Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycan tələbə-könüllülərinin Forumu
Azərbaycan tələbə-könüllülərinin Forumu
Dekabrın 10-da Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan tələbə-könüllülərinin Forumu keçirildi.
Tədbirdən əvvəl Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri Fəxri xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoydular.
Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan forumun keçirilməsində məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, onların ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına dəstək göstərməkdən ibarətdir.
Forumda Təhsil naziri Ceyhun Bayramov, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, Millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, 400-dən çox tələbə-könüllü və digər qonaqlar iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Daha sonra tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Forumda açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev könüllülük fəaliyyətini yüksək dəyərləndirərək bildirdi ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tələbələri də könüllülük proqramının üzvüdür. Rektor dedi ki, könüllülər arasında formalaşmış münasibət ancaq uğurlu gələcəyə istiqamətlənib.
Daha sonra forum iştirakçılarını salamlayan Təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyev tərəfindən hər zaman ölkədə gənclər siyasətinə xüsusi diqqət yetirildiyini, tarixi qərarlar qəbul edildiyini diqqətə çatdırdı. Nazir hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verdi. Ceyhun Bayramov daha sonra könüllülük fəaliyyətinin yaratdığı təcrübə və imkanlardan söz açdı. Təhsil naziri bu gün savadlı və hazırlıqlı, innovativ texnologiyalara dərindən yiyələnən, milli dəyərlərə sahib, qloballaşan dünyanın çağırışlarına hazır olan gənc nəslin yetişdirilməsinin Azərbaycan təhsilinin başlıca hədəfi olduğunu vurğuladı.
Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində “Bir” Tələbə-Könüllü Proqramının mühüm yer tutduğunu bildirən Ceyhun Bayramov qeyd etdi ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyəti danılmazdır. Nazirin sözlərinə görə, “Bir” tələbə-könüllüləri beynəlxalq tədbirlərin uğurla keçirilməsinə öz töhfələrini verirlər. Bu isə öz növbəsində növbəti illərdə Azərbaycanda keçiriləcək ölkə və beynəlxalq miqyaslı tədbirlər üçün keyfiyyətli və təcrübəli könüllülər ordusu deməkdir.
Təhsil naziri çıxışının sonunda tələbə-könüllülərə uğurlar arzuladı.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti də öz növbəsində tədbirdə iştirakına görə məmnunluğunu ifadə etdi, könüllülərin fəaliyyətini yüksək qiymətləndirdi.
“Bir” Tələbə-Könüllü proqramı BMT-nin İnkişaf Proqramının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən və könüllülüyü uğurla təbliğ edən ən böyük tələbə-könüllü platforması olduğuna görə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti tərəfindən mükafatlandırılıb.
Tədbir çərçivəsində “Bir” Tələbə-Könüllü Proqramının hesabatı təqdim olundu, həmçinin ilin ən fəal tələbə-könüllüləri mükafata layiq görüldülər. Qeyd edək ki, forumda Sumqayıt Dövlət Universitetinin bir qrup könüllü tələbəsi iştirak etdi.
Tədbir könüllülərin himninin ifası ilə başa çatdı.
Forum Təhsil Nazirliyi və “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilib.
Məlumat üçün bildirək ki, "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 26 ali və 18 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 23000-dən artıq könüllü bazasına sahibdir.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az