Əsas səhifə | Xəbərlər | SDU-da “Ümumdünya QİÇS-lə mübarizə günü” ilə bağlı maarifləndirici tədbir keçirildi
SDU-da “Ümumdünya QİÇS-lə mübarizə günü” ilə bağlı maarifləndirici tədbir keçirildi
Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd edilir. Qazanılmış İmmun Çatışmazlığı Sindromu – QİÇS insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. 1988-ci ildə əhalinin immun çatışmazlığı ilə əlaqədar keçirilmiş dünya ölkələrinin səhiyyə nazirlərinin sammitindən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin dəstəyi ilə hər il dekabrın 1-ni Ümumdünya QİÇS-lə Mübarizə Günü elan etdi. Bu gün dünyanın hər yerində əhalinin diqqəti bu problemə yönəldilir, insanlar maarifləndirilir. Bu məqsədlə Sumqayıt Dövlət Universitetində hər il müxtəlif səpgili tədbilər keçirilir, tələbələr maarifləndirilir.
Dekabrın 3-də Sumqayıt Dövlət Universitetində Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzi, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Şəhər bölməsi ilə birgə “Ümumdünya QİÇS-lə mübarizə günü” ilə bağlı “İştirak et və öz İİV statusunu öyrən” devizi altında maarifləndirici tədbir keçirildi.
Tədbirdə Azərbaycan Qzıl Aypara Cəmiyyətinin fövqəladə hallar şöbəsinin müdiri Elşən Səlimzadə, icraçı katibinin müavini, gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova, Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri və universitetin müəllim-tələbə heyəti iştirak etdilər.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov çıxış edərək QİÇS-in pandemiyasını dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biri olduğunu qeyd etdi, narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri həmin sosial bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamılıqla mübarizə aparmağın, yeniyetmə və gənclər arasında maarifləndirmə işlərini daim diqqət mərkəzində saxlamağın, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməyin vacibliyini vurğuladı. Bildirdi ki,İİV/QİÇŞ problemi Azərbaycanda da ən aktual problem olaraq, daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Prorektor ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşıldığını bildirdi, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən və dövlətin dəstəyi ilə gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı ciddi işlər görüldüyündən bəhs etdi, gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırdı.
QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək QİÇS xəstəliyinə qarşı mübarizənin aktual məsələlərdən biri olduğunu söylədi, İİV infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə ətraflı məlumat verdi. Ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən, QİÇS-lə mübarizəyə dair qəbul olunan qanun və proqramlardan danışdı.
Respublika QİCS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov çıxış edərək bildirdi ki, bu ilin 11 ayı ərzində Azərbaycanda 592 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb. Həmin şəxslərin 563 nəfəri (95 %) Azərbaycan vətəndaşı, 29 nəfəri (5%) əcnəbidir: “Qeydiyyata alınan 563 Azərbaycan vətəndaşının 371-i kişi, 192-i qadındır. Dekabrın 1-ə olan məlumata görə, Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onların 69,4 faizi (4701 nəfər) kişi, 30,6 faizi (2073 nəfər) qadındır”. Bu il QİÇS mərhələsinə keçən xəstələrin və xəstəliyin QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfər olub: “İndiyədək QİÇS mərhələsində olanların sayı 1765 nəfər olub. İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1045 nəfər olub. 11 ayın sonuna olan məlumata görə, Respublika QİCS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülən vətəndaşların 41 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 47,8 faizində heteroseksual, 3 faizində homoseksual kontakt nəticəsində, 1, 6 faizində anadan uşağa keçməklə, 0,02 faizində donor qanının köçürülməsi nəticəsində baş verib. 6,6 faizində yoluxma yolu müəyyən edilməkdədir.
Sonra mövzu ətrafında tədbir iştirakçıların sualları cavablandırıldı.
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az