Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
SDU-da İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq noyabrın 5-də Sumqayıt Dövlət Universitetində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Əbədiyyətin Nəsimi zirvəsi” adlı tədbir keçirildi.
Yubiley tədbirində universitetin müəllim-tələbə heyəti ilə yanaşı, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri professor Cəlil Nağıyev iştirak etdilər.
Əvvəlcə universitetin Heydər Əliyev Mərkəzində fotoşəkillərə və kitab sərgisinə baxış keçirildi, naziri müavini Məhəbbət Vəliyeva xatirə kitabına ürək sözlərini qeyd etdi.
Nazir müavini Məhəbbət Vəliyeva universitetin ayrı-ayrı fakültələr, auditoriyalar və laboratoriyalarında, TEMPUS otağı, tədris otaqlarında, kompüter və informasiya, PETRA layihəsi çərçivəsində Təlim və Öyrənmə mərkəzlərində oldu. Təhsil müəssisəsinin maddi-texniki bazası ilə, tədrisin keyfiyyəti ilə maraqlandı. Universitetin müəllim-tələbə kollektivi ilə görüşdü, onları maraqlandıran sualları cavablandırdı və bir sıra tövsiyələrini verdi.
Sonra tədbir iştirakçıları universitetin foyesində “Nəsiminin ən yaxşı portreti və qəzəllərinə illüstrasiyalar” mövzusunda təşkil olunan sərgiyə baxış keçirdilər.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq, Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanı, BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyevi və tədbir iştirakçılarını salamladı. Rektor Nəsiminin yubileyinin dövlət səviyyəsində qeyd olunması və xalqımızın mənəvi dəyərlərinin yaşadılması istiqamətində şair və yazıçıların, mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi və şairin anadan olmasının 650 illik yubileyinin təntənəli şəkildə qeyd olunması böyük söz sahibinin xatirəsinə dərin ehtiramın ifadəsi, ölkəmizdə şairə verilən yüksək dəyərin göstəricisi, eyni zamanda Azərbaycan mədəniyyətinin zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Bildirdi ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə və onun hüdudlarından kənarda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə yüksəksəviyyəli tədbirlər keçirilir. Bugünkü tədbirimiz də Sumqayıt Dövlət Universitetində keçirilən silsilə tədbirlərdən biridir. “Nəsiminin söz dünyası” mövzusunda inşa müsabiqəsi, fakültələrdə dəyirmi masa və tədbirlər təşkil olunmuş, böyük Azərbaycan şair və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunan " Əbədiyyətin Nəsimi zirvəsi " adlı kitab nəşr edilmişdir.
Rektor şairin çox mürəkkəb və ziddiyyətli bir inkişaf yolu keçdiyini, Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoyduğunu, şairin XV əsrdən etibarən bütün türk ədəbiyyatına qüvvətli təsir göstərdiyini, əsərlərinin əlyazma şəklində geniş yayılaraq, dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanıldığını qeyd etdi. Bildirdi ki, Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Nəsiminin anadan olmasının 600 illiyinin UNESCO-nun tədbirlər siyahısına daxil edildiyini və 1973-cü ildə beynəlxalq səviyyədə dünya miqyasında geniş qeyd olunduğunu, görkəmli mütəfəkkirin adının əbədiləşdirilməsi məqsədilə Bakı rayonlarından birinə, eyni zamanda AMEA-nın Dilçilik İnstitutuna Nəsiminin adının verildiyini, şəhərin mərkəzində heykəlinin ucaldıldığını, Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazının yaradıldığını qeyd etdi.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək, kollektivi salamladı. Sumqayıt Dövlət Universitetində ilk dəfə olduğunu, buradakı yenidənqurma və abadlıq işlərinin yüksək səviyyədə aparıldığını diqqətə çatdırdı. Bir çox auditoriya və laboratoriyalarda, Heydər Əliyev Mərkəzində olduğunu, universitetin yeni görünüşündən, həmçinin kollektivin səmimi münasibətindən məmnun qaldığını bildirdi. Qeyd etdi ki, bu gün Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri kimi cəmiyyətin elmi-intellektual potensialının inkişafına əvəzsiz töhfələr verən Sumqayıt Dövlət Universiteti əldə etdiyi nailiyyətləri ilə ölkənin kadr potensialının formalaşmasına öz müsbət təsirini göstərir. SDU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, təhsilin və nizam-intizam keyfiyyətinin yüksəldilməsi istiqamətində diqqətəlayiq işlər həyata keçirilir. Həmçinin Sumqayıt Dövlət Universitetində şair və yazıçıların, mədəniyyət xadimlərinin yubileyləri yüksək səviyyədə qeyd edilir. İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir də onlardan biridir. Nazir müavini Azərbaycan mədəniyyətində və ədəbiyyatında özünəməxsusluğu ilə seçilən dahi şair İmadəddin Nəsiminin 600 illik yubileyinin ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ümumittifaq respublikaları səviyyəsində qeyd edildiyini, “Nəsimi” filminin çəkildiyini, Prezident cənab İlham Əliyev və Azərbaycanın Birinci-vitse Prezidenti Mehriban xanım Əliyeva tərəfindən də Nəsimi şəxsiyyətinə, yaradıcılığına xüsusi ehtiram göstərildiyini diqqətə çatdırdı.
İmadəddin Nəsiminin yaradıcılığına nəzər salan Məhəbbət Vəliyeva şairin Azərbaycan xalqının XIV yüzillikdə ərsəyə gətirdiyi ən böyük mütəfəkkir şairlərdən və ideya fədailərindən biri olduğunu qeyd edərək, onun İslam Şərqinin hər üç ədəbi dilində əsərlər yazdığını və daha çox Azərbaycan türkcəsində qələmə aldığı ölməz qəzəlləri ilə yaddaşlara həkk olunduğunu bildirdi. Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri olduğunu söylədi. Vurğuladı ki, İmadəddin Nəsiminin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu var.
BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri professor Cəlil Nağıyev çıxış edərək, mütəfəkkir şairin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışdı. Ədəbiyyatımızda fəlsəfi şeirin əsasını qoyan Nəsiminin milli Azərbaycan ədəbi dilinin daha da inkişaf etdirilməsi və onun yeni-yeni söz və ifadələrlə zənginləşdirməsində mühüm rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov “Nəsimi poeziyasının hürufi simvolikası”, həmin kafedranın baş müəllimi Zöhrə Qafarova “Şeirin üsyan səsi: Nəsimi və çağdaş poeziya” mövzusunda məruzələrlə çıxış etdilər. Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs edərək, şairin zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışdılar.
Sonra İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilmiş “Nəsiminin ən yaxşı portreti və qəzəllərinə illüstrasiyalar” mövzusunda rəsm müsabiqəsinin nəticələri elan olundu, qaliblər mükafatladırıldı.
Tədbir Filologiya fakültəsinin tələbələrinin iştirakı ilə ədəbi-bədii gecə ilə davam etdi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az