Əsas səhifə | Xəbərlər | “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində tələbələrimizin “Part of me” adlı layihəyəsi sertifikata layiq görüldü
“Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində tələbələrimizin “Part of me” adlı layihəyəsi sertifikata layiq görüldü
Dekabrın 3-də Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin açılış mərasimi keçirildi.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına videomüraciəti təqdim olundu.
Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bu il mötəbər tədbirin uğurlu fəaliyyətinin növbəti yubileyini – 25 illiyini qeyd etdiyini diqqətə çatdırdı. “İKT sahəsində regionun ən önəmli hadisələrindən birinə çevrilən ənənəvi sərgi qabaqcıl texnoloji nailiyyətlərin və innovasiyaların təqdimatına, biznes əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə imkan yaradan platforma rolunu oynayır”, – deyə nazir vurğulayıb. R.Quluzadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı iqtisadi və struktur islahatları aparılır. Dünya Bankı tərəfindən açıqlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı dövləti siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hazırda ölkəmizdə idarəetmədə informasiya texnologiyalarının və innovasiyaların tətbiqi genişləndirilir.
Struktur islahatlarının iqtisadiyyatın yeni inkişaf məqsədlərinə uyğunlaşdırıldığını deyən nazir ölkəmizdə yeni innovasiya ekosisteminin yaradıldığını diqqətə çatdırdı.Vurğuladı ki, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, dövlət başçımız tərəfindən “Hökumət buludu” Konsepsiyası təsdiq edilib. Bu konsepsiya ölkəmizdə dövlət idarəçiliyində və digər fəaliyyət sahələrində bulud texnologiyalarının tətbiqi üçün geniş imkanlar yaradır. R.Quluzadə “Bakutel 2019” yubiley sərgisinin hər il olduğu kimi, iştirakçılar arasında işgüzar əlaqələrin qurulmasına, təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulub. Sərgi Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, işgüzar əlaqələrin qurulması üçün unikal məkandır.
Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) baş katibi Haulin Jao yubiley sərgisinin fəaliyyətini yüksək qiymətləndirdi, Azərbaycanda son illər İKT sahəsində həyata keçirilən islahatları təqdir etdi.
Sərgidə nümayiş olunan Azərbaycan startaplarının məhsulları maraqla qarşılandı. Sərginin açılışını bildirən rəmzi lent kəsildikdən sonra iştirakçılar və ziyarətçilər sərginin pavilyonları ilə tanış oldular.
Qeyd edək ki, yubiley sərgisində 23 ölkədən 238 şirkət iştirak edir. ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı IT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunur. On bir ölkə tədbirə milli pavilyonla qatılmışdır. Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Stendlərdə həm iş, həm də gündəlik həyat üçün “ağıllı” həllər təklif olunur.
“Bakutel” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir. Bu dinamik zonalarda müxtəlif maraqlı tədbirlər keçirildi. “I2B Village” stendində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalının qalibləri və iştirakçıları öz interaktiv layihələrini nümayiş etdirdilər.
Qeyd edək ki, sərgidə Sumqayıt Dövlət Universitetindən Mühəndislik fakültəsinin tələbələri Tayfun Hacılı və Seymur Talıbov təqdim etdikləri “Part of me” adlı layihəyə görə sertifikata layiq görüldülər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az