Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Valideynlər auditoriyalarda övladları ilə birlikdə mühazirə dinlədilər
Valideynlər auditoriyalarda övladları ilə birlikdə mühazirə dinlədilər
Dekabrın 13-də Sumqayıt Dövlət Universitetində ənənəvi “Açıq qapı günü” keçirildi. SDU-nun rəsmi internet portalında əvvəlcədən yerləşdirilmiş elana uyğun olaraq, “Açıq qapı günü”ndə universitetin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, təhsil alan tələbələrin valideynləri və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak etdilər.
Universitetin rektoru professor Elxan Hüseynov bir qrup valideynlə görüşdü. Bildirdi ki, Azərbaycan Respublikasının hazırkı dayanıqlı inkişafı və hərtərəfli tərəqqisinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, gələcək inkişaf üçün möhkəm təməl yaradılmışdır. Son illər ölkə iqtisadiyyatının dinamik yüksəlişi bütün başqa sahələr kimi, təhsilin inkişafı üçün də əlverişli şərait yaratmış, onun yeni mərhələsi başlamışdır. Ölkənin gələcək inkişafını təmin edəcək təhsil insan kapitalının formalaşmasına xidmət edən ən mühüm sahə olmuşdur. Bu gün Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri kimi cəmiyyətin elmi-intellektual potensialının inkişafına əvəzsiz töhfələr verən Sumqayıt Dövlət Universiteti əldə etdiyi nailiyyətləri ilə ölkənin kadr potensialının formalaşmasına öz müsbət təsirini göstərir. Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, əməkdaşlarımızın maddi rifah halının yaxşılaşdırılması, təhsilin və nizam-intizam keyfiyyətinin yüksəldilməsi, imtahanlarda şəffaflığın təmin edilməsi istiqamətində diqqətəlayiq işlər həyata keçirilir. Müasir tələblərə cavab verən, dünya əmək bazarına çıxa biləcək kadr hazırlamaq üçün mühüm işlər görüldüyünü qeyd edən rektor struktur və tədris proqramları, o cümlədən Tvinninq layihəsi çərçivəsində həyata keçirilən tədbirlər barədə söhbət açdı. Bildirdi ki, universitetimizin Avropa İttifaqı tərəfindən maliyyələşən proqramlarda iştirak etməsi artıq bir ənənənyə çevrilmişdir. Bu da prezident cənab İlham Əliyevin Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində apardığı uğurlu siyasətin və müasir təhsil sahəsinə göstərdiyi dövlət qayğısının bariz nümunəsidir. Rektor həmçinin universitetin beynəlxalq əlaqələrindən söhbət açaraq bildirdi ki, beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayaraq, Xəzəryanı Dövlət Universitetləri və Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyalarının üzvü olmuşdur. Assosiasiyanın təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay məktəbi təşkil olunmuşdur.Tələbə Yay məktəbində Rusiya Federasiyası və respublikamızın ali təhsil müəssisələrindən ümumilikdə 70-ə yaxın tələbə və müəllim iştirak etdi. Assosiasiya çərçivəsində SDU-nun rəhbər işçiləri, alimləri, tələbələri dəfələrlə keçirilən forumlarda, tələbə forumlarında iştirak etmişlər. Eyni zamanda rusiyalı alimlər SDU-da təşkil olunan elmi konfranslarda iştirak edir, elmi-tədqiqat işlərinin nəticələrini qarşılıqlı olaraq “Elmi xəbərlər” jurnallarında nəşr etdirir, vaxtaşırı olaraq tələbələrə məharət dərsləri keçirlər. Bu da universitetimizin beynəlxalq reytinq cədvəllərində mövqeyinin yüksəlməsindən və böyük nüfuza malik olmasından xəbər verir.
Rektor onu da diqqətə çatdırdı ki, bu il Sumqayıt Dövlət Universitetində bütün tədris binalarında təmir işləri uğurla başa çatdırılmış, bir çox fakültələrdə yeni tədris laboratoriyaları istifadəyə verilmişdir. Tədris prosesini daha da mükəməlləşdirmək, maddi-texniki bazanı inkişaf etdirmək məqsədilə müasir tədris laboratoriyaları üçün yeni qurğular alınmışdır. Yaradılan laboratoriyalar tələbələrin bilik və bacarıqlarının artırılmasında, onların yüksəkixtisaslı kadr kimi formalaşmasında böyük rol oynayır.
Valideynlər də yaradılan şəraitə görə rektor professor Elxan Hüseynova dərin minnətdarlıqlarını bildirdilər, universitetin gündən-günə artan nüfuzunun daha da möhkəmlənməsində uğurlar, müvəffəqiyyətlər arzuladılar.
Sonra valideynlər auditoriyalarda övladları ilə birlikdə mühazirə dinlədilər. Onlar Kimya və biologiya fakültəsinin Neft kimyası və kimya mühəndisliyi kafedrasında tələbələrin nəzəri biliklərini, müasir xromotoqraf qurğusu üzərində təcrübələrinin tətbiqi prosesini izlədilər. Tarix və coğrafiya, Filologiya, İqtisadiyyat və idarəetmə fakültələrində yaradılan fənn kabinetlərində, Mühəndislik fakültəsində, Fizika və elektroenergetika fakültəsində və açıq səmada elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlikli yarımstansiya Tədris poliqonu ilə, tələbələrin dil biliklərini təmannasız artırmaq üçün Linqvistik Mərkəzin fəaliyyəti, Heydər Əliyev Mərkəzi, Elmi kitabxana, idman zalı, süni örtüklü futbol, voleybol, badminton və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər ilə tanış oldular.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az