Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Xarici dil müəllimliyi (ingilis dili) ixtisasının pilot akkreditasiyası keçirildi
Xarici dil müəllimliyi (ingilis dili) ixtisasının pilot akkreditasiyası keçirildi
Yanvarın 16-da Sumqayıt Dövlət Universitetində Təhsil Nazirliyi ilə Avropa Komissiyasının birgə “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı TVİNNİNQ layihəsi çərçivəsində Xarici dil müəllimliyi (ingilis dili) ixtisasının pilot akkreditasiyası keçirildi.
Görüşdə yerli və xarici ekspertlər: Fransa Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin Keyfiyyət Təminatı Agentliyinin mütəxəssisi Michelle Houpe, Strasburq Universitetinin təqaüddə olan professoru Eckhart Hoetzel, Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici dillər kafedrasının dosenti Sevinc Ələkbərzadə, ADA Universitetinin keyfiyyətin təminatı üzrə eksperti Sevinc Cəfərova, Xarici dil təmayüllü Gimnaziyanın ingilis dili müəllimi Şəhla Rəhmanova , ADA Universitetinin magistrantı Nərmin Xəlilova və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin mütəxəssisi Könül Fətiyeva, və TVİNNİNQ layihəsinin Azərbaycanda koordinatoru Lisa Budanova iştirak etdilər.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov xarici və yerli ekspertləri salamladı, universitetin fəaliyyəti, struktur və tədris proqramları, o cümlədən TVİNNİNQ layihəsi çərçivəsində görülən işlərdən bəhs etdi.
Sonra pilot ixtisas kimi seçilmiş Filologiya fakültəsinin Xarici dil müəllimliyi (ingilis dili) ixtisasının təhsil proqramının özünüqiymətləndirmə hesabatının müzakirəsi aparıldı.
Ekspertlər universitetin rəhbərliyi, özünütəhlil qrupunun üzvləri, professor-müəllim heyəti, tələbələr, məzunlar, işəgötürənlərlə müsahibələr apardı. Filologiya fakültəsinin mühazirə otaqları, auditoriyaları və Xarici dil müəllimlərinin hazırlanmasında xüsusi yeri olan linqafon otaqları ilə tanış oldular, fakültənin elmi kitabxanasındakı təhsil resurslarına baxış keçirdilər.
Müsahibələrdə ekspertlər Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə aparılan özünütəhlil hesabatının analizi, özünütəhlil qrupunun iş prosesində rastlaşdığı problemlər, qazanılan təcrübə ilə maraqlandılar. Onlar bildirdilər ki, ixtisasın özünütəhlili yüksək səviyyədə aparılmış, zəif və güclü cəhətləri araşdırılmış və problemlərin həlli istiqamətində təkliflər irəli sürülmüşdür. Özünütəhlil qrupunun üzvləri 2014-2015-ci tədris ilindən Xarici dil müəlllimliyi ixtisası üzrə tələbə qəbuluna başlayan Sumqayıt Dövlət Universitetinin qarşıya qoyulmuş hədəfləri və təlim nəticələrini əsasən əldə etdiyini və son 5 ildə aparılan məqsədyönlü işlərin, o cümlədən maddi texniki bazanın gücləndirildiyini qeyd etdilər.
Ekspertlər universitetin strateji istiqamətləri üzrə uğurla idarə edilməsini, tədris proqramları, elmi-tədqiqat fəaliyyəti, insan resursları, tələbələrlə iş, təlim resursları və tələbələrə dəstək istiqamətləri üzrə göstəriciləri yüksək qiymətləndirdilər, tələbələrin hazırcavab, bacarıqlı və motivasiyalı olduqlarını qeyd etdilər.
Məzunlar və işəgötürənlərlə görüş də maraqlı keçdi və komissiya üzvlərində xoş təəssürat yaratdı. Onların potensialından daha çox istifadə olunması tövsiyə olundu. Məzunlarımız və qonaqlarımız şəhərimizdə olan yeganə universitetlə fəxr etdiklərini, burada aparılan köklü dəyişiklikləri dəstəklədiklərini bildirdilər.
Qeyd edək ki, ekspertlər yaxın vaxtlarda ətraflı hesabatı hazırlayaraq, Təhsil Nazirliyinə və universitetə təqdim edəcəklər.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az