Mayın 1-də  Sumqayıt Dövlət Universitetində Türkmənistanın Azərbaycandakı səfirinin 1-ci  katibi Batır Rəcəbov “Türkmənistanın daimi bitərəfliliyi: müasir erada xarici  siyasət strategiyasında yeni keyfiyyət” mövzusunda tələbələrə seminar keçirdi.
  Tədbiri giriş  sözü ilən açan universitetin Humanitar məsələlər üzrə prorektoru Nizami  Namazov  Azərbaycan ilə Türkmənistan  arasında fəal əməkdaşlığın həyata keçirildiyini, siyasi münasibətlərimizin  yüksək səviyyədə olduğunu, iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini  vurğuladı. Prorektor ölkələrimiz arasında əlaqələrin dinamizminin bundan sonra  da qorunacağına, dost və qardaş xalqlarımız arasında münasibətlərin  gündəliyinin genişlənəcəyinə və bu münasibətlərin daha da irəli gedəcəyinə  ümidvar olduğunu bildirdi.
  Prorektor qeyd  etdi ki, ulu öndər Heydər Əliyev  Türkmənistan ilə siyasi, iqtisadi,  mədəniyyət sahəsində əməkdaşlığa daim önəm verirdi, bu gün də Ümummilli liderin  layiqli davamçısı cənab Prezident İlham Əliyevin Türkmənistan Prezidenti  Qurbanqulu Berdiməhəmmədovla dostluq və qardaşlıq münasibətləri qarşılıqlı və  dərin hörmət əsasında qurulub. Türkmənistanın  birtərəfliliyinin beynəlxalq aləmdə  tanınmasının 20-ci ildönümü ərəfəsində “Sülh və birtərəflilik ili” adı altında  keçirdiyiniz silsilə tədbirə görə Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekova  universitetimizin rəhbərliyi və öz adımdan təşəkkür edirəm.
  Türkmənistanın  Azərbaycandakı səfirinin 1-ci katibi Batır Rəcəbov bu  cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında dostluq əlaqələrinin  möhkəmliyinə dəlalət etdiyini söylədi. O, iki dövlət arasında münasibətlərin  gələcəkdə daha da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirdi və 20 oktyabr  2014-cü ildə Türkmənistan Ali Sovetinin qərarı əsasında 2015-ci il  “Sülh və bitərəflilik ili” elan edildiyini  diqqətə çatdırdı. Bu qərara uyğun olaraq biz də Azərbaycan və Türkmənistan əlaqələrinin  hərtərəfli inkişaf  etməsi üçün belə  silsilə tədbirlərdən birinin SDU-da keçirilməsini təqdirəlayiq hesab edirik.  Buna görə də  bizə yaratdığı şəraitə görə  universitetin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.
  Sonda  tələbələrin sualları cavablandırıldı.
Mətbuat xidməti