Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsinin məzunları 35 ildən sonra görüşdülər
Kimya və biologiya fakültəsinin məzunları 35 ildən sonra görüşdülər
Dekabrın 21-də Sumqayıt Dövlət Universitetinin Kimya texnologiya ixtisasını 1984-cü ildə bitirmiş məzunları 35 ildən sonra bu doğma təhsil ocağında yenidən toplaşaraq bir-birləri ilə görüşdülər. Bir daha bu günlərin bəhrəsində əziyyətləri olmuş müəllimlərini yad edərək, auditoriyada oturub, tələbəlik anlarını yaşadılar, ağarmış saçlarla ötən gənclik illərini ən kövrək hisslərlə xatırladılar.
Məzunlar öncə universitetin rektoru professor Elxan Hüseynovla görüşdülər. Rektor məzunları bir arada görməkdən məmnunluğunu ifadə etdi və bildirdi ki, vaxtilə universitetdə təhsil alan gənclərin əksəriyyəti bu gün ölkəmizdə müxtəlif vəzifələr tutan, müəyyən mövqeyə malik olan ixtisaslı, peşəkar kadrlardır.
Sonra məzunlar Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradovla görüşdülər. Dosent Mahal Muradov fakültəsinin keçən müddət ərzində qazandığı uğurlardan, maddi-texniki bazanın möhkəmləndirilməsindən, təhsilin dünya standartlarına çatdırılması üçün görülən işlərdən, xarici əlaqələrin genişləndirilməsindən bəhs etdi. O, məzunların uğurlarını alqışlamaqla bərabər, fakültənin ən gözəl ənənələrinin bu gün də davam etdirməsini xüsusilə vurğuladı. Məzunlar auiditoriyaları gəzdikcə universitetin son dərəcədə dəyişdiyinə şahid oldular. Laboratoriyaların yenidən qurulması, geniş tədqiqat imkanlarına malik yeni tipli laboratoriyanın yaradılması onlarda iftixar hissi yaratdı.
Məzunlar illər öncə əyləşdikləri auditoriyada oldular. SDU-nun Ekologiyası kafedrasının baş müəllimi Gülayə Seyidova, Sosial Təminat Nazirliyinin idarə rəisi Miryusif Seyidov, Etilen-Polietilen zavodunun direktor müavini Nafiq Beydullayev, “Rabitəsənaye”MMC-nin direktoru İlqar Məmmədov, Bakı Qida Yağ fabrikinin sahə müdiri Sahib İsgəndərov, Bakı şəhər 115 saylı tam orta məktəbin müəllimi Nəcibə Yusifova, SOCAR-ın təhlükəsizlik üzrə mühəndisi Mehparə Kərimova, Maliyyə şöbəsinin audit yoxlama üzrə mütəxəssisi Səməd İbrahimov, kimya müəllimi Bəsti Hacıyeva, Üzvi sintez zavodunun texniki şöbə rəisi Məqsudə Quliyeva, həmin zavodun təbiətin mühafizəsi üzrə mühəndisi Rəfiqə Həsənova və başqaları tələbəlik illərini kövrək xatirələrlə yad edərək, sonda göstərdikləri diqqətə görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az