Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Zərərli vərdişlərə qarşı maarifləndirici tədbir keçirildi
Zərərli vərdişlərə qarşı maarifləndirici tədbir keçirildi
Noyabrın 7-də Sumqayıt Dövlət Universitetində Zərərli vərdişlərə qarşı tələbələr üçün maarifləndirici tədbir keçirildi.
Tədbiri universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq gənclərə siqaret, alkoqol, narkomaniya kimi ziyanlı vərdişlər haqqında geniş məlumat verdi. Bildirdi ki, məqsəd gəncləri siqaret, alkoqol, narkomaniya kimi zərərli vərdişlərdən uzaq tutmaqdır və bu istiqamətdə maarifləndirmə işi təşkil edilir və görüşlər keçirilir, onlara sağlam həyat tərzi aşılanır. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar. Sağlam olmayan orqanizmin sağlam nəsil artımı ola bilməz. Ümumiyyətlə, əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, siqaret, alkoqol, narkomaniya kimi pis vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə zərərli təsirlərinin azaldılması dövlətin əsas prioritetlərindəndir. Prorektor onu da qeyd etdi ki, sağlam, savadlı və zərərli vərdişlərdən uzaq gənclik yetişdirmək dövlət siyasətinin əsasını təşkil edir. Bu gün ölkə başcısı cənab İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq- mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub.
Mülki müdafiə,tibbi və fiziki hazırlıq kafedrasının baş müəllimləri Gülnarə Ələkbərli, “Narkomaniya və onun fəsadları”, İlhamə Şammədova “Siqaretin insan orqanizminə təsiri”, Dilarə Piriyeva “Alkoqolozmin sosial təhlükə və problemləri” mövzusunda gənclərə siqaretin, alkoqolun, narkomaniyanın həyatımıza və ətrafımızdakı insanlara vurduğu zərər, fəsadları, narkomaniya və alkoqol asılılığı ilə mübarizənin yolları haqqında məlumat verdilər.
Bildirdilər ki, hazırda dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu məsələ ilə bağlı ciddi mübarizə aparılır. Bu istiqamətdə atılan məqsədyönlü addımlardan biri də “İctimai yerlərdə siqaret çəkməni məhdudlaşdıran qanun”dur. Qanunda müəyyən yerlərdə siqaret çəkməyin məhdudlaşdırılması ilə yanaşı, siqaretin zərərli təsirləri ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə də geniş yer verilib. Natiqlər qeyd etdilər ki, siqareti hər bir şəxs tərgidə bilər. Bunun üçün heç bir vasitədən istifadə etmək lazım deyil. İnsan iradəsi bu pis vərdişi davam etməmək üçün ən yaxşı vasitədir. Əgər siqaret çəkən şəxs özündə iradə, özünəinam hiss edərsə, bunun öhdəsindən asanlıqla gələ bilər və siqaretdən birdəfəlik yaxa qurtarar.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirildi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az