çağırdı.Qeyd etdi ki, bu layihə gənclərin fərdi inkişafına, müxtəlif sahələrdə təcrübə qazanmaları, bilik və bacarıqlarını artırmaları, aktiv tələbə həyatı yaşamalarına şərait yaradır. Prorektor həmçinin Sumqayıt Dövlət Universitetinin könüllü tələblərinin beynəlxalq və ölkədaxili tədbirlərdə fəal iştirakından danışdı.
“BİR” Tələbə-Könüllü Proqramının üzvü Mehman Mirzəzadə çıxış edərək bildirdi ki, “BİR” Tələbə-Könüllü Proqramı 4 ildir fəaliyyət göstərir. Könüllülərin sayının getdikcə artdığını vurğulayan Mehman Mirzəzadə onu da qeyd etdi ki, 6 istiqamətdə fəaliyyət göstərən proqram yarandığı gündən bu günə kimi 500-dən çox dövlət və qeyri-dövlət tədbirlərinin təşkilinə öz könüllü dəstəyini verib.
“BİR” Tələbə-Könüllü Proqramının nümayəndəsi Mənsurə Məhərrəmova proqramın yaranması, fəaliyyəti, məqsədi, üstünlükləri və gənclər üçün yaratdığı imkanlar haqqında geniş məlumat verdi. Bildirdi ki, bu proqram ölkədə vahid tələbə - könüllü bazasının yaradılması, könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi, tələbələrin könüllü fəaliyyətlə məşğul olmalarının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Qeyd edib ki, bu proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunaraq, dünyagörüşlərini genişləndirir və akademik təhsildən ayrılmadan sosial fəallıqlarını artırırlar. Proqramın seçim meyarlarına tələbənin könüllü şəkildə proqram və tədbirlərdə iştirak etməsi, təhsil aldığı ali təhsil müəssisəsində ictimai fəallığı ilə seçilməsi, yüksək təşkilatçılıq bacarığı, stressə davamlılığı, qətiyyətli, əzmli, məsuliyyətli və diqqətli olması, təhlil etmək və araşdırma aparmaq bacarığının olması, yaradıcılığı, yenilikçiliyi, işgüzar etiket haqqında məlumatlılığı, müxtəlifyönümlü ictimai işlərdə təcrübəyə malik olması, xarici dilləri bilməsi daxildir. Mənsurə Məhərrəmova proqramla bağlı bir çox universitetlərdə tədbirlər keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, bu proqram könüllü tələbələrə Avropa ölkələrində keçirilən beynəlxalq tədbirlərdə də iştirak etmək imkanı verir.
Təqdimatda “BİR” Tələbə-Könüllü Proqramı ilə bağlı videoçarxlar nümayiş etdirilib, maraqlı oyunlar keçirildi, tələbə-gənclərin proqramla bağlı sualları cavablandırıldı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az