Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ufa Dövlət Neft-Texniki Universitetinin təşəbbüsü ilə Böyük Vətən Müharibəsinin 74 illiyinə həsr olunmuş “Heç kim unudulmur və heç nə yaddan çıxmır” mövzusunda inşa müsabiqəsinin qaliblərinə diplomların təqdimetmə mərasimi keçirildi
Ufa Dövlət Neft-Texniki Universitetinin təşəbbüsü ilə Böyük Vətən Müharibəsinin 74 illiyinə həsr olunmuş “Heç kim unudulmur və heç nə yaddan çıxmır” mövzusunda inşa müsabiqəsinin qaliblərinə diplomların təqdimetmə mərasimi keçirildi
Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyası çərçivəsində Ufa Dövlət Neft-Texniki Universitetinin təşəbbüsü ilə Böyük Vətən Müharibəsinin 74 illiyinə həsr olunmuş “Heç kim unudulmur və heç nə yaddan çıxmır” mövzusunda keçirilən inşa müsabiqəsində SDU-nun müəllim və tələbələrinin məqalələri kitab şəklində dərc olunmuş, qaliblər diploma layiq görülmüşlər. Oktyabrın 30–da Sumqayıt Dövlət Universitetində müsabiqə qaliblərinə diplomların təqdimetmə mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev açdı və Böyük Vətən Müharibəsində, eləcə də Qarabağda şəhid olmuş həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. Prorektor tədbirin əhəmiyyətindən və həmvətənlərimizin faşizm sisteminin dünyanı işğal etməsinin qarşısının alınmasında fəal iştiraklarından bəhs etdi. Böyük Vətən Müharibəsi iştirakçılarının tarixi keçmişimizin şanlı səhifələrini əks etdirən canlı əfsanələr olduğunu vurğuladı. Belə müsabiqələr gənclərin vətənpərvərlik hisslərinin artırılmasına bir stimuldur. Dosent Qafar Atayev Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyası haqqında məlumat verərək, onun 2015-ci ilin noyabr ayında yarandığını və buraya Rusiya tərəfdən 36, Azərbaycan tərəfdən 17 ali təhsil müəssisəsinin daxil olduğunu qeyd etdi. Bildirdi ki, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri SDU-nun rektoru professor Elxan Hüseynov, Rusiya tərəfdən həmsədri UDNTU-nun rektoru akademik Ramil Baxtizindir. Prorektor Assosiasiyanın 4 illik fəaliyyəti haqqında geniş məlumat verdi. Bildirdi ki, SDU-nun rəhbər işçiləri, alimləri, tələbələri dəfələrlə keçirilən forumlarda, tələbə forumlarında, fənn olimpiadalarında iştirak edirlər. Eyni zamanda rusiyalı alimlər SDU-da təşkil olunan elmi konfranslarda iştirak edir, tələbələrə mühazirə oxuyurlar. Onlar həmçinin elmi-tədqiqat işlərinin nəticələrini qarşılıqlı olaraq “Elmi xəbərlər” jurnallarında nəşr etdirirlər. Bu da universitetimizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsindən və böyük nüfuza malik olmasından xəbər verir. Assosiasiya çərçivəsində universitetdə reallaşdırılan proqram və beynəlxalq layihələr haqqında məlumat verən prorektor onu da diqqətə çatdırdı ki, Sumqayıt Dövlət Universiteti Təhsil Nazirliyinin dəstəyi, Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının təşkilatçılığı ilə cari ilin iyul ayının 14-dən 21-dək “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay məktəbinə yüksək səviyyədə ev sahibliyi etdi. Yay məktəbi çərçivəsində müxtəlif seminar, görüş, dəyirmi masa, əlverişli turizm məkanlarına ekskursiyalar təşkil edildi və tələbələr ölkəmizin tarixi- memarlıq abidələri, təbiəti və milli mətbəxi ilə tanış oldular. Tələbə Yay məktəbində Rusiya Federasiyası və yerli ali təhsil müəssisələrindən ümumilikdə 70-ə yaxın tələbə və müəllim iştirak etdi. Bu Yay məktəbi həm ölkəmizdə, həm də Rusiya Federasiyasında böyük əks-səda doğurdu. Rusiya xəbər agentlikləri bu məsələni ətraflı işıqlandırdılar. Bu gün Rusiyanın bir çox universitetləri assosiasiyaya qoşulmaq üçün müraciət edirlər. Bu da onu göstərir ki, ölkələrimiz arasında iqtisadi, mədəni, o cümlədən elm və təhsil sahəsində ikitərəfli münasibətlər durmadan inkişaf edir.
Böyük Vətən Müharibəsinin 74 illiyinə həsr olunmuş “Heç kim unudulmur və heç nə yaddan çıxmır” mövzusunda keçirilən inşa müsabiqəsində müəllim, əməkdaş və tələbələr iştirak edərək, diplomlara layiq görülmüşlər. Diplomları və “Heç kim unudulmur və heç nə yaddan çıxmır” adlı nəfis tərtibatda çap olunan kitabları Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev qaliblərə təqdim etdi.
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova universitetdə reallaşdırılan proqram və beynəlxalq layihələr haqqında məlumat verdi. Bildirdi ki, Sumqayıt Dövlət Universitetində Tvining, TAIEX, ERASMUS+ KA2, Mövlanə Mübadilə proqramı və s. layihələr uğurla gerçəkləşir.
Sonda dosent Qafar Atayev belə müsabiqələrin vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyət kəsb etdiyini və ölkə başçısının rəhbərliyi ilə qələbə bayrağımızın tezliklə Qarabağın bütün bölgələrində dalğalanacağına ümidvar olduğunu bildirdi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az