Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “ Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyinin yaradıcısı kimi” mövzusunda məşğələ
SDU-da “ Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyinin yaradıcısı kimi” mövzusunda məşğələ
Dekabrın 26-da Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyinin yaradıcısı kimi” mövzusunda məşğələ keçirildi.
Rektor professor Elxan Hüseynov tədbiri giriş sözü ilə açaraq dünya azərbaycanlılarının birlik və həmrəyliyindən, o cümlədən ölkəmizin əldə etdiyi uğurlardan söz açdı. Rektor azərbaycançılıq və milli həmrəylik ideyalarının təşəkkül tarixindən, əhəmiyyətindən danışaraq vurğuladı ki, ümummilli lider Heydər Əliyev xalqımızın milli həmrəyliyə nail olmasında, dünyada Azərbaycan diasporunun formalaşmasında və təşkilatlanmasında misilsiz xidmətlər göstərib.
1990-cı il iyulun 22-də Ulu öndər Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması Azərbaycan xalqının və dövlətçiliyinin tarixi taleyində dönüş nöqtəsi oldu. Bu qayıdış Vətənin məşəqqətli və böhranlı günlərində xalqla bir yerdə olmaq inamının ifadəsinin və obyektiv tarixi zərurətin təntənəsinə çevrildi. 1991-ci il dekabrın 16-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi “31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarla bu gün artıq yüksəliş mərhələsini yaşayan dünya azərbaycanlılarının vahid bayraq altında birləşməsi prosesinin əsası qoyuldu. Ölkənin qüdrətinin yalnız siyasi və iqtisadi resurslarla yox, xaricdə formalaşdırdığı diaspor və lobbiçilik fəaliyyəti ilə də ölçüldüyünü qeyd edən dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində bu istiqamətdə mühüm tədbirlər həyata keçirildi. Məhz xalqımızın böyük oğlunun təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyin ən yüksək zirvəsi, diaspor quruculuğu sahəsində həlledici mərhələnin başlanğıcı oldu. Rektor onu da vurğuladı ki, Ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanmışdır. Hazırda dövlət başçısının gördüyü işlər, həyata keçirilən siyasət Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Rektor çıxışının sonunda bir daha kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik etdi, uzun ömür, möhkəm cansağlığı və firavan günlər arzuladı.
Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva “Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyinin yaradıcısı kimi”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının məsləhətçi professoru Prezident təqaüdçüsü, fəlsəfə elmləri doktoru Həsən Sadıqov “Azərbaycan diasporunun təşkilatlanmasında Heydər Əliyevin rolu”, Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Aytəkin Məmmədova “Milli həmrəyliyimizin möhkəmləndirilməsində dünya azərbaycanlılarının qurultayları”, Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova “Milli həmrəylik siyasəti Prezident İlham Əliyev dövründə”, Filologiya fakültəsinin III kurs tələbəsi Nəzrin Adıgözəlzadə “Milli həmrəylik siyasətinin həyata keçirilməsində Heydər Əliyev fondunun fəaliyyəti” mövzularında çıxış etdilər. Bildirdilər ki, hər il dekabrın 31-də azərbaycanlıların yaşadığı bir çox xarici ölkələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi geniş qeyd edilməsi onu sübut edir ki, artıq Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan birlik və həmrəylik hərəkatı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasına xidmət edən çox mühüm amillərdən birinə çevrilib. Bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var.
Tədbirin sonunda Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin həyatının, irsinin dərindən öyrənilməsi və təbliği məqsədilə tələbələr arasında keçirilən «Ən yaxşı məqalə» müsabiqəsində yer tutan qaliblər rektor professor Elxan Hüseynov tərəfindən pul mükafatı və Fəxri Fərmanlarla təltif olundular.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az