Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi
Oktyabrın 23-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi. Rektor professor Elxan Hüseynov iclası giriş sözü ilə açaraq, şura üzvlərini salamladı və gündəlikdəki məsələlərlə tanış etdi.
2019-2020-ci tədris ilində SDU-da keçiriləcək akkreditasiya ilə əlaqədar özünütəhlilin nəticələri barədə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov çıxış edərək bildirdi ki, universitetin rektorunun 24.07.2019-cu il tarixli, R-44/1 nömrəli əmri ilə, 2020-ci ildə universitetdə keçiriləcək akkreditasiyaya hazırlıq məqsədilə 29 nəfərdən ibarət özünütəhlil komissiyası yaradılmışdır. İlk növbədə fakültələrdə buraxılış kurs tələbələri üçün test fənləri kataloqu hazırlanmış və həmin fənlər üzrə kafedralarda fənn müəllimləri və kafedra müdirləri tərəfindən testlər hazırlanmış və buraxılış kurs tələbələrindən imtahan götürülmüşdür. Prorektor qeyd etdi, verilmiş meyarlar əsasında 11 bənd və 54 alt bənd üzrə özünütəhlil hesabatı hazırlanmışdır. Hesabatda SDU-nun struktur bölmələrinin qarşılıqlı fəaliyyətinin təşkili, idarəetmənin universitetin nizamnaməsinin tələblərinə uyğunluğu, universitetdə hazırlanmış tədris sənədlərinin mövcud qanunvericiliyə uyğunluğu, tədris planlarında olan fənlərin və onların proqramlarının məzmunun dövlət təhsil standartlarının tələblərinə uyğunluğu, elmi-tədqiqat işlərinin inkişaf dinamikası, beynəlxalq əlaqələrin daha da genişləndirilməsi, beynəlxalq proqramlarda iştirak, universitetin maddi-texniki bazası və digər məsələlər şərh edilmişdir.
Sumqayıt Dövlət Universitetinin doktorant və dissertantlarının elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin vəziyyəti haqqında Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov çıxış edərək bildirdi ki, universitetin doktoranturasında fəlsəfə doktoru proqramı üzrə 2009-2019-cu illərdə 194 nəfər doktorant və dissertant təhsil alıb. 194 nəfərin 97 nəfəri hal-hazırda təhsillərini davam etdirir, 97 nəfər isə doktoranturanı bitirib.
Sonra İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Əbədiyyətin Nəsimi zirvəsi” adlı məqalələr toplusuna nəşr hüququ verilməsi (Buraxılışa məsul: professor Avtandil Məmmədov) məqsədilə müzakirələr aparıldı və nəşr olunması qərara alındı. Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının elmlər doktoru proqramı üzrə dissertantı dosent Dəyanət Cümənovun doktorluq dissertasiyasının mövzusunun təsdiqi və elmi məsləhətçinin təyini məsələsi təsdiq olundu.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Qeyd etdi ki, Elmi Şuraya 23 tədris vəsaiti daxil olub. Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az