Əsas səhifə | Xəbərlər | SDU-da Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr olunmuş “Azadlıq mücahidi” adlı elmi seminar keçirildi
SDU-da Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr olunmuş “Azadlıq mücahidi” adlı elmi seminar keçirildi
Noyabrın 15-də Sumqayıt Dövlət Universitetində Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biri, tanınmış publisist və tənqidçi, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş “Azadlıq mücahidi” adlı elmi seminar keçirildi.
Öncə iştirakçılar universitetin foyesində Əhməd bəy Ağaoğlunun əsərlərindən ibarət sərgiyə baxış keçirdilər.
Seminarı universitetin rektoru professor Elxan Hüseynov açaraq, tədbirin Azərbaycan Respublikası Prezidentinin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncamdan irəli gələn tədbirlərin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin Tədbirlər planına əsasən təşkil olunduğunu bildirdi. Rektor mütəfəkkirin həyat yolundan, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas və millət fədaisi kimi fəaliyyətindən danışdı. O, Əhməd bəy Ağaoğlunun milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanındığını söylədi. Onu da qeyd etdi ki, Əhməd bəy daim milli mübarizə hərəkatının önündə olub. Onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məfhumları xüsusi yer tutub. O, 1869-cu ildə Şuşada dünyaya göz açan Ə.Ağaoğlu Fransada təhsil alıb. 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlib, “Kaspi ” qəzetində məqalələr yazıb. O, həmçinin Əli bəy Hüseynzadə ilə birlikdə “Həyat” qəzetini təsis edib və redaktoru olub. Əhməd bəy 1905-ci ildə çar hökumətinə və erməni daşnaklarına qarşı mübarizə aparmaq üçün gizli “Difai” (müdafiə) təşkilatını qurub. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olan ictimai xadim cümhuriyyətin Paris Sülh Konfransında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində yer alıb. Cümhuriyyətin süqutundan sonra digər soydaşlarımız kimi bir daha vətənə qayıda bilməyib. Ə.Ağaoğlu ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün Xarici məsələlər üzrə siyasi məsləhətçisi olub. Azərbaycan Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Əhməd bəy Ağayev Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Rektor Əhməd bəy Ağaoğlunun dərin məzmunlu əsərlərinin Azərbaycan maarifçiliyinə mühüm töhfə olduğunu bir daha vurğuladı. Qeyd etdi ki, 2019-cu ildə Sumqayıt Dövlət Universitetində ölkə başçısı cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq, böyük ədiblərin: Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135, Xalq yazıçısı Mir Cəlal Paşayevin 110, Həmid Araslının 110, İmadəddin Nəsiminin 650 illik və digər görkəmli dahi şəxsiyyətlərin yubileyləri yüksək səviyyədə qeyd olunur.
Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nemət İbayev “Ağaoğlunun gənclərin maariflənməsi yolunda ictimai-siyasi fəaliyyəti”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının dosenti Cavid Məmiyev “Əhməd bəy Ağaoğlunun türkçülük görüşləri” mövzularında məruzə ilə çıxış etdilər. Məruzə ətrafında AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Elmi katibi tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov çıxış etdi. Natiqlər Əhməd bəy Ağaoğlunun mürəkkəb və çətin keçən həyat yoluna dair, xüsusilə onun XX əsrin əvvəllərində turkçülüyün təbliği, islam tarixi, milli şüurun yüksəlişi sahəsində fəaliyyəti ilə bağlı faktları səsləndirdilər.
Tədbirdə tələbələrin Əhməd bəy Ağaoğlunun bədii-fəlsəfi görüşləri əsasında hazırladıqları “Sərbəst insanlar ölkəsində” adlı səhnəcik nümayiş olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az