Əsas səhifə | Xəbərlər | “SOCAR Polymer” şirkətinin direktoru vəzifəsini icra edən Fuad Əhmədov SDU-nun tələbələri ilə görüşdü
“SOCAR Polymer” şirkətinin direktoru vəzifəsini icra edən Fuad Əhmədov SDU-nun tələbələri ilə görüşdü
Dekabrın 16-da Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “SOCAR Polymer” şirkətinin direktoru vəzifəsini icra edən Fuad Əhmədov tələbələrlə görüşdü.
Görüşdə Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov qonağı və tədbir iştirakçılarını salamladı, universitetin fəaliyyətindən, təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan söhbət açdı və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi. Bildirdi ki, qurulan hər bir əlaqə, imzalanan hər bir müqavilə münasibətlərin gələcək perspektivlərini müəyyən edir. Prorektor universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs edərək, ölkə üçün peşəkar mütəxəssislərin hazırlanmasında birgə əməkdaşlığın vacibliyini vurğuladı.
Bildirdi ki, universitetimiz bir çox müəssisələrlə əməkdaşlıq müqaviləsi imzalayıb, bunun nəticəsi olaraq tələbələrimiz ixtisaslarına uyğun təcrübədə olurlar.
“SOCAR Polymer” şirkətinin direktoru vəzifəsini icra edən Fuad Əhmədov səmimi qəbula görə təşəkkür etdi və rəhbərlik etdiyi müəssisə haqqında geniş təqdimatla çıxış etdi, Azərbaycan Kimya Sənayesi üçün mühüm əhəmiyyət kəsb edən müəssisədə görülən işlər və həyata keçirilən layihələr, Yay təcrübə proqramının qəbul qaydaları, seçim turları, tələbələrin biliklərinin yoxlanması üçün təşkil olunan imtahanlar və tələb olunan keyfiyyətlər haqqında geniş məlumat verdi, tələbələrin çoxsaylı suallarını cavablandırdı.
Tələbələrlə görüşdən sonra universitetin rektoru professor Elxan Hüseynov “SOCAR Polymer” şirkətinin direktoru vəzifəsini icra edən Fuad Əhmədovu qəbul etdi. Rektor ölkəmizdə son vaxtlar həyata keçirilən islahatlardan danışdı. Bildirdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən dinamik inkişaf, müasir texnologiyalarla təchiz olunmuş zavod və fabriklərin nəinki Bakıda, eləcə də regionlarda açılması universitetlərin məsuliyyətini daha da artırır. Çünki yeni açılan zavodların daha səmərəli fəaliyyəti üçün bilikli, müasir texnologiyaları mənimsəyən kadrlar lazımdır. Bu kadrların hazırlanmasına da universitetin sənaye müəssisələrinin dəstəyi ilə daha yaxşı nail olmaq olar. Rektor hazırda ali təhsil ocağının bir çox müəssisələrlə səmərəli tədris əlaqələrinə malik olduğunu diqqətə çatdıraraq, bu təşəbbüsün birgə ixtisaslı kadrların hazırlanması işinə töhfə verəcəyinə əminliyini bildirdi. SDU-da sənaye müəssisələri ilə əlaqələrə xüsusi önəm verildiyini bildirən rektor professor Elxan Hüseynov əsas məqsədin ölkə üçün savadlı mütəxəssislərin yetişdirilməsi olduğunu vurğuladı.
Təmsil etdiyi müəssisə haqqında qısa məlumat verən “SOCAR Polymer” şirkətinin direktoru vəzifəsini icra edən Fuad Əhmədov tərəflərin birgə əməkdaşlığı üçün kifayət qədər imkan olduğunu bildirdi. Müəssisələr arasında əlaqələrin güclənməsinin əhəmiyyətini qeyd edən qonaq bundan sonra əməkdaşlığın daha da genişləndirilməsindən bəhs etdi. Bildirdi ki, bizim istedadlı gəncələrə böyük ehtiyacımız vardır və onların iş təcrübələrinə cəlb olunması çox vacibdir.
Görüş iştirakçıları “SOCAR Polymer” şirkəti və universitet arasında potensial əməkdaşlıq imkanlarını müzakirə etdilər. Gələcəkdə imzalanacaq əməkdaşlıq müqaviləsində birgə elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, iqtisadiyyatyönümlü ixtisaslar üzrə bakalavr səviyyəsində təhsil alanların istehsalat və magistrantların elmi-tədqiqat təcrübələrinin, ekskursiyaların, treninqlərin, seminar, dəyirmi masa, konfrans və forumların təşkili, təlim və kursların keçirilməsi, professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılması üçün müvafiq şəraitin yaradılması, dərs vəsaitlərinin, monoqrafiyaların hazırlanması məsələləri öz əksini tapmalıdır.
 
Mətbuat xidmət
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az